Ümidləri doğrultmayan general - Renduliçin Moskvadan Nürnberqə dönüşü

16 Fevral 2023 18:29    19867 Baxış   
Ümidləri doğrultmayan general -   Renduliçin Moskvadan Nürnberqə dönüşü

Onun keçirdiyi hərbi əməliyyatların coğrafiyası bütün Avropanı əhatə edib. 1941-ci ilin iyunun 22-də isə general Lotar Renduliç 52-ci piyada diviziyasının komandiri vəzifəsində SSRİ-nin ərazisinə daxil olub. Belarusiyanın Bobruysk, Roqaçyov, Rusiyanın Bryansk, Kozelsk şəhərlərini əlavə qüvvə olmadan komandiri olduğu diviziya ilə işğal edən Renduliç 1941-ci ilin oktyabrında Moskvanın işğal edilməsi ilə bağlı Vermaxtın hazırladığı “Tayfun” əməliyyatına cəlb edilib. Renduliç ilk dəfə uğursuzluqla məhz bu əməliyyat zamanı üzləşib. O, sonralar yazdığı memuarlarında bu uğursuzluğun səbəblərini belə açıqlayıb:



“Moskvanın işğalı ilə bağlı əməliyyat Berlində hazırlanmışdı. Əməliyyatın hazırlanmasında kəşfiyyat məlumatları xüsusi yer tuturdu. Həmin məlumatlarda bildirilirdi ki, sovet qoşunları Moskvanın sərhədlərini tam əhatə bilmir. Xüsusilə də Moskva Kozelsk (Kaluqa vilayəti) istiqamətindən daha böyük təhlükədə idi. Moskva üçün strateji sayılan bu ərazini biz işğal etmişdik. Digər bir tərəfdən Moskvada əhali arasında güclü panika yaranmışdı. Vəziyyət o dərəcəyə çatmışdı ki, Dövlət Müdafiə Komitəsi şəhərin təxliyəsi ilə bağlı qərar da qəbul etmişdi. Bu və digər səbəblərə görə biz Moskvanı işğal edəcəyimizə tam əmin idik. Amma görünür Vermaxt rəhbərliyi əməliyyatı hazırlayanda digər faktorları nəzərə almayıb. SSRİ-nin paytaxtı uğrunda döyüşlər üç ay davam etdi. Qarşı tərəfdən müqavimət hər gün güclənirdi. Mən hiss edirdim ki, alman qoşunları istər canlı, istərsə də texnika baxımdan tükənir. İrəli getmək mümkün deyildi. Bütün yollar, körpülər dağıdılmışdı. Qoşunlarımıza Almaniyadan kömək göndərmək də problemə çevrilmişdi. Bu döyüşlərdə məğlubiyyətimizin əsas səbəblərindən biri də soyuq hava şəraiti idi ki, alman döyüşçüləri buna tab gətirə bilmirdilər. Vermaxtın “Mərkəz” ordu qrupu Almaniyanın ən güclü hərbi birləşməsi sayılsa da şiddətli döyüşlər bu qrupu tam gücdən salmışdı. Sonradan bizə məlum oldu ki, Moskva uğrunda gedən döyüşlər zamanı İosif Stalin Sibir və Uzaq Şərqdən 18 diviziyanı, 1700 tankı, 1500 döyüş təyyarəsini paytaxt Moskvaya gətirib. Bizim kəşfiyyatçılar isə bundan xəbərsiz olublar...”



1942-ci ildə 35-ci ordu korpusuna komandan təyin edilən Renduliç növbəti uğursuzluqla 1943-cü ilin yayında Kursk döyüşləri zamanı üzləşib. Bu döyüşlər zamanı onun komandamı olduğu ordu korpusu böyük itkilər verib.

Avropa ölkələrində keçirdiyi hərbi əməliyyatlardan fərqli olaraq SSRİ ərazilərində böyük uğurlara imza ata bilməsə də, Vermaxt rəhbərliyinin Renduliçə inamı itməyib. O cümlədən Adolf Hitler də generala böyük ümidlər bağlayıb. 1944-cü ilin aprelin 1-də fürer ona general-polkovnik rütbəsini təqdim edəndə generalın ünvana xoş sözlər deyib. Renduliç öz mümuarlarında həmin məqama da toxunub:

“1944-cü ilin aprelində fürerin qəbuluna dəvət olunmuşdum. Çağırışın səbəbinin bilmirdim. Rütbəmin artırılmasını isə ümumiyyətlə ağlıma gətirmirdim. Cəbhələrdə vəziyyət ürəkaçan deyildi. İçəri keçib əsgəri qaydada özümü təqdim etdim. 3-cü Reyxin yüksək ranqlı məmurları da kabinetdə idi. Hitler çox narahat görünürdü və bunu sezmək bir o qədər də çətin deyildi. O, var-gəl edərək hərbi əməliyyatlar haqqında mülahizələrini söyləyirdi. Bir neçə dəqiqə belə davam etdi. Sonra fürer mənə yaxınlaşdı:

Mən sənə mükafat qaydasında general-polkovnik rütbəsini təqdim edirəm. Sən buna layiqsən. Amma sən daha böyük mükafatlara layiq olmağa maliksən. Biz səndən bunu gözləyirik.
Bu görüşə qədər Hitlerlə bir neçə dəfə görüşmüşdüm. O, həmişə çılğın olurdu, hərəkətlərində qeyri-adi bir çeviklik hiss olunurdu. Amma bu görüşdə Hitler çox miskin görünürdü. Rütbələri mənə təqdim edəndə onun gözündə dərin bir kədər hiss olunurdu. Mən bir hərbçi kimi bu kədərin səbəbini yaxşı bilirdim. Vermaxt qoşunlarının Stalinqrad döyüşlərindəki məğlubiyyəti Hitlerin bütün planlarını alt-üst etmişdi. Məğlubiyyət saatbasaat yaxınlaşırdı...”



Müharibənin son ilində, 1945-ci ilin yanvarın 15-də Renduliç “Şimal” ordu qrupuna komandan təyin edilib. Bu ordu qrupu SSRİ və müttəfiqləri tərəfindən məhv edildikdən sonra ona “Cənub” ordu qrupuna komandanlıq etmək həvalə olunub. Amma bu təyinatlar müharibənin gedişində heç nəyi dəyişməyib. General heç nəyə nail ola bilməyib.

8 may 1945-ci ildə Renduliç öz döyüşçüləri ilə birgə 2-ci və 3-cü Ukrayna cəbhələrinin qoşunları tərəfindən əsir götürülüb.

Renduliç Nürnberqdəki həbsxanada saxlanılıb və digər alman generalları kimi Nürnberq məhkəməsindəki müttəhimlər kürsüsündə ona da “xüsusi” yeri ayırıblar. Məhkəmənin hökmü ilə generala hərbi cinayətkar kimi 20 il azadlıqdan məhrumetmə cəzası verilib. 1951-ci ildə Renduliçin cəzası 10 il azaldılıb və o, 1955-ci ildə azadlığa buraxılıb.



Azadlığı çıxdıqdan sonra Renduliç Avstiyada məskunlaşıb. Hərbi işdən uzaqlaşan general yaradıcılıq işləri ilə məşğul olmağa başlayıb. O, müharibə xatirələrini qələmə almaqla yanaşı, kitablarında II Dünya müharibəsindəki hərbi əməliyyatları dərindən təhlil edib, gələcəkdə SSRİ ilə hərbi qarşıdurmada uğur qazanmağın yollarını göstərib.

Qeyd edək ki, Renduliç 1887-ci ildə Avstriyanın Viner-Noyştadt şəhərində anadan olub. Avstriyada yeganə hərbi təhsil ocağı olan Terezian Hərbi Akademiyasında və Vena Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. General digər həmkarlarından qatı antikommunist olması ilə fərqlənib.

Lotar Renduliç 1971-ci ildə, 83 yaşında Avstriyada vəfat edib. (müsavat.com)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar