BAMF-ın təşkilatçılığı ilə AzTV-də “Səngər adamları” kitabının təqdimatı keçirilib - VİDEO

27 Dekabr 2021 20:57    120 Baxış   
BAMF-ın təşkilatçılığı ilə AzTV-də “Səngər adamları” kitabının təqdimatı keçirilib -   VİDEO

“Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə “Səngər adamları” adlı kitabın təqdimatı keçirilib.

EDNews.net-in məlumatına görə, tədbirdə ölkənin tanınmış imza sahibləri, politoloqlar, millət vəkilləri, media rəhbərləri və istər 44 günlük 2-ci Qarabağ savaşı dövründə, istərsə də 30 illik işğal zamanı Ermənistanın Azərbaycana qarşı haqsız müharibəsində canlarını fəda etmək uğrunda qələmini silaha çevirən azərbaycanlı jurnalistlər, eləcə də bu yolda canından keçib şəhidlik zirvəsinə ucalan söz sahiblərinin yaxınları iştirak ediblər.

“Səngər adamları” kitabında adları qeyd olunan media mənsubları illərdir Qarabağ bölgəsinə ezam olunmuş həmkarlarımızdır. Eyni zamanda, kitabda 1-ci və 2-ci Qarabağ savaşında şəhid olan jurnalistləri anılıb. Hər iki savaşda və 30 illik işğal dönəmində sözün hər mənasında qələmini silah edib, canını fəda etməyə hazır bir çox jurnalistlərimiz olub. Mirşahin Ağayev, Kamil Eldaroğlu, Mahir Məmmədli, İlqar Mikayıloğlu, Vüsal Qaraca, Anar Şuşalı, Ayşəm Rüstəmova, İbrahim Həşimov, Elmin Bayramlı, Ramal Abdullayev, İslam Əşrəfov, İsmayıl Əmirov, Əhməd Məmmədov, Heydər Mirzə və başqa onlarla həmkarımız səngər adamları olmağı şərəf biliblər.

Təqdimatı giriş sözü ilə açan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov öncə kitabın ərsəyə gəlməsində əziyyəti olan şəxslərə, “Səngər adamları”nın təqdimatını öz üzərinə götürən BAMF və təşkilatın rəhbəri Umud Mirzəyev, eləcə də qonaqlara təşəkkürünü çatdırıb. O, şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif edib.

Daha sonra Rövşən Məmmədov iyunun 4-də Kəlbəcər ərazisində çəkiliş aparan zaman düşmən minasına düşərək həlak olan AzTV-nin operatoru Sirac Abışov barəsində danışıb: “Sirac özünü bu işə həsr etmişdi. Ona dəfələrlə zəng etməyimizə baxmayaraq, Bakıya qayıtmırdı. Hələ işlərinin olduğunu deyirdi. Gedən bizdən gedir, amma özündən sonra tarix buraxır. Televiziyanın həyətində guşəmizdə onların adı çəkilir, hər zaman onları anırıq”.

O, tədbirdə iştirak edən jurnalistlərə üzünü tutaraq “Sizlərlə qürur duyuruq, siz canlı örnəksiz. Bugünkü tədbir dəryada damladır, çalışdıq öz borcumuzu verək. Çox sevinirik ki, “Səngər adamları” kitabında jurnalistlərimizin fəaliyyəti əbədiləşdirilir. Bu monoqrafiyanın ərsəyə gəlməsində rolu olan şəxslərə təşəkkür edirəm” deyib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev tədbir iştirakçılarına təşəkkür edərək, jurnalistlərin bütün bu 30 il ərzində səngərdə olduqlarını bildirib: “Qarabağ savaşında 12 jurnalist şəhid olub. Həlak olanlardan ikisi əcnəbidir. Jurnalistlər xəbərləri əldə etməyin çətin olduğu bir vaxtda belə, dünyanın müxtəlif media kanallarına məlumatlar ötürürdülər. Azərbaycan jurnalistləri həqiqətləri dünyaya çatdırmaqla, səngərdəki əsgərlər qədər iş görüblər. Biz də kitabı Qarabağ bölgəsində fəaliyyət göstərən jurnalistlərə həsr etdik”.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov öncə BAMF Prezidenti Umud Mirzəyevə təşəkkür edib: “Umud Mirzəyevin gördüyü iş ölçüyəgəlməzdir. O, həqiqətləri dünyaya çatdırmaq üçün bu illər ərzində onlarla jurnalisti cəbhə bölgəsinə aparıb. BAMF-ın təşəbbüsü və dəstəyi ilə “Əl-Cəzirə” kimi ünlü bir telekanal Qarabağdan 5 film çəkib”.

