"Milli Məclisin digər üzvləri də maliyyə xarakterli məlumatları açıqlamalıdırlar"

02 Avqust 2020 11:32    550 Baxış   
 "Milli Məclisin digər üzvləri də maliyyə xarakterli məlumatları açıqlamalıdırlar"
Erkin Qədirlinin son 6 ayın gəlirləri və xərcləri ilə bağlı açıqlamasını təqdir edirəm və arzu edirəm ki, bu müntəzəm xarakter alsın, dövrü olaraq həyata keçirilsin. Düşünürəm ki, Erkin bəyin gəlirlərin və əmlakın bəyan edilməsi ilə bağlı təşəbbüsü özünüfəaliyyətlə yekunlaşmamalıdır, o, Milli Məclisin "Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi"nin üzvü olaraq bu təşəbbüsü ilk növbədə Komitə və Milli Məclis üzvlərinin iştirakı ilə genişləndirməlidir.

Erkin Qədirli, həmçinin Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təqdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları"nın icrası üçün çalışmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər, xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər, inzibati vəzifə tutan dövlət qulluqçuları, dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər də gəlirləri və əmlakı barədə bəyanamələri dərc etsinlər. Belə olarsa, onda qanunla prezident də, vitse-prezident də, baş nazir də, parlamentin spikeri də, nazirlər də, Milli Məclis üzvləri də dövrü olaraq maliyyə xarakterli məlumatları açıqlamalıdırlar.

Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4 bəndində "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi" nəzərdə tutulub. Bu tədbirin icraçıları Nazirlər Kabineti və Ədliyyə Nazirliyi göstərilsə də bununla məşğul olmaq Milli Məclis, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına da tövsiyyə edilib.

Qubad İbadoğlu, iqtisadçı alim



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar