"Putin unutqan yaddaşa və dəyişkən mövqeyə malik Baydeni neytrallaşdırmaq istəyir"

19 Martt 2021 13:57    9535 Baxış   
"Putin unutqan yaddaşa və dəyişkən mövqeyə malik Baydeni neytrallaşdırmaq istəyir"

ABŞ Prezidenti Co Baydenin “qatil” adlandırdığı Rusiya Prezidenti Vladimir Putinin buna necə reaksiya verəcəyi maraqla gözlənilirdi. Rusiya liderinin cavabı çıx gecikmədi, o, gözləntilərin əksinə, sərt münasibət göstərmədi, həmkarını dialoqa çağırdı.

Azərbaycan Yüksəliş (AY) Partiyasının başqanı Anar Əsədli düşünür ki, Putinin anidən bu təklifi irəli sürməsində ana xətt yeni formalaşan ABŞ Administrasiyası ilə konfrontasiyanın dərinləşməsinin qarşısını almaq niyyətindən ibarətdir:

"Rusiyanın son illərdəki bir sıra siyasi diplomatik və hərbi gedişlərinə nəzər yetirmək lazımdır. Bir neçə məqamı diqqətə çatdırım:

1. Rusiya ABŞ-ın lap yaxınlığında yerləşən Venesuelanın prezidenti Maduroya qarşı Pentaqonun hazırladığı çevriliş cəhdinin qarşısını ala bildi.

2. Rusiya regionun Türkiyə və İran kimi super güclərini Suriyada özünə ortaq mövqeli duruma gətirərək, ABŞ hərbi qüvvələrini oradan kənarlaşdırdı.

3. Rusiya ABŞ-ın iqtisadi düşməni olan Çinin ABŞ bazarına müdaxiləsini təşkil edə bildi.

4. Rusiya, Qərb ölkələrinin və ABŞ-ın səs-küylü bəyanatlarına baxmayaraq, Gürcüstanın, Moldovanın və Ukraynanın müəyyən hissələrini əsarətdə saxlaya bildi.

Və ən əsası - Rusiya Amerikanın istədiyi zəiflikdə olsaydı, Rusiyanı elə öz daxilindəki antaqonist güclər tərəfindən çoxdan parçalayıb dövlətlər yaradardılar. Amma edə bilmirlər".



"Bu sadaladığımız faktlar göstərir ki, Rusiya, xüsusən Putin Administrasiyası ABŞ-dan qətiyyən çəkinmir. Sadəcə onlayn dialoq təklifində məqsəd Rusiyanın öz maraq dairəsində olan iqtisadi layihələrə, öz təsiri altında saxladığı ölkələrə, hərbi-strateji yerləşim planlarına ABŞ əngəlini azaltmaqdan ibarətdir.

Bildiyimiz kimi, Putin keçmiş “KQB” zabitidir, güclü yaddaşa və taktikaya malik siyasətçidir, möhkəm idmançı sağlamlığına malik az sayda dövlət başçılarından biridir, ekstraordinar diplomat keyfiyyətlərinə malik prezidentdir və milyonluq auditoriyanı susqunluq diqqəti ilə özünü dinlətməyi bacaran oratordur. Bu keyfiyyətlərinə güvənərək Putin 78 yaşlı unutqan yaddaşa və dəyişkən mövqeyə malik Baydeni neytrallaşdırmaq istəyir. Yəni, kifayət qədər hiyləgər cavabdır" - deyə partiya başqanı vurğulayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar