Krım körpüsü partladılıb, Rusiya hökuməti xüsusi komissiya yaradıb

08 Oktyabr 2022 12:25    8742 Baxış   
Krım körpüsü partladılıb, Rusiya hökuməti xüsusi komissiya yaradıb

Rusiyanın Baş naziri Mixail Mişustin Krım körpüsündə baş verən partlayışla bağlı hökumət komissiyasının yaradılması barədə fərman imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Bundan başqa, dövlət qurumlarından qeyd edilib ki, mövcud duruma baxmayaraq, Krıma yanacaq təminatı davam edəcək.

12:00
Krıma hərəkət edən qatarlara bilet satışı dayandırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, Krım və Krasnodar arasında əlaqələni təmin etməkdən ötrü 4 yaxud 5 bərədən istifadə olunacaq.

Rusiya Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, Krım körpüsündə partlayış zamanı dizel yanacağı olan qatarda baş verən yanğın söndürülüb.

Ölkənin Nəqliyyat Nazirliyi partlayış nəticəsində körpüyə dəymiş ziyanı, bərpa işlərinin həcmini və bunun üçün lazım olan zamanı qiymətləndirməyə başladıqlarını elan edib: “Krımın əhalisini və iqtisadiyyatını mal və məhsullarla təmin etmək üçün yeni logistik sxemlər hazırlanıb”.

Bundan başqa, Krım körpüsünün oktyabrın sonunadək bağlandığı açıqlanıb.

10:40
Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasını araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

“Report” TASS-a istinadən bildirir ki, bunu dövlət başçısının sözçüsü Dmitri Peskov deyib.

O qeyd edib ki, V.Putin hadisə ilə bağlı Rusiyanın Baş naziri Mixail Mişustinlə yanaşı, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin, hüquq-mühafizə orqanlarının hesabatlarını dinləyib.

D.Peskov söyləyib ki, Rusiya Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin rəhbərləri hadisə yerinə gediblər.

Bundan başqa, Rusiyanın Terrorla Mübarizə Komitəsi Krım körpüsündə baş verən partlayışın ilkin səbəbini açıqlayıb. Qurumdan bildirilib ki, körpüdəki 7 yanacaq çəninin yanmasının səbəbi yük maşınının partladılması olub.

08:56
Krım körpüsündə yanacaq çəni yanıb, oradakı nəqliyyatın hərəkəti dayandırılıb.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Taman" yol idarəsi məlumat verib.

Krımın fövqəladə hallar xidmətinin məlumatına görə, körpüdə qatarların hərəkəti də dayandırılıb.

"Naviqasiya tağlarına ziyan dəyməyib. Səbəb və nəticələr barədə danışmaq tezdir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır", - yerli orqanlardan bildiriblər.

Qeyd edək ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar