Bakıda Dayanaqlı moda: Tekstilin gələcəyi sərgisi açılıb

11 İyun 2021 14:26    5940 Baxış   
Bakıda Dayanaqlı moda:  Tekstilin gələcəyi sərgisi açılıb


Ümumdünya Ətraf Mühit Günü münasibəti ilə ( 5 iyun) İsveçin Azərbaycandakı səfirliyi “Azərxalça” ASC və Daş Salnamə Muzeyi ilə birlikdə “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılışını keçirib.

Sərgi İsveç İnstitutu tərəfindən tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə hazırlanıb. Moda sənayesinin əsas problemlərinin işıqlandırıldığı sərgidə daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən həll yolları və təşəbbüslər nümayiş olunur.

Tədbirdə çıxış edən “Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov ölkəmizdə xalçaçılığa olan marağın artdığını söyləyib. O, bildirib ki, səhmdar cəmiyyətinin Azərbaycan üzrə fəaliyyət göstərən 21 emalatxanasında 1 300-dən çox toxucu çalışır: "Azərbaycan xalçası bizim mədəniyyətimiz, tariximiz və gələcəyimizdir. Buna görə də “Azərxalça” gənc və istedadlı rəssamlarla əlaqələr qurur və yeni çeşnilərin yaradılması istiqamətində işlər görür".

İsveçin Azərbaycandakı səfiri Kristian Kamill tədbirin əhəmiyyətindən və moda sənayesinin ətraf mühitə təsirindən danışıb. Səfir deyib ki, moda sənayesi dünyada ətraf mühiti ən çox çirkləndirən sahələrdən biridir: “Hər il dünyada istehlak etdiyimiz 62 milyon ton geyimin yalnız 20%-ni təkrar istifadə və yaxud təkrar emal edirik. Sərgi həm istehsalçıların, həm də istehlakçıların paltarların və onların komponentlərinin təmirini, təkrar hazırlanmasını, təkrar istifadəsini və təkrar emalını maksimum dərəcədə artırmaqla moda sənayesinin ətraf mühitə arzuolunmaz təsirlərini minimuma endirə biləcəyi yolları izah edir”.

Tədbirdə, həmçinin Azərbaycan xalçalarının yeni yaradılmış dizayn nümunələri rəqəmsal formatda nümayiş olunub. Azərbaycanlı rəssam Orxan Məmmədovun söylədiyi kimi onun təqdim etdiyi çeşnilər kompüter vasitəsilə yaratdığı xüsusi alqoritmlərin sayəsində ərsəyə gəlib.

Sərgidə qonaq rəssamlar Lüdmila Kristeseva (İsveç) və Günel Ravilovanın (Azərbaycan) əsərləri də nümayiş olunub. Rəssamlar multimediya dialoqu ilə iki fərqli görqnüşdə moda, tekstil və ekologiya mövzusunda iki fərqli perspektiv təqdim edərək, qadının şəxsiyyət kimi formalaşmasında tekstilin rolunu təyin etməyə çalışıblar.

Nailə Dadaşova isə öz işlərində Azərbaycan xalça sənətinin zənginliyindən istifadə edib. Dizayner Qarabağ kiliminin hissələrindən, eləcə də xalça ornamentlərindən geyimlərində detallar kimi istifadə edib. Onun əl işlərinin birində “qurama” texnikası ilə tikilmiş şal görmək olar. Bu texnika çox qənaətcil və eyni zamanda gözəl olan kiçik parça hissələrindən bütöv geyim və əşyalar yaratmağa imkan verir.

Sərgi 11 iyun- 9 iyul Daş Salnamə Muzeyində sənət sevərlərin ixtitiyarındadır. Giriş ödənişsizdir.

Günel Həsənova




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar