Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində taleyüklü əhəmiyyət daşıyan günlər az deyil. Lakin bu tarixi hadisələr sırasında 15 İyun – Milli Qurtuluş Günü xüsusi yer tutur. Bu gün müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunması və davamlı inkişaf strategiyasının formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Məhz 15 İyun 1993-cü il Azərbaycanı dərin siyasi böhrandan çıxararaq müstəqillik yolunda inamlı inkişafın əsasını qoymuş, milli dövlətçilik tariximizin ən şərəfli səhifələrindən birinə çevrilib. Bu tarixi dönüşün müəllifi isə Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevdir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan son dərəcə mürəkkəb geosiyasi və daxili siyasi proseslərlə üzləşmişdi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı davam edir, ölkə daxilində hakimiyyətsizlik, xaos və qeyri-sabitlik hökm sürürdü. Sosial-iqtisadi vəziyyət ağırlaşır, dövlət idarəçiliyi mexanizmləri iflic vəziyyətinə düşür, ölkənin gələcəyi ciddi təhlükə altında qalırdı. Azərbaycan müstəqilliyini yenicə bərpa etməsinə baxmayaraq, dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ilin iyun hadisələri ölkədə yaranmış böhranın ən yüksək həddə çatdığını göstərirdi. Vətəndaş qarşıdurması, separatçılıq meyilləri və siyasi qeyri-sabitlik dövlətin mövcudluğunu təhlükə altına almışdı. Belə bir mürəkkəb və taleyüklü şəraitdə xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu. Azərbaycan xalqı öz taleyini zəngin dövlətçilik təcrübəsinə malik böyük siyasi xadimə etibar etdi.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin ictimai-siyasi həyatında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Həmin tarixdən etibarən dövlətçiliyin möhkəmləndirilməsi, milli birliyin təmin olunması və sabitliyin bərpasına yönəlmiş ardıcıl siyasət həyata keçirilməyə başladı. Sonralar xalqın iradəsinin ifadəsi olaraq bu əlamətdar gün Milli Qurtuluş Günü kimi rəsmiləşdirildi. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ölkədə ilk növbədə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət institutları gücləndirildi, qanunsuz silahlı birləşmələrin fəaliyyəti məhdudlaşdırıldı, separatçılıq meyillərinin qarşısı qətiyyətlə alındı. Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin olundu və gələcək inkişafın etibarlı siyasi təməli formalaşdırıldı. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin mühüm nəticələrindən biri 1994-cü ilin may ayında Ermənistanla atəşkəs razılaşmasının əldə olunması oldu. Bu addım ölkədə sabitliyin daha da möhkəmləndirilməsinə, iqtisadi dirçəlişin sürətləndirilməsinə və müasir ordu quruculuğu prosesinin başlanmasına əlverişli şərait yaratdı. Sonrakı illərdə Azərbaycanın hərbi qüdrətinin formalaşdırılması və ərazi bütövlüyünün bərpası istiqamətində qazanılan uğurların təməli məhz həmin dövrdə qoyuldu.
Azərbaycanın müasir inkişaf tarixində mühüm mərhələlərdən biri də 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” oldu. Bu strateji sənəd ölkəmizin enerji siyasətində yeni dövr açdı, Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sisteminə inteqrasiyasını sürətləndirdi və ölkəyə iri həcmli xarici investisiyaların cəlb edilməsinə imkan yaratdı. “Əsrin müqaviləsi”nin məntiqi davamı olaraq Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kimi qlobal enerji layihələri reallaşdırıldı. Nəticədə Azərbaycan regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan və beynəlxalq nəqliyyat-kommunikasiya layihələrinin əsas iştirakçılarından birinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin mühüm istiqamətlərindən biri də hüquqi dövlət quruculuğu idi. Bu baxımdan 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəsna əhəmiyyət daşıyırdı. Müstəqil Azərbaycanın ilk Konstitusiyası insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyənləşdirdi. Əsas Qanunda hakimiyyət bölgüsü prinsipi təsbit edildi, demokratik idarəçilik mexanizmlərinin hüquqi əsasları yaradıldı, qanunun aliliyi, söz və vicdan azadlığı, mülkiyyət toxunulmazlığı kimi fundamental prinsiplər öz əksini tapdı. Konstitusiya Azərbaycanın demokratik, hüquqi, dünyəvi və unitar dövlət olduğunu təsbit etməklə ölkənin inkişaf istiqamətlərini müəyyənləşdirdi. Bu sənəd müstəqil dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, vətəndaş cəmiyyətinin inkişafında və hüquqi islahatların həyata keçirilməsində mühüm hüquqi baza rolunu oynadı.
Ümummilli Lider eyni zamanda uzunmüddətli inkişaf hədəflərinə hesablanmış sistemli dövlət quruculuğu siyasəti həyata keçirirdi. Onun rəhbərliyi ilə iqtisadi islahatlar genişləndirildi, bazar münasibətlərinin inkişafı üçün əlverişli mühit yaradıldı, özəlləşdirmə proqramları qəbul edildi və xarici sərmayələrin cəlbi istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyevin xarici siyasət kursu milli maraqlara əsaslanan, praqmatik və balanslaşdırılmış strategiya kimi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət etdi. Onun rəhbərliyi ilə ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanındı, regional və qlobal layihələrdə fəal iştirakçıya çevrildi.
Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan sürətli inkişaf yolunu davam etdirərək regionun lider dövlətinə çevrilmişdir. Məhz Heydər Əliyev siyasətinin uğurlu davamı nəticəsində Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı, işğal altında olan torpaqlarını azad etdi. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin dövlət suverenliyi tam bərpa olundu. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında yalnız tarixi hadisə kimi deyil, dövlətçiliyin qorunmasının, milli həmrəyliyin və gələcəyə inamın təntənəsi kimi yaşayır. Bu gün Azərbaycanın bugünkü uğurlarının, əldə olunmuş Zəfərin və tam təmin edilmiş suverenliyinin siyasi təməlini təşkil edir.
15 İyun tarixi Azərbaycan xalqının yaddaşında daha bir əlamətdar hadisə ilə də əbədi həkk olunub. 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldən, qardaşlıq və müttəfiqlik əlaqələrinin hüquqi-siyasi əsaslarını müəyyən edən tarixi sənəddir. Bu Bəyannamə eyni zamanda regionda yeni təhlükəsizlik mühitinin və geosiyasi reallıqların formalaşmasına mühüm töhfə verdi. Dünyada və regionda baş verən son hadisələr bu sənədin strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Bu gün Azərbaycan yalnız əldə etdiyi uğurlarla deyil, yaratdığı yeni siyasi, iqtisadi və diplomatik reallıqlarla da beynəlxalq münasibətlər sistemində mühüm yer tutur. Milli Qurtuluşdan başlanan yol bu gün Zəfər və Suverenlik zirvəsinə yüksəlmişdir. Bu yol xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin qüdrətinin və Liderimizin uzaqgörən siyasətinin təntənəsidir. Heç şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqlik, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və xalq-iqtidar birliyi Azərbaycanın gələcək inkişafını, yeni uğurlarını və daha böyük qələbələrini təmin edəcək.
DİLARƏ CƏBRAYILOVA,
V çağırış Milli Məclisin deputatı, 295 nömrəli tam orta məktəbin direktoru