Sahibkarlara verilən kredit faizləri azaldılıb

27 Dekabr 2021 17:14    11604 Baxış   
Sahibkarlara verilən kredit faizləri azaldılıb

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə verilmiş kreditlərin orta məbləği 722 000 manat, orta müddəti 32 ay təşkil edib.

Fonddan Oxu.Az-a verilən məlumata əsasən, bu günədək İKZF-nin zəmanəti ilə sahibkarlara müvəkkil banklar tərəfindən verilən kreditlərin məbləği 248 milyon manatı ötüb.

Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 3300-dən çox yeni iş yerinin açılmasına şərait yaradılıb.



Zəmanət verilmiş kreditlər iqtisadiyyatın əksər sahələrini əhatə etməklə, əsas etibarilə qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub.



Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Fond tərəfindən 2019-2021-ci illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 21 milyon manat məbləğində subsidiyanın verilməsi təmin edilib.

Dövlət dəstəyi hesabına verilmiş subsidiyalar nəticəsində borcalanlara verilmiş sahibkarlıq kreditləri üzrə orta illik faiz dərəcəsi 6,5 faizədək azaldılıb. Fond tərəfindən 2022-ci ildə də sahibkarların banklardan manatla aldıqları kreditlər üzrə hesablanmış faizlərə görə Fond tərəfindən subsidiya dəstəyinin tətbiqi davam etdiriləcək.



Sahibkarların, o cümlədən müvəkkil bankların mexanizmdən rahat istifadəsinin təmin edilməsi və müraciətlərə baxılmasının sürətləndirilməsi məqsədilə kreditlər üzrə zəmanətlərin verilməsi prosesi “Elektron ipoteka və kredit zəmanət“ sistemi çərçivəsində avtomatlaşdırılıb, zəmanətlə bağlı tələb olunan sənədlərin siyahısı optimallaşdırılıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar