Hitlerin qəsdinə 3 dəfə duran general – Treskov yoldaşlarını ələ verməmək üçün özünü qurban verib

04 Martt 2023 12:09    24662 Baxış   
Hitlerin qəsdinə 3 dəfə duran general – Treskov yoldaşlarını ələ verməmək üçün özünü qurban verib

O, rəqib ölkənin ərazisində, SSRİ-də ölməyi general şərəfinə sığışdırmayıb, amma başqa çıxış yolu da tapmayıb. General-mayor Henninq fon Treskov ölümünü intihar adlandırmasınlar deyə, sovet qoşunları ilə təmas xəttinə çıxıb, tabel silahından qarşı tərəfə atəş açaraq süni hücum mənzərəsi yaradıb, saniyələr sonra isə cavab atəşlərinin altında əl qumbarısını partladaraq həyatına son qoyub. Bu hadisə 21iyul 1944-cü ildə baş verib. General hadisədən bir saat əvvəl öz adyutantına atacağı addım haqqında məlumat verib:

“Hitlerə sui-qəsd cəhdi bu dəfə də baş tutmadı. İndi onlar məsələni araşdırdıqdan sonra bu işin təşkilatçılarından biri kimi məni həbs edəcəklər və bütün variantlardan, ən ağılasığmaz işgəncələrdən belə istifadə edərək məndən digər təşkilatçıların adlarını öyrənməyə çalışacaqlar. Mən onları güdaza verə bilərəm. Buna görə də özümü qurban verirəm...”



Generalın ölümü haqqında bir neçə saatdan sonra Hitlerə məlumat verilib. Hələ həmin vaxt 20 iyul 1944-cü ildə fürerə sui-qəsdin kimlər tərəfindən təşkil edildiyi müəyyyələşmədiyindən Hitler Treskovun hərbi şərəflə dəfn edilməsi ilə bağlı göstəriş verib. Generalın dağılmış nəşi ərazidən götürülüb və o, doğulduğu Maqdeburq şəhərində dəfn edilib. Ancaq az sonra Treskovun sui-qəsddə iştirakı olduğu aydınlaşanda, onu nəşi qəbirdən çıxarılaraq Zaksenxauzen əsir düşərgəsində yandırılıb. Generalın bütün ailə üzvləri həbs olunub.

Henninq fon Treskov 1901-ci ildə Almaniyanın Maqdeburq şəhərində anadan olub. O, əvvəlcə ev təhsili alıb, sonra gimnaziyanı bitirib. 17 yaşı olanda Treskov hərbi xidmətə yollanıb. Potsdam piyada alayında bir il xidmətdən sonra Treskov zabit kursları keçib, xidmətini leytenant rübəsində davam etdirib.
Treskov öz gələcəyini hərbi işlə bağlamaq arzusunda olmayıb. O, daha çox bank işi və iqtisadiyyat sahəsinə meyl göstərib. Elə bu marağın nəticəsində də ordudan tərxis olunaraq bank işinə düzəlib.



Biliklərini təkmilləşdirmək üçün Treskov Britaniyada, Fransada və ABŞ-da xüsusi kurslar keçib.
Ailə həyatı qurduqdan sonra Treskovun gələcək karyerası yenidən hərb işi ilə bağlanıb. O, 1926-cı ildə məşhur alman hərbi xadimi, vaxtilə Almaniyanın hərbi naziri və baş qərargah rəisi olmuş Erix fon Falkenxaynın yeganə qızı ilə ailə həyatı qurub. Bu evlilikdən sonra Falkenxayn ona hərbi xidmətə bərpa olunmağı tövsiyə edib.

Beləliklə, Treskov yenidən hərbi xidmətə qayıdıb. O, hərbi akademiyada təhsil alaraq xidmətini baş qərargahın əməliyyat idarəsində davam etdirib. Nasistlərin hakimiyyətdə olduğu bir vaxtda Treskov əməliyyat idarəsinin zabiti olaraq fürerin yaxın gələcəkdə müharibə palnlarından xəbərdar olub. Bu planların Almaniyanı hansı təhlükələrlə üzləşdirəcəyini Treskov hamıdan əvvəl anlayıb və belə qənaətə gəlib ki, öz ölkəsini xilas etməyin yalnız bir yolu var – Hitleri hakimiyyətdən uzaqlaşdırmaq. Elə məqsədlə də Treskov fürerə qarşı gizli müxalifət qrupları ilə sıx əlaqələr yaradıb. Bu əlaqələr zamanı Hitlerə sui-qəsd məsələsi dəfələrlə müzakirə mövzusuna çevrilib.



Treskovla Vermaxtın digər ali rütbəli zabitləri arasında tez-tez fikir ayrılığı yaranıb. Vermaxt rəhbərliyi onu bacarıqlı və təcrübəli zabit kimi qəbul etsələr də, Treskovun Hitlerin siyasətinə, fəaliyyətinə, nasist ideologiyasına antipatiyasını da hiss ediblər.

II dünya müharibəsi başlananda Treskov Polşa və Fransa əməliyyatlarında iştirak edib, daha sonra Şərq cəbhəsinə göndərilib. O, müharibə ərəfəsində yəhudilərə qarşı soyqırımı kəskin tənqid edib. O cümlədən sovet ordusunda xidmət edən siyasi işlər üzrə zabitlərin (komissarların) güllələnməsinin qəti əleyhinə çıxıb, bunu nasist vəhşiliyi kimi qiymətləndirib. Bu və digər hadisələr Treskovda nasistlərə qarşı nifrəti daha da artırıb. Amma o, heç vaxt öz ölkəsinə xəyanət etməyi, xarici kəşfiyyata işləməyi ağlına belə gətirməyib. Almaniyanın xilasını Hitlerin fiziki cəhətdən məhv edilməsində görüb.



1942-ci ildə Hitlerə qarşı hazırlanan sui-qəsd cəhdi baş tutmayanda, Treskov öz həmfikirləri ilə növbəti planı hazırlayıblar. Bu dəfə Hitleri 1943-cü ilin mart ayının 13-də Smolenskə uçan zaman məhv etmək istəyiblər. Amma fürerin bəxti bu dəfə də gətirib, onun təyyarəsinə qoyulan partlayıcı maddə temperaturun aşağı olması ucbatından işə düşməyib. Bu uğursuzluq Treskovu ruhdan salmayıb. O, füreri məhv etmək üçün Hitlerin stavkasında xidmətini davam etdirmək, ona daha da yaxınlaşmaq istəyib. Bu haqda fikrini rəhbərliyə bildirəndə onu peşəkar qərargah zabiti kimi qiymətləndirsələr də, Treskovun hərbi əməliyyatlar keçirilən ərazilərdə xidmətini daha vacib sayıblar.

Nəhayət, 1944-cü ildə Hitlerin məhv edilməsi üçün daha böyük plan hazırlanıb. Bu planda fürerin Rastenburq şəhərinin yaxınlığında yerləşən, Hitlerin əsas stavkası sayılan Volfsşantse iqamətgahının partladılması nəzərdə tutulub. Ümumiyyətlə, bu plan təkcə Hitlerin məhv edilməsi yox, dövlət çevrilisi miqyasında düşünülüb. Bu planın əsas təşkilatçılarından biri də məhz Treskov olub. Əməliyyat bütün incəliklərinə qədər işlənilib və hər şey əvvəlcədən düşünülmüş kimi həyata keçirilib. Amma bu dəfə də Hitler möcüzə sayəsində sağ qalıb.



Bu hadisədən sonra 600 nəfər həbs olunub, 200-dən artıq hərbçi isə məhv edilib. Bu dəhşətləri əvvəlcədən hiss edən 43 yaşlı Treskov isə ələ keçməmək üçün intiharı çıxış yolu seçib.

General-mayor Henninq fon Treskovun adı müasir Almaniya tarixinə antinasist müqavimətinin qəhrəmanı kimi düşüb. Bundesverin kazarması hazırda onun adını daşıyır. (müsavat.com)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar