İsveçrədə keçirilən ABŞ və İran arasında danışıqların başa çatmasından sonra dünya bazarında neftin qiyməti azalıb.
Dominant.az “Əl-Cəzirə”yə istinadla xəbər verir ki, buna səbəb Tehranın neft və neft-kimya məhsullarının ixracı üçün güzəştlər əldə etdiyini bildirməsi və qlobal bazarlarda tədarük çatışmazlığı ilə bağlı narahatlıqların azalması olub.
Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,68 dollar və ya 2,09 faiz azalaraq 78,89 dollara enib.
Danışıqların gərgin başlaması fonunda qiymətlər 82,3 dollar səviyyəsində idi. Buna ABŞ Prezidenti Donald Trampın İrana qarşı müharibənin yenidən başlanması ilə bağlı təhdidləri və Tehranın Hörmüz boğazını yenidən bağladığını elan etməsi təsir göstərmişdi.
“SS WealthStreet” tədqiqat şirkətinin təsisçisi Suqandha Saçdeva bildirib ki, qiymətlərin azalması əsasən ABŞ və İran arasında diplomatik razılaşmanın əldə olunacağına dair gözləntilərin artması ilə bağlıdır. Onun sözlərinə görə, bu, İrana qarşı tətbiq olunan sanksiyaların gələcəkdə yumşaldıla biləcəyi ilə bağlı ümidləri gücləndirib.