Səngərdə bitən general ömrü
“Qarabağda doğulanların Qarabağsız ölməyini istəmirəm”. Ziyarətinə gələndə şəklindən baxan gözlərindən bunu oxudum, cənab general.
Təəssüf ki, Haqqa qovuşandan sonra səni tanıdıq. Bildik ki, Azərbaycan generalı qışın soyuğunda, yayın istisində səngərdə əsgərinin yanındadır. Əsgər kazarmasını, səngəri evi, əsgər oğulları övladı bilənləri itirmək çox ağır olur. Sənin ölüm xəbərini eşidəndə Lələtəpədə dalğalanan Azərbaycan bayrağının necə hönkürdüyünü qulağı karlar eşitməz, o yerlərdə yuva quran quşların harayını ürəyi Vətən eşqi ilə döyünməyənlər bilməzlər. “Polad postu” səndən sonra polad oğullara əmanət qalsa da, onlar da sənsiz sındılar, yoxluğun onları da əydi, cənab general...
Sirr kimi saxladın sənə verilən evi şəhid ailəsinə hədiyyə etdiyini. Bəlkə də bu sirri sonradan bilənlər səni qınadılar da: “General da kirayədə yaşayarmı?”...
Sənin evin, ocağın, oğulun, qızın, doğman uğrunda canını verdiyin Azərbaycan idi...
Vətəni müdafiə edənlərin sırasında yerin boş qaldı. Özün də yaxşı bilirdin ki, bu müharibə “düymə”, “koordinat” müharibəsidir. Hay bizimlə üz-üzə gəlməyə ürək eləməz heç vaxt, bilir ki, söykəndiyi divar yıxılsa, yerlə-yeksan olacağı an məsələsidir.
Polkovnik İlqar Mirzəyevlə qapıbir qonşu idin. Qismətə bax, səngərdə də bir oldunuz, birlikdə vurdular sizi. Və indi haqq dərgahında da yanaşı uyuyursunuz.
Cənab general, polkovnikin anası onun tabutunu qucaqlayıb: “Komandir də yatarmı, ay oğul, dur”, - deyib ağı dilində “irad” bildirirdi. Oğul itirən anaların yuxusu ərşə çəkilər. Ta son nəfəsinəcən gözlədiyinin gəlməyəcəyini bilə-bilə gözləyərlər…
Düşmən sərhədlərimizi pozub hücüm edəndə hansı odla oynadığının fərqinə varmadı. Elə bildi ki, Aprel döyüşlərini dayandırmağı xahiş edənlər bu dəfə də köməyinə çatacaq. Paşinyan sahibindən aldığı tapşırığı erməni xisləti ilə həyata keçirmək istəsə də, Azərbaycan əsgəri onun bütün planlarını pozdu.
Ölümünlə bu xalqı birləşdirib ayağa qaldırdın, cənab general. Qocası, cavanı, varlısı, kasıbı, iqtidarı, müxalifəti bir ağızdan Qarabağ, bir ağızdan Vətən dedi.
Yenə də döyüşlər gedir vurulduğun torpaqlarda. Hər birimiz səfərbərik Vətən üçün, Sənin üçün. “Oğul balalar” dediyin əsgərlərin sənin komandirliyinlə düşməni darmadağın edir. Onlar səni indi daha yaxşı anlayırlar. Axı şəhidlər ölməzlər.
Qanınız yerdə qalmayacaq, qalsa bilin ki, Azərbaycan yer üzündən silinib, Azərbaycan xalqı məhv olub.
Hər səhər günəşi salamlamaq, yurdda od qalamaq və qanımıza susayan düşməni təklənsək belə, məhv etmək bizim alın yazımızdır. Bu böyük millət tarix boyu necə sınaqlardan alnı açıq, üzü ağ çıxıb.
Qarşıda Qələbə var, generalım, Qələbə! Biz də sənin kimi Ali Baş Komandanın əmrinə hazırıq.
Hafiz Təmirov, polis polkovnik-leytenantı