İran bütün “qırmızı xətləri” keçir -TƏHLİL

23 Martt 2023 11:35    5479 Baxış   
İran bütün “qırmızı xətləri” keçir -TƏHLİL

Azərbaycanın 44 günlük Vətən müharibəsində böyük Zəfərini həzm edə bilməyən İran heç cür sakitləşmək bilmir. Qələbədən ötən müddət ərzində hər gün demək olar ki, İranın təxribatları ilə üzləşirik. Ermənistanla münasibətləri hər addımda dərinləşdirən Tehran rejimi Azərbaycana qarşı təhdidlərini, hədələrini son vaxtlar daha da artırıb. Bu təhdidlərin son günlər açıq müstəviyə keçməsi isə İranın məqsədlərinin nə qədər çirkin olduğunu bir daha göstərir.

Azərbaycanın haqlı savaşı zamanı Ermənistana hər cür, o cümlədən hərbi dəstək verən Tehran bu dəstəyini müharibənin bitməsindən sonra azad etdiyimiz sərhəd boyu zonanın qarşı tərəfində irimiqyaslı hərbi təlimləri ilə bir daha ortaya qoydu. Maraqlı və sual doğuran nüans odur ki, Azərbaycanın sözügedən sərhədi 30 il Ermənistanın işğalı altında olduğu müddətdə İran bir dəfə də olsun burada hərbi təlim keçirməmişdi. Nəinki hərbi təlim keçirməmiş, ümumiyyətlə, Ermənistanın 30 il ərzində İranın müsəlman qardaşı olan Azərbaycanın ərazilərini işğal etməsini bir dəfə də pisləməmişdi. Vətən müharibəsindən sonra isə Ermənistan sərhədlərinin toxunulmazlığını İranın “qırmızı xətti” elan etdi.



Bundan başqa, İran həyasızlığını davam etdirərək, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərindəki separatçı tör-töküntüləri üçün qeyri-qanuni yük daşımalarını da sürdürürdü. Yalnız Azərbaycanın kəskin və qətiyyətli addımlarından sonra Tehranın bu həyasızlığının qarşısı alındı.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli bəyanatında nəzərdə tutulan kommunikasiyaların və yolların açılmasını nəzərdə tutan müddəanın icrasına bu gün məhz İranın əsas maneə olduğu şübhəsizdir. Ermənistandan çox İran Azərbaycanın qərbi ilə Naxçıvan arasında quru yolunun bərpasını əngəlləyir. İqtisadi tərəfləri ilə yanaşı, İran bu məsələnin siyasi ağırlığı altında da inildəyir.

İranın Ermənistanın Qafan şəhərində tələm-tələsik konsulluq açması, eləcə də əhalisinin mütləq çoxluğunu Azərbaycan türklərinin təşkil etdiyi, bütün dünya azərbaycanlılarının özünə mənəvi paytaxt bildiyi Təbrizdə Ermənistan konsulluğunun açılmasının planlaşdırıldığına dair bəyanatlar Tehranın hansı bəd oyunların başında durduğunu göstərir.

İranın terror dövləti olduğu bütün dünyaya məlumdur. Tehran çirkin məqsədlərinə çatmaq üçün terrora əl atmaqdan heç vaxt çəkinməyib. Bu ilin əvvəlində Azərbaycanın Tehranda səfirliyində törədilmiş terror aktı bunun bariz nümunəsidir.



Səfirliyin bir əməkdaşının şəhid olması, ikisinin yaralanması ilə nəticələnmiş silahlı hücumun Tehran rejiminin planlaşdırdığı və həyata keçirdiyi terror aktı olduğu heç kimdə şübhə doğurmur.

Diqqət çəkən məqam ondan ibarətdir ki, İran təhdidlərini təkcə Azərbaycana deyil, onun ən yaxın müttəfiqi Türkiyəyə qarşı də yönəldir. Azərbaycan-Türkiyə ittifaqından, qardaşlığından hədsiz narahatlığını gizlətməyən Tehran rejiminin son hərəkətləri Bakı ilə yanaşı, Ankaraya da ünvanlanıb.

Tehran rejiminin son günlər səsləndirdiyi bəyanatlar, atdığı addımlar artıq onun bütün “qırmızı xətləri” keçdiyini söyləməyə əsas verir. Dünyanın nüfuzlu ölkələrinin terror təşkilatı kimi tanıdığı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hazırladığı son animasiya videosunda Araz çayı üzərindən Azərbaycan tərəfə uçan hansısa quşun sonradan kamikadze dronlara çevrildiyi əksini tapıb. Animasiya görüntüsü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur “Laçın” şeirini səsləndirməsi ilə müşayiət olunur.



Bununla yanaşı, video Azərbaycana birbaşa, Türkiyəyə isə ad çəkmədən hədə başlığı ilə paylaşılıb: “Əliyev və dəstəkçilərinə mesajımız açıq: Bir gün gələcəyik”.

Bununla yanaşı, İran mənbələri Təbrizdəki aviabazanın tam döyüş hazırlığı, ölkənin Hərbi Hava Qüvvələrinin İran-Azərbaycan sərhədində patrul xidməti aparmaq üçün adi rejimdən döyüş hazırlığı vəziyyətinə gətirildiyi, Azərbaycanla sərhəd boyu uçuşlar həyata keçirildiyi barədə xəbərlər yayır. İran hərbi təyyarələri Azərbaycanla sərhəd boyu bir neçə gün əvvəl də uçuşlar etmiş, rəsmi Bakı bununla bağlı qarşı tərəfə kəskin etirazını bildirmişdi. Lakin İran istər bu, istərsə də qonşuya yaraşmayan digər hərəkətlərindən çəkinmək niyyətində görünmür. Azərbaycana qarşı təhdidlərin, hədələrin miqyası günbəgün genişlənir. Azərbaycan və Türkiyəni hədəfə alan İranın riyakar, qəsbkar və hiyləgər siması bütün dünyanın gözü qarşısında açılır. Tehran son hərəkətləri ilə Azərbaycana qarşı təcavüz planlarının olduğunu artıq gizlətmir.

Regionda yaranmış yeni reallıqlar İranın yuxusuna haram qatıb. Çünki Azərbaycanın güclənməsi, ən yaxın müttəfiqi və ortağı Ermənistanın rəzil duruma düşməsi İranın planlarını alt-üst edib. Özünü bölgənin ağası sayan Tehranın imkanları əlindən çıxdıqca daha da azğınlaşır. Molla rejimi Azərbaycanı, Türkiyəni hədələmək həddinə qədər harınlamış kimi görünür. Ancaq özünə böyük dövlət deməklə, böyüklük olmur. Başqa ölkəni təcavüzlə, hücumla hədələyən İran ən yaxın müttəfiqi Ermənistan qədər kiçik və rəzildir. Yaxşı olar ki, Tehran elə dostu-qardaşı İrəvanın aqibətindən nəticə çıxarsın. Azərbaycanla Türkiyə isə qarşısına qoyduğu məqsədə hər zaman çatıb və çatacaq. Tehran və onun müttəfiqləri hər nə qədər animasiya filmlərində quş uçurtsalar da…(müsavat.com)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar