Rusiyanın Ukraynaya raket hücumu - ilhaq edilən ərazilərin müdafiəsi cəhdi

10 Oktyabr 2022 14:16    9580 Baxış   
Rusiyanın Ukraynaya raket hücumu -  ilhaq edilən ərazilərin müdafiəsi cəhdi

Rusiya Ukraynaya hücumlarının sayını yenidən artırıb. Daha doğrusu ərazisini kəskin raket atəşinə məruz qoyur. İlhaq edilən Krımı Rusiya ilə birləşdirən körpüdəki partlayış hərbi əməliyyatların gedişinə təsir göstərib. Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərini, Dnepr, Jitomir, Xmelnitsk, Ternopol və döyüş bölgələrindən uzaqda yerləşən Lvov vilayətlərini raket atəşinə tutması bunu təsdiqləyir. Məlumat üçün bildirək ki, Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünə hücumda rəsmi Kiyevi ittiham edərək bunu “terror aktı” adlandırıb.

Rəsmi Moskva Ukraynanın ilhaq etdiyi bu yarımadanı öz “ərazisi” sayır. Vladimir Putin bu səbəbdən də bildirib ki, Ukraynanın kəşfiyyat qüvvələri Rusiyanın mülki infrastrukturunun mühüm əhəmiyyət kəsb edən hissəsini məhv etməyi hədəfləyib:

“Şübhəsiz, bu, Rusiyanın mühüm mülki infrastrukturunu məhv etməyə yönəlmiş terror aktıdır. Onun müəllifləri, icraçıları və ondan faydalananlar Ukraynanın təhlükəsizlik xidmətləridir”

Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak Rusiya liderinin ittihamını rədd edərək tviter səhifəsində yazıb:

“Burada yalnız bir terror dövləti var. Onun kim olduğunu bütün dünya bilir”.



Krım körpüsündə törədilən partlayış hələ dəqiq araşdırılmayıb. Tədqiqat aparılmadan Rusiya liderinin tələsik belə bir bəyanatla çıxış etməsi şübhəli məqamlardan xəbər verir. Çünki partlayışdan dərhal sonra onu hansı dövlətin törətdiyini bəyan edib, “terakt” adlandırmaq hazırlıqsız çıxışa oxşayır. Krım körpüsündəki partlayışdan sonra Ukraynaya raket hücumunun arxasında başqa mətləblər də gizlənə bilər. Bu hadisələr Rusiyanın Ukraynanın Xerson, Donetsk, Luqansk və Zaporojye vilaylətini ilhaq etməsindən sonra baş verir. Rusiya iddia edir ki, federasiya subyektlərinin sayı 89-a çatıb. İlhaq əməliyyatından sonra Ukrayna Silahlı Qüvvələri irəliləyərək onlarla yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad ediblər. Belə bir vəziyyətdə körpü əməliyyatı törədilir.

Bəs Rusiya niyə Ukraynanı kəskin şəkildə raket atəşinə tutur? Bu, müharibənin Rusiya ərazisinə keçməsinə səbəb ola bilərmi?

Oktyabrın 10-da Ukraynanın raket hücumuna məruz qalması bir neçə baxımdan Rusiya üçün əhəmiyyətə malikdir:

- Rusiya tutduğu torpaqlardan çıxmağını, cəbhə xəttindəki uğursuzluğunu ötr-basdır etməyə çalışır;

- Krımı və körpünü özününkü sayan Rusiya Ukraynaya raket hücumu etməklə ərazisini belə “müdafiə etdiyini” göstərir;

- Yeni ilhaq etdiyi ərazilərdə Moskvadanqaçma meyillərini aradan qaldırmaq üçün güc nümayiş etdirir;

- Ərazisinə qatdığı 4 vilayəti də müdafiə edəcəyini göstərməyə cəhd edir;

- Son günlər Rusiya ordusunun zəiflədiyi, hərbi texnikasının azaldığını, xüsusən raketlərinin bitmək üzrə olduğuna dair yayılan xəbərləri yalanlamaq üçün bu addımı atır;

- Rusiyanın İran və Şimali Koreyadan hərbi texnika, dron, raket tədarük etdiyinə dair məlumatları təkzib etməyə cəhd göstərir;

- Rusiya Ukraynanı dəstəkləyən və ona yardım edənlərə də güc nümayiş etdirir;

- Moskva qərb blokuna, o cümlədən Rusiya ilə sərhəddə yerləşən Avropa İttifaqı ölkərlərinə raket hücumu ilə ismarış göndərir;

- Vladimir Putin Ukraynaya raket hücumu ilə nüvə silahından da istifadə edə biləcəyinin blef olmadığına işarə edir və s.



Krım körpüsündəki partlayışda üçüncü tərəfin də əli ola bilər. Buna Rusiyanın ilhaq etdiyi ərazilərə münasibətinin testi kimi də yanaşmaq olar. Oktyabrın 10-da Kiyevin və başqa şəhərlərin raket atəşinə tutulması sübut edir ki, Vladimir Putin və komandası müharibənin Rusiya ərazisinə keçməyəcəyindən arxayındırlar.

Düzdür, ara-sıra Rusiya Belqorod şəhərində hansısa partlayışın, ona oxşar hadisələrin baş verdiyinə dair məlumat yayılır. Ancaq rəsmi Kiyev müharibəni Rusiyanın içərilərinə, yaxud sərhədyanı rayonlara daşımamaqla səbr, dözüm nümayiş etdirirlər. Bu, həm də Ukrayna hakimiyyətinin beynəlxalq normalara əməl etməsinin göstəricisi sayıla bilər. Rəsmi Kiyevin müharibəni Rusiyanın içərilərinə daşıması qarşı tərəfin əlinə oynayar. Bu, Rusiyanın indi çətinliklə təbliğ etdiyi vətənpərvərlik ideyasından gen-bol danışmasına şərait yaradar.

Rusiya Ukraynanı raket atəşinə tutmaqla beynəlxalq güclərin də səbr və dözümünü imtahana çəkir. Hələ ki, Rusiyanın yalınz havadan dinc və müharibə bölgəsindən uzaqdakı yaşayış məntəqələrinə havadan hücum etməyə gücü çatır. Bu yolla onun uğur qanazacağı ehtimalı azdır. Əksinə, Rusiyanın bu davranışı bununla Ukrayna, eləcə də keçmiş sovet vətəndaşları, habelə beynəlxalq ictimaiyyətin hiddətinə, tərəfdarlarının isə məyusluğuna səbəb olacaq. Mülki obyetkələrin vurulması, dinc sakinlərin hücumlar nəticəsində ölməsinin məsuliyyəti ya indi, ya sonra Rusiyanın üzərində qalacaq.

REPORT


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar