"Ədliyyə Nazirliyi insan hüquqları sahəsində maarifləndirmə və tədris tədbirlərinə daim xüsusi önəm verir" - Aynur Sabitova

18 Yanvar 2022 14:45    654 Baxış   
"Ədliyyə Nazirliyi insan hüquqları sahəsində maarifləndirmə və tədris tədbirlərinə daim xüsusi önəm verir" -  Aynur Sabitova

Bu gün Hilton Oteldə “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qaçqınlar, Sığınacaq axtaranlar və Vətəndaşlığı olmayan şəxslər ilə bağlı İşlərə dair Qərarlarının toplusu”nun təqdimat mərasimi keçirilib.

Dominant.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova nəşrin insan hüquqlarının təbliği, Avropa Məhkəməsinin qərarlarının və presedentlərinin öyrənilməsi və səmərəli tətbiqi baxımından hüquqşünaslarımız üçün önəmli əyani və metodiki vəsait olduğunu vurğulayıb.

Ermənistan tərəfindən ərazilərimizin otuz ilə yaxın davam etmiş işğalı nəticəsində doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox qaçqın və məcburi köçkünlərimizin hüquqlarının pozulduğunu diqqətə çatdıran A.Sabitova bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilib və həmvətənlərimiz dədə-baba yurdlarına qovuşublar. O, soydaşlarımızın pozulmuş hüquqlarının bərpası ilə bağlı mexanizmlərin həyata keçirilməsində bu toplunun önəmli mənbə olduğunu qeyd edib.

Ədliyyə Nazirliyinin insan hüquqları sahəsində maarifləndirmə və tədris tədbirlərinə xüsusi önəm verdiyini deyən A.Sabitova bildirib ki, ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi işində geniş dinləyici spektrinə malik Ədliyyə Akademiyasının imkanlarından maksimal dərəcədə istifadə olunur. Bu sahədə beynəlxalq əməkdaşlığın səmərəliliyini də qeyd edən idarə rəisi çoxsaylı xarici həmkarlar, həmçinin Avropa Məhkəməsinin hakimləri, o cümlədən sədrlərinin də təlimlərdə iştirak etdiklərini vurğulayıb. O, Ədliyyə Akademiyası tərəfindən hakimlərin, vəkillərin, mediatorların və digər hüquqşünasların ilkin hazırlıq və uzunmüddətli tədris kurslarının proqramlarına insan hüquqları, Avropa Məhkəməsinin presedentləri və bu kimi digər mövzuların daxil edildiyini bildirib.

A.Sabitova qeyd edib ki, ölkəmiz üçün yeni institut olan mediasiya sahəsində təlimlərin və maarifləndirmə tədbirinin təşviqi ilə bağlı ardıcıl işlər görülür. Ədliyyə Akademiyası həm də Mediasiya Şurası ilə sıx əməkdaşlıq şəraitində mediatorların hazırlanmasında yaxından iştirak edir, aktual mövzularda təlimlər, praktiki məşğələlər təşkil olunur. BMT QAK-ın ekspertlərinin iştirakı ilə də bu səpkidə müxtəlif mövzular üzrə təlim proqramları, davamlı maarifləndirmə layihələri, müvafiq vəsaitlərin hazırlanması, təcrübi səfərlərin təşkili ilə bağlı da birgə əməkdaşlıq edilə bilər.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar