Bakıda koronavirusu həkimlər yayır - FOTOFAKT

11 İyun 2020 16:58    6634 Baxış   
Bakıda koronavirusu həkimlər yayır -  FOTOFAKT
"Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda neqativ hallar durmadan artmaqdadır. Qeyd edim ki, institutda tibb işçiləri arasında COVİD-19 infeksiyasına yoluxma halları geniş və arzuedilməz vüsət halını alıb. Buna baxmayaraq, institut rəhbərliyi tərəfindən bu barədə biganəlik, işə vicdansız yanaşma və səriştəsizlik meyilləri öz real qüvvəsini qoruyub saxlayır".

Dominant.az-a bunu ictimai vəkil Samir Zeynalov bildirib.

O, fikirlərini əsaslandırmaq üçün bir neçə fotofakt da təqdim edib: "Şəkildə gördüyünüz qara xələtdə olan şəxs Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Konsultativ-Poliklinika şöbəsinin müdiri, Həqiqət Qədirovanın sağ əli Nailə Mahmudova, digər şəxs isə COVİD-19 infeksiyasına yoluxmuş pasiyentdir. Bu barədə özlərinin təşəbbüsü ilə dərc edilmiş "Öləcəyimi düşünürdüm- Koronavirus xəstəsi yaşadıqlarını anlatdı" başlıqlı məqalədə etiraf faktı da mövcuddur".

"Gördüyünüz kimi, bu şəxs, maska xaric COVİD-19 xəstələri ilə təmas şəraitində tibb işçiləri üçün müəyyən edilmiş qoruyucu geyim vasitələrindən istifadə etməyərək tam arxayın şəkildə palataya daxil olaraq xəstə ilə təmasda olur. Bu isə bilərəkdən kobud qayda pozuntusudur ki, bu da virusun yayılma riskinə rəvac verən münbit səbəbdir.

Pandemiya ilə mübarizə dövründə qoyulan tələblərə, verilən tövsiyyələrə baxmayaraq, belə bir biyabırçılığı özündə əks etdirən qəsdli əməl həm Azərbaycan xalqına, həm də dövlətimizə - onun gördüyü tədbirlərə xəyanət deyil, bəs nədir?!", - deyə S.Zeynalov vurğulayıb.

Samir Zeynalovun iddialarına aydınlıq gətirmək üçün adı hallanan həkim Nailə Mahmudova ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, şəkildəki koronaviruslu xəstə olmayıb: "O xəstənin bizdə iki analiz cavabı var idi, hər ikisində də cavab neqativ çıxmışdı, pozitiv cavab yox idi. Bu barədə məndən TƏBİB-dən də soruşdular, onlara da eyni cavabı verdim".

Qeyd edək ki, 24 aprel 2020-ci il tarixdə sözügedən tibb müəssisəsində sanitar-karantin qaydalarının kobud sürətdə pozulmasına görə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) tərəfindən xəstəxana rəhbərliyinə xəbərdarlıq edilib.

Ümid edirik ki, TƏBİB bu məsələni də nəzarətə götürəcək və lazımi tədbir görəcək.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar