Azərbaycanda Qurban bayramı qeyd olunur

00:03    140 Baxış   
Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur.

Dominant.az xəbər verir ki, bu il Azərbaycanda Qurban bayramı may ayının 27 və 28-nə təsadüf edir.

Qeyd edək ki, Qurban bayramı və ya Dini qurbankəsmə bayramı - islam aləminin müqəddəs bayramlarından biridir. Bütün müsəlman aləmində hər il Qəməri (Ay) təqvimində zil-hiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir.

Qurbankəsmə ayini təmiz şəraitdə, münasib yerlərdə icra edilməlidir. Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Keçinin və qoyunun yaşı bir ilə yaxın, öküzün və inəyin bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.

Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Qurbanlığın ən gözəl bölgüsü belədir - bir hissəni qurban sahibi özünə götürür, digər hissə fəqir və kasıb ailələrə göndərilir, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

Qurban bayramı ən qədim bayramlardandır. Dini qurbankəsmə mərasimi islamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.

Hicrətin (Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurbankəsmənin islam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurbankəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.

Dini qurbankəsmə İbrahim peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Lakin Allah bunu öz elçisinə rəva bilmir və qurbanlıq üçün ona bir qoç göndərir. Bu barədə Quranda yazılıb.

Həmçinin qeyd edək ki, islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi, 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində qeyd edilir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar