Şuşaya məktub- KÖŞƏ

07 Noyabr 2022 22:28    8737 Baxış   
Şuşaya məktub-  KÖŞƏ
Səni görmədən sevdim, Şuşa!


Mən səni sözlərdə tanıyıram. Qələmin və nitqin vəsf edə biləcəyi ən gözəl kəlimlərlə səninlə tanış oldum. Hər kəsdən həyəcanla səni soruşurdum. Xatirələrdə, xəyallarda, hətta xülyalarda belə sənin haqqında nələrsə öyrənmək istəyirdim. Mən səni görmədən tanıdım və deyəsən sevdim... Səni tanıyıb, sevməmək olarmı heç?


Bəlkə biraz səndən danışım...


Eşitmişəm çox etibarlısan, hər qorxan sənə sığınır, sənə pənah gətirir. Bir də deyirlər elə xoş səsin var ki, insanları ibadətə çağırır sanki sözlərin. Hətta xasiyyətin o qədər mülayimdir ki, dinindən, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq hər kəs sənin dostun olmaq istəyir. Hər kəsin səndə sevdiyi, mənim isə məftun olduğum bir özəlliyin də var. Sən hamı kimi deyilsən, müasir olsan da öz keçmişinə, dəyərlərinə bağlısan. Bəlkə də səni hamıdan fərqli edən elə budur?! Bir də hər zaman yaxana taxdığın o gül.. İndiyə kimi heç kəsdə, heç yerdə görməmişəm... Amma bir şöhrətin var ki, adın səslənəndə kimi notlarla ürəyinin intizarını dilə gətirəcək, kimisi də şair olub sözlərlə qəlbimizi ovsunlayacaq.



Səndən həmişə gözəl xatirələrlə danışardılar. Amma bir gün sanki bağlı gözlərim açıldı.. Sözlərdə eşitdiyimi, yəni səni, görmək istədim. Deyir insan toxunmaqla hiss edər, amma mənə səni görmək belə nəsib olmadı. 30 il səni axtardım.. 25 il bu həyatda yaşasam da sanki ruhum məndən öncə səni görmək üçün gəlmişdi.. Kimə yaxınlaşsam, səni soruşsam sadəcə susurdular..


“Adını belə səsləndirməyə kimdəsə cəsarət yoxdurmu?” deyə var gücümlə, səsimin bütün dünyada eşidiləcəyinə güvənərək qışqırdım. Bir zamanlar sənin arxa-dayaq olduğun o çarəsiz, qan içində, fəryad dolu səsiylə səni səsləyən, bağrından körpəsi qoparılan o ananın igid oğlu qarşımda idi. Mən səni sevdiyimi düşünürdüm. Səni mənə qaytarmaq üçün o igidi qan içində görəndə səni daha çox sevdim. Sənin daha çox sevgiyə layiq olduğunu anladım.


Mənə səndən xatirə yaxana hər zaman taxdığın o gül qalmışdı. Mücrümdə gözbəbəyim kimi qoruduğum o xarıbülbülü deyirəm. Yəqin məndən inciməzsən, artıq o məndə deyil.. Qorxma, itirməmişəm onu. Şuşam, indi Xarıbülbülün səni həqiqətən sevən o igidin döş nişanıdır...



Elnurə Cəfərzadə,
QEYD Sosial-Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar