Vilayət Eyvazova, Kamran Əliyevə və Ramiz Zeynalova Daşkəsən Rayon Dövlət Yol Polisindən ŞİKAYƏT

11 Sentyabr 2020 11:12    2213 Baxış   
Vilayət Eyvazova, Kamran Əliyevə və Ramiz Zeynalova Daşkəsən Rayon Dövlət Yol Polisindən  ŞİKAYƏT
Laçın rayon Qarakeçdi kənd sakini Sadıq Umbay oğlu Axundov Azərbaycan Respublikası Daxili İşlər naziri Vilayət Eyvazova, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə və Baş Dövlət Yol Polisi İdarəsinin əisi Ramiz Zeynalova müraciət ünvanlayıb. S.Axundov düşünür ki, müraciəti onlayn mediada yayınlansa, daha tez nəticə verər.

Dominant.az sözügedən müraciəti olduğu kimi təqdim edir:

“Çox hörmətli cənablar!

27 iyul 2020-ci il axşam saat 19:20 radələrində ailə üzvlərimlə (həyat yoldaşım, iki azyaşlı övladım, sürücülük vəsiqəsi olan əmim nəvəsi və qardaşım qızı) Daşkəsən rayonunun Xoşbulaq kəndindən Ağcabədi rayonuna gedirdik. Daşkəsən rayonunun Zağalı kəndində DYP əməkdaşı xidməti avtomobili ilə qarşı tərəfdən gəlib bizi ötüb keçdi və iki dəqiqə keçməmiş arxamızca düşüb maşınımı saxlatdırdı. Sənədləri təqdim etdim. "COVID-19" virusuna görə hamımız maska taxmışdıq. Onlar isə maska taxmamışdılar.

DYP əməkdaşı kapitan Nemət Yolçuyev və çavuş Elsevər Ələkbərov sosial məsafəni pozaraq mənimlə əl tutub görüşdülər. Sənədlərimizi yoxladıqdan sonra bildirdilər ki, biz alkotestdən keçməliyik. Alkotesterin üfürülən hissəsinin natəmiz olduğunu görüb etiraz etdim. Balaca oğlum Muradın Xoşbulaqda soyuqlamasını və Ağcabədiyə tələsdiyimizi onlara bildirdim. Onların bizdən pul qopartmaq fikrini duyduqdan sonra, təki bizi buraxsınlar deyə, məni spirtli içki qəbul etmişəmmiş kimi protokol yazmalarına razılıq verdim. Düşündüm ki, "cəriməmi" ödədikdən sonra sükanı bizimlə birgə olan əmim nəvəsinə verərəm.

Ancaq polis kapitanı Nemət Yolçuyev yenə əl çəkməyərək 5 dəqiqəlik sənədləşdirmə adı ilə bizi Daşkəsən rayon DYP bölməsinə gətirərək maşınımı idarənin həyətinə saldı. Hava getdikcə soyuduğuna görə uşaqlar çöldə üşüyürdü. Belə bir vəziyətə düşdüyüm üçün nəyin bahasına olur-olsun onlardan yaxa qurtarmaq istəyirdim. Lakin kapitan Nemət Yolçuyev hər dəfə bir bəhanə ilə bizi orada ləngidirdi. Gah deyirdi, mənim də həyat yoldaşım laçınlıdı, gah deyirdi, maşının etibarnaməsini uzadacaq (halbuki, etibarnaməm 2028-ci ilə qədərdir), gah da deyirdi, “darıxmayın, 5-10 dəqiqəyə sizi buraxacağıq”.

Bu minvalla biz axşam saat 19:35-dən gecə saat 22:49-a qədər polis şöbəsinin yaxınlığında səkidə oturub onu gözlədik. Havanın soyuq olmasına baxmayaraq, faşist kimi, uşaqların paltarını maşından götürməyə qoymadılar. Azyaşlı övladlarım, həyat yoldaşım, qardaşım qızı çox qorxur, soyuqdan tir-tir əsirdilər. Biz gecə məcbur olub nicat yolu tapmaq üçün Xoşbulaq kəndinə tərəf piyada getməyə başladıq. Yolla piyada gedərkən DİN-nin “102” xidmətinə zəng edib vəziyyətimiz haqda onlara məlumat verdim. Xeyli piyada (təxminən 2 km) getdikdən sonra bir taksi saxlayıb bizi götürdü.

Mən sabah, yəni 28 iyul 2020-ci il saat 09:15 radələrində Daşkəsən rayon polis şöbəsinə getdim. Daşkəsən rayon DYP bölməsinin rəisi İldırım Əliyev mənə bildirdi ki, “dünən gecə Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət etməsəydin, bu gün səni cəriməsiz buraxacaqdım, amma indi yüngül cərimə yazacağıq, gedəcəksən”. Yenə inandım və mənə bir ağ protokol imzalatdırdılar. Mən artıq bezmişdim. Sonra dolayı yolla məni təhdid etdi. Dedi ki, “Laçın rayonunun ən böyük vəzifəli şəxsləri ilə ailəvi dostam. Şikayət etsən, sənin üçün yaxşı olmayacaq”.

Mən Daxili İşlər naziri cənab Vilayət Eyvazova güvənib təqdim etdikləri sənədləri imzaladım. Mənə və ailə üzvlərimə hörmətsizlik edən kapitan Nemət Yolçuyevin əvəzinə protokolda polis çavuşu Ələkbərov Elsevərin adını qeyd ediblər (hiss elədim ki, Ələkbərov Elsevər adının protokola yazılmasından çox narahatdır). Həkim rəyi olmadan orada adım içkili kimi qeyd olunub. Güya kəmərə görə (hamımız kəmər taxmışdıq) saxlanılmışam. Halbuki içkili olub, kəmər taxıb taxmamağımızı 27 iyul 2020-ci il axşam saat 19:15, 19:19 arası qarşı tərəfdən gələn polis avtomobilinin kamerasından götürüb aşkar etmək olar.

Mən avtomobilimi 28 iyulda polis şöbəsinin həyətindən çıxaranda israrla tələb etməyimə baxmayaraq, təhvil-təslim aktının surətini mənə vermədilər. Cərimə protokolunun surətini də avtomobilimi şöbənin həyətindən çıxarandan sonra verdilər.

Mənim atam Axundov Umbay Sadıq oğlu cənab prezidentimizin imzası ilə "Əməktar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür. Mən özüm də mədəniyyət sahəsində rayonumuz üzrə məsul vəzifədə çalışıram. Yəni, bizim bu kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edən isanlarla alış-verişimiz olmaz.

Belə insanlar polis adına ləkədir. Daşkəsən Rayon Dövlət Yol Polisi bölməsinin rəisi İldırım Əliyev və polis kapitanı Nemət Yolçuyev 2 gün ərzində mənə və ailə üzvlərimə olmazın hörmətsizliklər etdilər. Azyaşlı övladlarıma, ailə üzvlərimə etdikləri hörmətsizliyə və məni ailə-uşağın yanında aldadaraq şəxsiyyətimi alçaltdıqlarına görə polis kapitanı Nemət Yolçuyevdən və Daşkəsən Rayon Dövlət Yol Polisi bölməsinin rəisi İldırım Əliyevdən şikayətçiyəm.

Mənə nahaq yerə cərimə yazıb avtomobilimi "B"-"S" kateqoriyalı sürücülük vəsiqəsi olan əmim nəvəsinin idarə etməsinə verə bilərdi. Onu da etmədi. Dəfələrlə xahiş etdim, amma bunu etmədi. Və ailə-uşağın soyuqda qalmasına vicdansızcasına səbəb oldu. Kapitan Nemət Yolçuyevdən və Daşkəsən rayon Dövlət Yol Polisi bölməsinin rəisi İldırımdan haqlı olaraaq şikayət etməyi bir vətəndaşlıq borcu hesab edirəm. İkisi qadın, ikisi də azyaşlı körpə olan vətəndaşları aldadıb gecəyarıya kimi səkilərdə saxlamaq əxlaqsızlıqdır. Həmin axşam saat 22:49-da İldırım özü şahid oldu ki, biz polis şöbəsinin yaxınlığında səkidə oturub Nemət Yolçuyevi gözləyirik. Buna baxmayaraq, ailə-uşağın təhlükəsizliyinin təmin olunması üçün heç bir addım atmadı. Ailə kiçik bir dövlətdir. İldırım Əliyev və Nemət Yolçuyev bizim kiçik dövlətimizi yerlə bir etdilər.

Azərbaycan polisinə və hüquq mühavizə orqanlarına sonsuz sevgimiz var. Xahiş edirəm, ailə üzvlərimə hörmətsizlik etdikləri üçün polis kapitanı Nemət Yolçuyevin və Daşkəsən Rayon Dövlət Yol Polisi bölməsinin rəisi İldırım Əliyevin cəzalandırılması üçün ciddi tapşırıqlar verəsiniz. Tapdanmış hüquqlarımızın bərpa olunmasını sizdən artıq dərəcədə xahiş edirəm”.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar