“Azərbaycanda da rublun alınıb satılmasında müəyyən məhdudiyyətlər və ya limitlər tətbiq oluna bilər”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov açıqlama verib.
O bildirib ki, hazırda rublun məzənnəsini proqnozlaşdırmaq çətin olduğuna görə, təbii ki, rus rublunun məzənnəsinin düşəcəyini proqnozlaşdırmaq çətin deyil amma sanksiyalardan asılı olaraq rublun nə qədər düşəcəyi sual yaradır, hətta kəskin düşəcəyi riskləri də var:
“Bu baxımdan rubldan istifadə edən və rubl ilə əməliyyat edən yalnız Rusiyada yerləşən banklar deyil. Son proseslər xüsusilə də MDB ölkələrindəki bankların qərarlarına təsir göstərib.
Azərbaycanın da istifadə etdiyi valyutalardan, xüsusilə hesablaşmalarda və ödənişlərdə istifadə etdiyi valyutalardan biri də rus rubludur. Baxmayaraq ki, milli valyutadan sonra dollar daha o cümlədən avro daha böyük ağırlığa malikdir. Rus rublunun məzənnəsindəki kəskin sıçrayışlar, volatilliyin yüksək olması gözlənilir ki, bu da bizim banklar tərəfindən də daha ehtiyatlı qərarların verilməsinə gətirib çıxaracaq. Artıq növbəti günlər üçün mənzərə tam olaraq aydın olmadığı üçün banklar da risk etməyə üstünlük vermirlər, ehtiyatlı davranırlar. Bu kontekstdən gözlənilir ki, Azərbaycanda da rublun alınıb satılmasında müəyyən məhdudiyyətlər və yalimitlər tətbiq oluna bilər. Məticədə rubl artıq son enişlərdən sonra məzənnəsi və müharivə davam etdikcə rublun kursu necə dəyişəcəyi ilə bağlı proqnozlar nikbin deyil. Bu kontektdən kommersiya banklarının ehtiyatlı olması və rubl ilə əməliyyatları məhdudlaşdırçası iqtisadi baxımdan anlaşılandır”.
Artıq Rusiya rublu ilə bağlı bir sıra məhdudiyyətlərin tətbiq edildiyinə dair məlumat yayılıb. Belə ki, rusiya rublunda bütün nağd, nağdsız və konvertasiya əməliyyatlarının aparılmasının qadağan olunduğu, həmçinin müştərilər tərəfindən cari hesablara rus rublunda nağd mədaxil əməliyyatlarının aparılmasının qadağan olunduğu bildirilir.
Vüqar Bayramov qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və Federasiyanın SWIFT-dən uzaqlaşdırılması Rusiyanın maliyyə bazarına və rublun məzənnəsinə ciddi təsir göstərib:
“Bu həftəyə rubl kəskin enişlə başladı. Onun dəyərində 40 faiz azalma qeydə alınıb və davam edir. İlkin məlumatlara görə, Rusiyada rəsmi kurs ilə bazar kursu arasında fərq var. Bəzi şəhərlərdə dolların satışı ilə bağlı qara bazarların yarandığı bildirilir”.
Oxu.az