Ə.Amaşov Qarabağ savaşında AzTV-nin müstəsna fəaliyyətindən də söz açıb: “Xarici telekanallar, siyasətçilər Qarabağla bağlı dünyaya məlumat ötürməkdən ötrü istinad kimi AzTV-dən istifadə ediblər. 44 günlük müharibədə AzTV-nin hər bir əməkdaşı əsgər kimi vuruşdu. İkinci Qarabağ müharibəsinin şəhidləri arasında jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun da adları var. 44 günlük müharibədə 27 azərbaycanlı jurnalisti döyüş bölgəsində idi. Bu kitab onların əməyinə verilən qiymətin bir başlanğıcdır. Əminəm ki, bunun ardı gələcək, bu kitab jurnalistika fakültəsində dərs vəsaiti kimi istifadə olunacaq”.

"Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rəy Kərimoğlu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib: “İlk növbədə kitabın hazırlanmasında təşkilatçı olan BAMF Prezidenti Umud Mirzəyev və tərtibatçı Şöhrət Eyvazova təşəkkür edirəm. Əminəm ki, gələcəkdə daha böyük kitablar olacaq. Bu kitab birbaşa cəbhədə olan jurnalistlər haqdadir. Amma onlardan savayı yüzlərlə jurnalist arxa cəbhədə informasiya cəbhəsində vuruşub”.

Millət vəkili Azay Quliyev bildirib ki, “Səngər adamları” kitabında da qeyd edildiyi kimi şəhidlər vurulanda yox, unudulanda ölürlər: “Prezidentin bizi qələbəyə aparan missiyanı uğurla başa çatdırmasında haqqında danışdığımız jurnalistlərin də rolu var”.

O, BAMF prezidenti Umud Mirzəyevin QHT rəhbəri olaraq beynəlxalq təşkilatlar ilə qarşılıqlı fəaliyyətini yüksək qiymətləridirdiyini və dəstəklədiyini deyib, bu işdə vətəndaş fədakarlığının önəmli olduğunu vurğulayıb. Millət vəkili bildirib ki, qarşımızda Qarabağ bölgəsində quruculuq fəaliyyəti durur: “Həmçinin, informasiya müharibəsi də bitməyib. Biz bu sahədə cənab Prezidentin ətrafında birləşməliyik”.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə şəhid jurnalistlərin və onların timsalında bütün şəhidlərin müqəddəs ruhu və onların ailələri qarşısında baş əydiyini deyib: “44 günlük savaşda əsrlər boyu yaşayacaq bir tarixə imza atdıq. İnsanlarımız Prezidentin “Dəmir yumruq”nun ətrafında sıx birləşərək ön və arxa cəbhədə vətəndaşlıq mövqeyi nümayiş etdirdilər. Zaman keçəcək, şəhid jurnalistlər haqda filmlərin çəkildiyinin, povest və oçerklərin yazıldığının şahidi olacağıq”.

Medianın İnkişafı Agentliyinin əməkdaşı Səbinə Seyidova bildirib ki, bu cür kitabların ərsəyə gəlməsi və filmlərin çəkilməsi şəhid jurnalistlərin ruhuna ehtiram və hörmət əlamətidir: “Filmlərdə jurnalistlərin kadr arxası fəaliyyətini görürük. Jurnalistlərimizin fəaliyyəti millətimizin xarakterini göstərdi. Onların ailələri bilməlidir ki, jurnalistikamız yaşadıqca onlar da yaşayacaq”.

Şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova bildirib ki, jurnalistin şəhidliyi həm də təmsil etdiyi qurumun şəhidliyidir: “Azərbaycan xalqı şəhid jurnalistlərin adlarını adbaad tanıyır. Bu gün jurnalistlərin hər biri mübarizə aparır. Bu yaxınlarda “Səngər adamları” kitabının tərtibçisi, İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazovla Raquf Orucovun məzarını ziyarət etdik. Şöhrət bəy mənim üçün dəyərli insandır. İkinci Qarabağ müharibəsi dövründəki jurnalistlərimizin fəaliyyətləri gəncliyimiz arasında izlər buraxacaq. Bu gün başı dik gəzirik və əminəm ki, Çingiz Mustafayevin, Salatın Əsgərovanın, Alı Mustafayevin ruhu bu gün şaddır”.

AZƏRTAC-ın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək şəhid olan müxbiri Məhərrəm İbrahimovun qardaşı isə bildirib ki, jurnalistika sahəsində çalışanlar bir çox çətinliklərlə üzləşirlər: “Mən qürurluyam. Hamımız nə zamansa vətən üçün şəhidik. Milli qeyrət həmişə öndə olmalıdır”.

O, şəhidlərin adının əbədiləşdirilməsi üçün təklif də irəli sürüb: “Kəlbəcərdə həm turistik baxımdan, həm dünya ictimaiyyətinə çatdırılması baxımdan onların adının əbədiləşdirilməsi mümkündür. Gözlədiyimiz təsəllini verdiyi üçün Rövşən Məmmədova təşəkkür edirik. Ümid edirəm, Məhərrəmin doğulub boya-başa çatdığı Göyçə mahalını Azərbaycanın tərkib hissəsi kimi görəcəyik”.

BAMF Prezidenti Umud Mirzəyev əlavə edib ki, regionlarda fəaliyyət göstərən qəzetlərimizin də şəhid əməkdaşları var: “Regionlarda əvvəl 100-dən çox jurnalist həmkarımız vardı ki, bu dövrdə xeyli çətinliklər görərək həyatlarını dəyişdilər. Füzulidə jurnalist Zibeydə Hacıyeva valideynləri ilə birlikdə minaya düşərək həlak olub”.

Çıxış edən Zibeydə Hacıyevanın əmisi oğlu Samir Yuniszadə bildirib ki, Zibeydə “Araz” qəzetində baş redaktor olub: “O, “Füzuliyə ilk ayaq basan jurnalist mən olacam” deyirdi. “Böyuk qayıdış” məqaləsi üçün ora getmişdi. Məqaləni özü tamamlaya bilmədi. Arzu edirəm ki, bütün jurnalistlər öz məqaləsini özü tamamlasın”.

Umud Mirzəyev sonda tədbirin təşkilində göstərdiyi köməyə görə AzTV-nin sədri Rövşən Məmmədova, eləcə də tədbirin ərsəyə gəlməsində xüsusi əməyi olan Günel Gözəlovaya təşəkkür edib.

Sonra Azərbaycan Televiziyasının həyətində 1-ci və 2-ci Qarabağ müharibəsi dövründə şəhid olan jurnalistlərin xatirə lövhəsi ziyarət edildi.

Qeyd edək ki, kitab 162 səhifədən ibarətdir. “Səngər adamları”nın ideya müəllifi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, redaktorlar Cahangir Məmmədli, Mübariz Piri, tərtib edən Şöhrət Eyvazov, məsləhətçi Rey Kərimoğludur.

BAMF təşkilatın fəaliyyəti dövründə daim Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün beynəlxalq aləmdə nüfuzu olan, dünya miqyasında imzası tanınan bütün xarici media nümayəndələrinin, dövlət və özəl təşkilat rəhbərlərinin Qarabağ bölgəsinə səfərlərini təşkil edib.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar