“Zəfər” kolleksiyasını hazırlayacaq gənclər təlimlərə başladılar

06 Oktyabr 2021 19:39    360 Baxış   
“Zəfər” kolleksiyasını hazırlayacaq gənclər təlimlərə başladılar

Yaddaşlarımıza əbədi həkk olunan Vətən müharibəsinin ildönümü münasibəti ilə “Azərxalça” ASC-nin həyata keçirdiyi tədbirlər arasında “Zəfər” kolleksiyasının xüsusi yeri var.

İyul ayında elan olunan müsabiqənin artıq seçmə mərhələsi sona çatıb. Mərhələni uğurla keçən 14 gənc, istedadlı rəssam və dizaynerlərlə oktyabr ayının 1-də “Book Center”də görüş baş tutub. Görüşdə “Azərxalça” ASC İdarə Heyətinin Sədri Emin Məmmədovla yanaşı, "Azərxalça" ASC-nin kreativ direktoru, fəlsəfə üzrə doktor, layihənin kuratoru, dosent Əsmər Abdullayeva, təlimçilər və cəmiyyətin layihə iştirakçısı olan digər çıxışçılar iştirak ediblər. Gənc dizaynerlər görüş zamanı layihənin kuratoru, dəvət olunmuş çıxışçılar və eləcə də təlimlərin proqramı ilə tanış olublar.

Bundan əlavə, Emin Məmmədov da çıxış edərək seçmə mərhələni keçmiş gənclərə təlimlərdə uğurlar arzulayıb və yaradılmış şəraitdən çox faydalı şəkildə istifadə etməyi məsləhət görüb.

Gənclər üçün ilk təlim oktyabr ayının 5-də sənətşünas, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın başçılığı ilə Milli Xalça Muzeyində baş tutub.

“Azərbaycan Milli Xalça Muzeyi”nın kolleksiyasının toplanması və fəaliyyəti mövzusunda təlimlər iki mərhələdə təşkil olunub. Əvvəlcə “Xalça Muzeyi” və onun kolleksiyası ilə əyani tanış olan gənclər daha sonra təlimə dəyirmi masa arxasında davam ediblər. Şirin Məlikova geniş mühazirədən sonra gəncləri maraqlandıran suallara cavab verib.

Xatırladaq ki, layihə çərçivəsində gənclərə yerli təlimçilərlə yanaşı, Prof. Karim Mirzae, Prof. Ali Nasir kimi dünyaca məhşur xalçaçılar biliklərini çatdırırlar.
Sonda bütün iştirakçılar öz ideyaları ilə çıxış edəcək və ərsəyə gələn kolleksiya məhsullarından sərgi təşkil olunacaq.

İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbəsi olmayıb. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Bu möhtəşəm qələbəni “Azərxalça” ASC özünün gənclərlə birlikdə hazırlayacağı “Zəfər” kolleksiyası ilə tarixə ilmələrlə yazacaq!





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar