“Partiyalar maska məcburiyyətinin ləğvi ilə bağlı hökumətə təkliflər versin”

13 Aprelel 2021 17:04    3542 Baxış   
“Partiyalar maska məcburiyyətinin ləğvi ilə bağlı hökumətə təkliflər versin”

“Dünyanın bir çox ölkəsində pandemiya ilə əlaqədar həyata keçirilən tədbirlərin bir-birindən çox da fərqlənmədiyini görür, karantin rejiminin demək olar ki, eyni qadağalarla tətbiq olunduğunu müşahidə edirik. Azərbaycanda bəzi məsələlər xaric, bu eyniyyətin şahidi olsaq da, əsas məsələlər demək olar ki, həmin o “bəzi məsələlərdədir”. Heç kim düşünməsin ki, bir siyasi partiya həkimlərə və tibb üzrə digər mütəxəssislərə karantin tədbirləri ilə əlaqədar ağıl vermək iddiasında olacaq, pandemiya ilə necə mübarizə aparılması gərəkdiyini dilə gətirəcək. Məsələ və məqsəd bu deyil”.

Bunu Azərbaycan Yüksəliş Partiyası Başqanının I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov deyib.



Onun fikrincə, hər bir cəmiyyətin üzvləri özlərinin fikir və arzularını dilə gətirmək üçün müxtəlif təşkilatları qurur, onları özlərinin sözçüsü statusunda gücləndirir, müdafiə edir: “İş belə gətirib ki, Azərbaycanda qurulan əksər siyasi, ictimai, mədəni və sair təşkilatlar öz nizamnamələrində nə yazmalarından asılı olmayaraq, cəmiyyətin sözçüsü funksiyalarını demək olar, tamamilə unudub, gündəmin mənalı-mənasız mövzuları haqqında danışır, müzakirələr aparır.

Cəmiyyət bu müzakirələrin fövqündə duran, təşkilatlar tərəfindən yetərincə işıqlandırılmayan problemini və diləyini dilə gətirmək üçün özü səfərbər olmaq istəyirsə də, nəyəsə müvəffəq ola bilmir. Başa düşüləndir, axı təşkilatlanmadan nə etmək olar?

İndi hər bir azərbaycanlının tələbi və arzusu açıq havada maska taxmaq məcburiyyətinin ortadan qaldırılması, buna görə tətbiq olunan pul cəzalarının ləğv edilməsidir. Məsələ siyasi deyil təbii ki. Sadəcə, bu qadağaları Nazirlər Kabineti həyata keçirdiyi üçün onlara siyasi partiyaların da müraciət etməsi tərs bir addım sayılmamalıdır”.

Bəhrəm İsmayılov deyib ki, belə olan təqdirdə, siyasi partiyalar insanların, o cümlədən, öz üzvlərinin iradəsi istiqamətində niyə və nədən heç nə demir, sükutu pozmaq əziyyətini özlərinə vermir?

“Biz Yüksəliş Partiyası olaraq, hələ iki ay öncə bir sıra qadağaların birbaşa pandemiya ilə əlaqədar olmadığına görə ləğvinin gərəkliliyini dilə gətirmişdik. Yalnız bu məsələdə partiyaların birlik göstərməsi və birgə mövqe bildirməsi ən ümdə arzularımızdan biridir.

Ölkədəki tibbi vəziyyətin nəzarətdə saxlanıldığını və cəmiyyətin arzu və istəklərinin rasional ölçüdə həyata keçirilə bilən olduğunu nəzərə alaraq, təklif edirik ki, açıq havada sağlam insanlar üçün maska taxmaq məcburiyyətinin ləğvi ilə əlaqədar siyasi partiya rəhbərləri və əlaqədar mütəxəssisləri arasında onlayn görüş keçirilsin, hökumətə təkliflər verilsin. Belə bir təşəbbüsdə olmağımız üçün heç bir göstərişə ehtiyac yoxdur, yetər ki, bunu özümüz istəyək”, - deyə o əlavə edib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar