Zaman-zaman Müdafiə Nazirliyində baş verən kadr dəyişiklikləri ilə bağlı müxtəlif jurnalistlərin yazılarına rast gəlirik. Bir də görürük ki, hansısa general, yaxud polkovnik mühüm bir idarəyə rəis, yaxud ordu korpusuna komandir təyin edilib.
Və bu təyinatdan dərhal sonra bizim bəzi jurnalistlər həmin polkovnikin fotosunu paylaşıb şəxsi keşyfiyyətləri haqqında sosial şəbəkədə material yazırlar.
Məsələn, qeyd edirlər: "Əziz qardaşım polkovnik .... 20 ildir orudada xidmət edir, gözəl ailə başçısıdır, 3 övladı var, övladlarından biri xaricdə filan ölkədə təhsil alır, çox iradəli adamdır, ən zəif cəhəti dostlarına olan inamıdır və s...".
Yəni, erməni kəşfiyyat orqanlarının Azərbaycanda korpus komandirinin kimliyini, xarakterini öyrənməyə əlavə pul və vaxt sərf etmir. Elə əlini atıb Azərbaycan jurnalistlərinin yazdığı hazır məqaləni götürür, "dosya"ya əlavə edir. Jurnalistin dərc etdiyi yazıda polkovnikin övladlarının yeri, özünün ən zəif cəhəti göstərilir, bütün xarakteri təsvir edilir. Sabah bu polkovnikin xəyanətə yuvarlanması da çox asanlaşır.
Ordu haqqında yazılan məqalələr xüsusi həssaslıqla hazırlanmalıdır, "qırmızı xətti" keçmədən...
Eyni zamanda, illik 4 milyard büdcəsi olan ordu haqqında heç nə yazmamaq daha böyük biabırçılıq olar. Milyonlarla vəsait yüksək çinli zabitlər tərəfindən oğurlanır, bir neçə yerdə bahalı mənzillər alırlar, ticarət obyektləri qururlar. Hətta oğurladıqları pullarla xaricdə biznes şəbəkəsi yaradırlar, sevgililərinə bahalı maşınlar, evlər hədiyyə edirlər.
Dövlət "Tərtər işi"ndən nəticə çıxarmalı və orduya nəzarəti gücləndirməlidir. Müharibə hələ bitməyib!
Samir Feyruzov