ƏZİZ KƏLBƏCƏR, SƏN DƏ AZADSAN!

25 Noyabr 2020 15:18    1083 Baxış   
 ƏZİZ KƏLBƏCƏR, SƏN DƏ AZADSAN!

"Kəlbəcər yenə də öz keçmiş, gözəl dövrünə qayıdacaq və gələcəkdə ondan da gözəl olacaqdır. O gün həm kəlbəcərlilər üçün, həm də bizim üçün əziz olacaqdır". Ulu Öndər Heydər Əliyev

Ali Baş Komandanımız, qüdrətli sərkərdəmiz İlham Əliyevin başçılığı ilə sentyabr 27-dən düşmən təxribatına qarşı əks-hücum əməliyyatları ilə başlayan Vətən Savaşımızın möhtəşəm qələbələri, şanlı zəfər xəbərləri bir-birinin ardınca gəlməkdədir. 2020-ci ilin 25 noyabrı da xalqımızın şərəf tarixinə parlaq hərflərlə yazıldı. Bu gün Azərbaycanımızın zümrüd qaşı, Qarabağın qala qapısı Kəlbəcərimizin işğalına son qoyuldu. 27 illik ayrılıqdan, həsrətdən, niskildən, acınacaqlı didərginlik həyatından sonra kəlbəcərli yurddaşlarımız, nəhayət ki, öz dədə-baba yurdlarına dönürlər.

BMT-nin 30 ilə yaxındır ki, kağız üzərində qalan qətnamələrini döyüş meydanında təkbaşına icra edən Azərbaycan dövlətinin, Ali Baş Komandanımızın və müzəffər ordumuzun sülhə məcburetmə əməliyyatları nəticəsində bu gün BMT Təhlükəsizlik Şurasının daha bir qətnaməsi - bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan dərhal çıxarılmasını tələb edən edən 822 saylı qətnamə də həyata keçirildi.

Altı da, üstü də sərvət olan Kəlbəcəri itirməklə Azərbaycan zəngin xəzinələr diyarını itirmişdi. Bu gün o xəzinə Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti ilə yenidən və əbədi olaraq xalqımıza qaytarıldı. Kəlbəcər qızıl, civə və başqa mineral daşlarına, isti, narzan və sərin bulaqlarına, şəfalı dərman bitkilərinə, saf ab-havasına, əsrarəngiz mənzərələrinə və saymaqla bitməyən digər sərvətlərinə görə dünyanın heç bir yeri ilə müqayisə edilə bilməyəcəyimiz zəngin bir məkandır. Xalqımızın Ulu Öndəri Heydər Əliyev hər zaman Kəlbəcərə, onun təbiətinə, insanlarına yüksək dəyər vermiş, Kəlbəcər haqqında xoş sözlər söyləmişdir. 1996-cı il aprel ayının 1-də Ümummilli Liderimiz Heydər Əliyev Prezident sarayında Kəlbəcərin işğalının 3-cü ilində rayon sakinlərinin nümayəndələri ilə görüşdə demişdir: “Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir. Onun çox zəngin təbiəti, tarixi abidələri vardır. Kəlbəcər Azərbaycanın qədim dövrlərdən ibarət öz tarixini qəlbində, sinəsində, qoynunda saxlayan ərazilərindən biridir. Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur. Azərbaycanın çox yerlərindən, o cümlədən paytaxtımız Bakıdan da insanlar həmişə Kəlbəcərə ziyarətə gediblər. O dağların, meşələrin gözəlliyindən müəyyən qədər bəhrələnmək üçün, eyni zamanda bu gözəlliyi seyr edib ölkəmizin nə qədər gözəl bir məmləkət, diyar olduğunu bir daha dərk etmək üçün ziyarət ediblər. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar.”. Bu gün Ulu Öndərimizin dediyi həmin şanlı gün gəlmişdir. Həmin günü isə xalqımıza Ulu Öndərimizin layiqli davamçısı, Ali Baş Komandınımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və onun sərkərdəliyi ilə müzəffər Azərbaycan ordusu bəxş etmişdir.

Kəlbəcər Azərbaycanda ən qədim insan məskənlərindən biridir. Rayon ərazisində aşkarlanan bir çox tarixi tapıntılar, 3500-ə qədər qaya təsvirləri ərazinin qədim insan məskəni olduğunu isbat edir. Kəlbəcərdə qədim qalalar, alban abidələri, daşlar üzərində yazılar, qəbirüstü qoçlar və atlar, daşdan yonulmuş müxtəlif fiqurlar, bəzək daşları və bunun kimi qədim tariximizin yadigarları olduqca çox idi. Rayon ərazisində yerləşən Xudavəng monastrı, Zar mağarası, Comərd qalası, Löh qalası kimi abidələr Azərbaycan tarixinin əzəmətini, mədəni sərvətlərimizin tükənməzliyini bütün dünyaya nümayiş etdirən tarixi abidələrdir. Təəssüf ki, mənfur qonşu 27 il ərzində bu tarixi abidələrin bir çoxunu dağıdıb, talayıb və özününküləşdirməyə çalışıb, abidələr üzərində saxtalaşdırmalar aparıb. Eyni zamanda ona da əminik ki, həmin tarixi abidələr dövlətimiz tərəfindən bərpa ediləcək, bu sərvətlərimiz dünya tarixinin qiymətli maddi-mədəniyyət nümunələri kimi UNESCO-nun ümumdünya irsi obyektlərinin siyahısına daxil ediləcəkdir.

Kəlbəcər torpağı həm də mədəniyyətin, sazın-sözün beşiyi, qüdrətli sənətkarların yetişdiyi bir diyardır. Klassik ədəbiyyatımızın ustadı Ağdabanlı Şair Qurbandan və XX əsr Azərbaycan ədəbiyyatının, eləcə də aşıq sənətinin görkəmli nümayəndəsi ustad Dədə Şəmşirdən başlayaraq Kəlbəcərdə zəngin ədəbi mühit formalaşıb, bu gün də həmin mühit yaşayır və inkişaf edir. Əminik ki, kəlbəcərli söz adamları doğma yurdlarına döndükdən sonra daha gözəl, parlaq əsərlər yaradacaqlar, həmin əsərlərdə bu günkü qələbələrimiz, Ali Baş Komandanımızın və müzəffər ordumuzun qüdrəti də öz əksini tapacaqdır.

Çox maraqldır ki, ötən ilin noyabr ayında doğma Bakı Dövlət Universitetində “Aşıq Şəmşir” adına Kəlbəcər Mədəniyyət Evinin Folklor Ansamblının konsertini təşkil etmişdik. Həmin tədbirdə arzulamışdıq ki, gələn il bu vaxta qədər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bütün torpaqlarımız, o cümlədən Kəlbəcər işğaldan azad olunsun. Allaha şükürlər olsun ki, cəmi bir ilin tamamında və məhz həmin tarixdə bu müqəddəs arzumuz çin oldu.

Bu gün Ali Baş Komandanımızın Şuşanın işğaldan azad edilməsi ilə bağlı tarixi müraciətində səsləndirdiyi “Əziz Şuşa, biz səni dirçəlcədəyik!” şüarı bütünlüklə Qarabağa, işğaldan azad edilən bütün torpaqlara həyatın qayıdacağı devizi kimi olduqca əzəmətli səslənir. Əminik ki, cənab Prezidentimizin qətiyyətli siyasəti ilə işğaldan azad olunan Kəlbəcər də dirçələcək, o torpaqlara da həyat qayıdacaq. Ulu Öndərimiz Heydər Əliyev illər öncə Kəlbəcərin bu gözəl günlərini görürdü və həmin gözəl günləri əvvəlcədən salamlayırdı. 1996-cı il aprel ayının 1-də kəlbəcərlilərlə görüşündə Ulu Öndərmiz deyirdi: “Kəlbəcər yenə də öz keçmiş, gözəl dövrünə qayıdacaq və gələcəkdə ondan da gözəl olacaqdır. O gün həm kəlbəcərlilər üçün, həm də bizim üçün əziz olacaqdır”. Bu gün məhz həmin gündür - Ulu Öndərimizin haqqında bəhs etdiyi, hamımız üçün əziz olan gün - Qarabağın qala qapsı Kəlbəcərin işğaldan azad olunduğu gün! Bu şanlı gündə bütün arzuları həyata keçən Ulu Öndərimizin ruhunu bir daha hörmət və izzətlə anırıq, bu müqəddəs arzuları həyata keçirən möhtərəm Prezidentimizə, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə bir daha sonsuz hörmət və ehtiramımızı bidiririk.

Qarabağ bizimdir, Kəlbəcər bizimdir!
Qarabağ Azərbaycandır!

Elçin Babayev, Bakı Dövlət Universitetinin rektoru




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar