AY Partiyadan Urmiya gölünün qurudulması ilə bağlı bəyanat

18 İyul 2022 16:31    3099 Baxış   
AY Partiyadan Urmiya gölünün qurudulması ilə bağlı bəyanat

Azərbaycan Yüksəliş Partiyasının Urmiya gölünün qurudulması və buna etiraz edən soydaşlarımızın İran İslam Respublikası tərəfindən təqib olunması ilə bağlı bəyanat imzalayıb. Bəyanatda deyilir:

"1967-ci ildə YUNESKO tərəfindən qoruq elan olunan, həmçinin qorunan təbii ərazilər sırasına daxil edilən, lakin çox təəssüf ki, hər gün dünyanın gözü önündə quruyaraq, tarixə qovuşan Urmiya gölünün taleyi sual altındadır. Urmiya gölünün quruması təkcə onun ətrafı üçün deyil, eyni zamanda İran və Azərbaycan, bütövlükdə bəşəriyyət üçün çox böyük bir faciədir. Bəşəriyyət üçün təhlükə olan bu problem barəsində xeyli sənəd imzalansa da, qərarlar yalnız kağız üzərində qalmaqdadır.

Ətraf ərazilərdə yaşayan, əksəriyyəti azərbaycanlılardan ibarət olan əhalinin ürək ağrısı ilə dilə gətirdiyi Urmiya gölü İranın ən böyük vilayətlərindən olan Qərbi və Şərqi Azərbaycan arasında yerləşir. Dünyanın ən duzlu üçüncü gölü olan və daha çox soydaşlarımızın məskunlaşdığı bölgələrdə ekoloji böhranın dərinləşməsinin qarşısını alan Urmiya gölünün quruması prosesinin hələ də davam etməsi AY Partiya olaraq bizdə də ciddi narahatlıq yaradır. Təkzibolunmaz əsaslar var ki, göl təbii hadisələr fonunda qurumur, əksinə inzibati-fiziki müdaxilələrlə qurudulur. Belə ki, gölü su ilə təmin edən bir çox çayda qurulan bəndlər gölün suyunun kritik həddə azalmasına səbəb olub. 2003-cü ildən başlayan süni su azaldılması prosesi Urmiya gölünü 2013-cü ildə tamamilə qurumaq təhlükəsi ilə üz-üzə qoydu.

Qeyd edək ki, Urmiya gölünün ərazisi 5960 kvadrat kilometrdir. Əvvəllər göldə 32 milyon kubmetr su var idisə, indi həmin rəqəm 3 milyon kubmetirə enib.

Bundan əlavə, hər iki vilayətin mərkəz şəhərləri Urmiya və Təbriz arasında asan əlaqə yaratmaq üçün 2007-ci ildə inşa edilən 14 kilometr uzunluğunda körpü gölü ikiyə ayırır və gölün hər iki tərəfindəki suyun sirkulyasiyasının qarşısını alır. Mütəxəssislər gölün qurumasında bu körpünün əsas amillərdən biri olduğunu bildirirlər. Urmiya gölünün quruması məhz bundan sonra sürətlənib.

Bununla bağlı İran ərazisində, eləcə də ölkədən kənarda, həmçinin Bakı şəhərində İran səfirliyinin qarşısında müxtəlif qurumlar tərəfindən dəfələrlə etiraz aksiyaları keçirilsə də, İran hökuməti indiyədək ciddi tədbir görməyib. Əksinə, rəsmi Tehran tərəfindən bu prosesə İran ərazisində və İrandan kənarda etiraz edənlər siyasi və fiziki təqiblərə məruz qalır, həbs edilir, fəalların gözünün qorxudulması üçün müxtəlif işgəncələr tətbiq olunur.

Dərin təəssüf hissi ilə bildirək ki, hər il il olduğu kimi, bu il də iyulun 16-da rəsmi Tehranın Urmuya gölü ilə bağlı qəddar və qəbuledilməz siyasətinə etiraz edən 13 fəal haqsız yerə İran polisi tərəfindən saxlanılıb.

16 iyun 2022-ci il tarixində keçirilən dinc etiraz aksiyasında İran polisi tərəfindən saxlanılanlar:

Huşənq Nəqizadə
Mikayıl Qolipur
Əmir Rzaabadi
Həmid Əkbərzadə
Rza Əkbərzadə
Həmid Purvəli
Yunis Məhmud
Calal Dehqani
İslam İmani
Məhəmməd Mostəfai
Həkimə Əhmədi
İbrahim Azəroğlu
Vəli Zohrabi

Güney Azərbaycanın şərqində təbii ekoloji tarazlığın qorunub saxlanmasında ciddi əhəmiyyətə malik Urmiya gölü son illərdə İran hakimiyyətinin apardığı məqsədyönlü siyasət nəticəsində quruma təhlükəsilə qarşı-qarşıya qalıb. Ehtimal olunur ki, bu siyasəti şərtləndirən əsas maraq həmin bölgənin Azərbaycan türklərindən ibarət çoxluğunun öz əzəli, tarixi və dədə-baba yurdlarını tərk etməsinə nail olmaqdır. Proses sürətlə getməsə də, artıq yaranmaqda olan təbii fəlakəti nəzərə alan bir çox insanın regionu tərk etməsi müşahidə olunur. Gölün quruması ilə ekoloji tarazlıq pozulub, bunun nəticəsində əkinçilik və maldarlıqla məşğul olan yerli əhali İranın müxtəlif bölgələrinə köçməyə məcbur olub. İstənilən Güney azərbaycanlı ilə bu barədə söhbət edəndə onları qəhər boğur, kövrəlirlər, ən xoş anların yaşandığı gölün barəsində xatirə kimi danışmağı qəbul edə bilmirlər.

Mütəxəssislər ciddi tədbirlər görülməyəcəyi halda gölün yaxın 15 ildə yer üzündən silinəcəyi barədə xəbərdarlıq edirlər. Nəticədə Urmiya gölünün ətrafındakı böyük ərazilərin tamamilə səhraya çevrilməsi, müxtəlif ekoloji, sosial, humanitar və təsərrüfat planlı problemlərin yaranması qaçılmaz olacaq. Urmiya gölünün yerləşdiyi coğrafi ərazi Azərbaycan türklərinin ən çox yaşadığı bölgə olduğu üçün Azərbaycan Respublikasının vətəndaşları və cəmiyyəti olaraq, bizim bundan narahatlığımız təbii qarşılanmalıdır.

Azərbaycan Yüksəliş Partiyası İran İslam Respublikasını Urmiya gölü ilə bağlı həyata keçirdiyi məcburetmə siyasətindən əl çəkməyə, gölün su təminatının həyata keçirilməsi üçün gölə axan çaylar üzərində bəndləmələrin dayandırılmasına, göl üzərində olan körpü ilə bağlı ekspertlərin tövsiyələri əsasında önləyici addımlar atmağa çağırır.

Bundan əlavə, Urmiya gölünün qurudulmasına etirazdan dolayı həbs edilən ictimai fəalları, o cümlədən 16 iyul 2022-ci il tarixində keçirilən dinc aksiyada İran polisi tərəfindən saxlanılan 13 nəfər soydaşımızı dərhal azad etməyə çağırırıq.

Məlumat üçün bildirək ki, Azərbaycan Yüksəliş Partiyası olaraq Cənubi Azərbaycanla, o cümlədən Urmiya gölü ilə bağlı məsələləri yaxından izləyirik, bundan sonra da izləməyə davam edəcəyik. Azərbaycanın ictimai-siyasi təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını, medianı bu məsələdə aktiv olmağa, soydaşlarımıza qarşı İran hökumətini məcburetmə siyasətindən daşındırmaq üçün imkanlarını səfərbər etməyə çağırırıq!"




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar