Homerin ilham mənbəyi, İsgəndərin arzusu - İzmirdən reportaj

21 Fevral 2021 16:12    1232 Baxış   
Homerin ilham mənbəyi, İsgəndərin arzusu -  İzmirdən reportaj

Pandemiya dövründə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin birgə proqramı çərçivəsində yerli və əcnəbi turistlərə sağlam turizm xidməti davam edir.

Xəbər verdiyimiz kimi, Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Türkiyəyə səfər edib.

Jurnalistlər bir həftəlik səfər proqramı çərçivəsində ilk olaraq İstanbula, Ankaraya, ardınca isə İzmirin gəzməli-görməli yerlərinə baş çəkiblər. Eyni zamanda da tarixi məkanlarda olublar.

İZMİR...

Türkiyənin incisi olan İzmir haqqında günlərlə deyil, aylarla danışsaq, azdır. Burada qədim yunan-Roma, Bizans və Osmanlı mədəniyyəti bir arada qorunub-saxlanılır.

Şəhərin simvolu hesab edilən Konak meydanı möhtəşəm Saat qülləsi ilə daha cəlbedici görünür. Qüllə 1901-ci ildə Osmanlı sultanı II Əbdülhəmidin taxta çıxmasının 25-ci ildönümü münasibətilə tikilib. Osmanlı hərbi dəniz donanmasının komandanı Səid Paşa tərəfindən inşa etdirilən 25 metr hündürlüyündə qüllə meydanın düz mərkəzində qərar tutub. Fransız memarı Raymond Çarles Pierin layihəsi əsasında inşa edilən qüllədəki saat alman imperatoru II Vilhelm tərəfindən türk-alman dostluğunun yadigarı olaraq sultana hədiyyə edilib.

1901-ci il sentyabrın 1-də keçirilən rəsmi açılışdan sonra Saat qülləsi İzmirin rəmzinə çevrilib. Belə ki, yonulmuş daşlardan tikilən və mərmərlə üzlənən qüllənin ətrafında 4 fəvvarə də var. Göyərçinlərin məskəninə çevrilmiş Konak meydanı İzmirə zəngin və əsrarəngiz bir gözəllik verir.

"KƏMƏRALTI BAZARI"

Sakit təbiəti, mehriban sakinləri, ilk andan xoş ab-hava bəxş edən İzmirdə XVII əsrdə inşa olunmuş Kəməraltı adlı bazar da turistləri cəlb edən məkanlardandır. Konak meydanının yaxınlığında olan bu tarixi bazarın adının maraqlı izahı var. Kəməraltı - bazarın yuxarı hissəsi, üstü örtülüdür deməkdir. Bazara aparan ilk yol 1592-ci ildə tikilmiş Hisar məscidindən başlayır. Kəməraltı təkcə İzmirin deyil, bütövlükdə Osmanlı imperatorluğunun ən mühüm alış-veriş mərkəzi olub. Keçmişdə olduğu kimi, bu gün də alıcı axını kəsilmək bilməyən Kəməraltı bazarı İzmirin mühüm ticarət məkanıdır. Satışda olan ənənəvi keramika, çini qablar, ağacdan hazırlanmış məmulatlar, xalça, kilim və s. xalq sənəti nümunələri qədim tağlı və günbəzli mağazaları olan bazarla sanki bir harmoniya yaradır.

"İZMİR ASANSÖR QÜLLƏSİ"

İzmir minillik sivilizasiyaların, ənənələrin qorunduğu bir məkandır. Bu baxımdan turistləri özünə cəlb edən məkanlardan biri də "İzmir Asansör Qülləsi"dir. Hansı ki, bu liftin də tarixi keçmişə söykənir. Hündürlüyü 58 metr olan bu lift (asansör) İzmir Böyükşəhər Bələdiyyəsinin balansınadadır. Qeyd edək ki, lift 1907-ci ildə yəhudi iş adamı Nesim Levi (Bayraqlıoğlu) tərəfindən inşa edilib. Özəlliyi hündürlükdən şəhərin bütün bucaqlarını örməkdir. İzmiri ovucunun içində görmək istəyənlər bu liftdən rahatlıqla istifadə edə bilirlər.

Hazırladı: Könül Aypara

Bakı-İzmir


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar