“Azad edilmiş torpaqların ərazisini hesablamaq o qədər də çətin məsələ deyil. Halbuki, hər gün bu dəyişir”.
Bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
Prezident dünən 6 kəndin işğaldan azad edilməsini Azərbaycan xalqına çatdırdığını deyib:
“Ondan əvvəlki gün də daha çox sayda kəndlər azad edilib. Bu proses davam edir. Demək olar ki, hər gün biz yeni əraziləri işğaldan azad edirik. Hər gün strateji yüksəklikləri azad edirik. Ona görə bu rəqəmlər dəyişir. Füzulinin əksər kəndləri bizdədir, Füzuli artıq bizim gözümüzün önündədir. Bütün istiqamətlərdə böyük uğurlar əldə etmişik”.
“Mən Azərbaycanın kəndlərini bir-birindən fərqləndirmirəm. Amma Şuşasız bizim işimiz yarımçıq qalar. Bizə danışıqlar prosesində təklif edirdilər ki, 5 rayon, sonra 2 rayon verilsin. Bizə deyirdilər bütün əraziləri istəməyin, belə kompromis olmur. Şuşanın azad edilməsi bizim hədəflərimiz arasındadır, nə zaman olacaq, bunu görərik”, - deyə dövlət başçısı bildirib.