Bu gün ön cəbhədə nələr yaşanıb, işğaldan azad edilmiş ərazilər niyə dərhal elan edilmir?

09 Oktyabr 2020 21:20    7381 Baxış   
Bu gün ön cəbhədə nələr yaşanıb, işğaldan azad edilmiş ərazilər niyə dərhal elan edilmir?

Dünən gecədən etibarən Ermənistan artilleriyası yaşayış məntəqələrini atəşə tutdu. Səhər saatlarında da bu atışlar davam etdi. Ağdam və Tərtər hədəf alınmışdı. Günortadan sonra düşmən tərəfinin iki raketi düz başımızın üzərində vuruldu. Yəqin ki, rəsmi açıqlanıb. Təkcə Ağdamda yox, Tərtərdə və Tap Qaraqoyunluda da olduq. Olduğumuz bütün istiqamətlərdə artilleriyamız işləyirdi. Bəzi yerlərdə döyüşlər tam dərinliklərdə gedir.

Murovda yüksəklik itirməyimiz yalandır. Bunu etibar etdiyim hərbi mənbələrdən də dəqiqləşdirmişəm. Əksinə, daha yaxşı şeylərin siqnalını aldım.

Gələk Hadrud və kəndlər məsələsinə. Xəbər dəqiq idi, ad çəkmədən yazdım. Yazmaya da bilərdim. Sadəcə neçə gündür, "niyə bir yer açıqlamırlar" deyənlərə bir mesaj idi. Tək səhvim Hadrudu rayon kimi təqdim etməyim olub. Üzr istəyirəm. Dilimiz öyrəşib, hələ də Ağdərəyə rayon deyirik. Onda səhv etmərəm.

Hadrud məsələsini Ali Baş Komandan açıqlayandan sonra çoxlu zənglər gəldi ki, bəs atəşkəs olacaq? Özümə şəkil, video paylaşmamaq və başqa mövzulardan yazmamaq barədə söz versəm də, bu barədə yazacam. Durmadan irəliləyən ordu var, niyə atəşkəsə gedilsin? Buna nə əsas verir? Gəlib, çıxışa diqqətlə baxdım. Bir yerdə sülh sözü işlədilib. Azərbaycan ərazi bütövlüyünü tam təmin edəndən sonra sülh olmayıb, nə olacaq? Bunu illərdir yazırıq ki, sülh yalnız torpaqlar işğaldan azad ediləndən sonra olacaq. Bu gün Rusiyadakı görüş sülh yox, hümanitar və meyitlərin çıxarılması ilə bağlıdır. Döyüş meydanındakı vəziyyətdən xəbəriniz var? Meyitlərin çıxarılması günlərlə yox, saatlarla tənzimlənir.

Bundan əlavə, arxa cəbhəyə xüsusi təşəkkürlər düşür. Əsgərlərə dəstəyin ardı, arası kəsilmir.

Təmkinli olmaqda fayda var. Çünki işğaldan azad edilmiş ərazilər tam təmizlənib, möhkəmlənmə aparılmadan elan edilmir, doğrusu da budur. Təkrar edirəm, düşmənin bunkerləri var. Elə yer var ki, böyük hissəsi bizdədir, bunkerləri məhv etmədən açıqlamaq olmaz. Çünki o bunker dura-dura tam təmizlənmədən söhbət belə gedə bilməz.

Səxavət Məmməd



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar