İmişlidə şəhidin adını daşıyan məktəb qəzalı vəziyyətə düşüb - FOTO

22 Oktyabr 2022 17:44    10313 Baxış   
İmişlidə şəhidin adını daşıyan məktəb qəzalı vəziyyətə düşüb -   FOTO

İmişli rayonunda şəhid Yusif Sadatxanov adına Aranlı kənd 1 saylı tam orta məktəbin binası qəzalı vəziyyətə düşüb.

Bu barədə “Report”a həmin məktəbdə təhsil alan bir qrup şagirdin valideynləri məlumat verib.

Valideynlərin sözlərinə görə, bir müddətdir qəzalı vəziyyətdə olan bu məktəb 1972-ci ildə inşa edilib.

Burada iki növbə olmaqla 420 şagirdin təhsil aldığını bildirən valideynlər övladlarının qəzalı və baxımsız tədris ocağında təhsil almalarından narahatlıqlarını ifadə ediblər: “Övladlarımız qəzalı vəziyyətdə olan bu məktəb binasında təhsil alır. Məktəb binasının tavanı uçuq-sökük olduğundan yağış və qar suları birbaşa sinif otaqlarına dolur. Bu da şagirdlərin təhsil almasına, onların dərsə davamiyyətinə mane olur”.

Valideynlər buna görə də aidiyyəti qurumlardan məktəb binasının təmir olunmasını və ya yeni binanın tikilməsini xahiş edib.

Məsələ ilə bağlı təhsil müəssisəsindən “Report”un yerli bürosuna bildirilib ki, hazırda məktəbin yeni binasının tikintisi məsələsi 2022-2023-cü illər fəaliyyət planına salınıb. Qeyd olunub ki, gələn il şəhid Yusif Sadatxanov adına Aranlı kənd 1 saylı tam orta məktəb üçün yeni bina inşa ediləcək.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar