Ruben Vardaryan Qarabağa niyə köçür?

02 Sentyabr 2022 12:06    15909 Baxış   
Ruben Vardaryan Qarabağa niyə köçür?

Erməni əsilli Rusiya vətəndaşı, milyarder Ruben Vardaryan Qarabağa niyə köçür?

Erməni əsilli Rusiya vətəndaşı, milyader Ruben Vardaryan Qarabağa köçəcəyini bəyan edib. Onun Rusiya vətəndaşlığından imtina edərək Ermənistan vətəndaşı kimi Qarabağa köç etməsi ilə bağlı verdiyi qərar kifayət qədər ciddi və düşündürücü hadisədir.

Bu, narahatedici məsələdir, amma Azərbaycanın Qarabağla bağlı diplomatik cəbhədəki hücum taktikası öz bəhrəsini verir. Ermənilərin Laçından tamamilə çıxarılması, Qarabağda erməni silahlı birləşmələrinin qalmayacağı ilə bağlı qərarların verilməsi və Qarabağın beynəlxalq platformalarda müakirə predmetinə çevrilməməsindən sonra belə bir addımın atılması xüsusilə diqqət çəkir.

R.Vardaryan Kremldə çox dərin münasibətlərə malikdir, erməni diasporasının əsas sütunlarından hesab olunan bu adamın Rusiya siyasi və yüksək hərbi elitası ilə ciddi münasibətləri var.

Heç şübhəsiz ki, R.Vardaryanın Rusiya vətəndaşlığından imtina etməsi fərdi təşəbbüs deyil. Bu, Kremlin Qarabağ ətrafında baş verən proseslərlə bağlı növbəti taktiki addımı kimi qiymətləndirilməlidir.

Bəs Rusiya bununla nəyə nail olmaq istəyir, məqsəd nə ola bilər?
Rusiya R.Vardaryanı Qarabağa göndərməklə bir neçə bəndddən ibarət olan planını həyata keçirmək niyyətindədir.

Ən ciddi məqamlardan biri odur ki, Paşinyan Qərbyönümlüdür, R.Vardaryan isə Rusiyayönümlü... Bu o deməkdir ki, bu adam Qarabağda Rusiyanın adamı kimi ənənəvi erməni revanşizminin əsas oyunçusu kimi Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarına ciddi zərbə vura bilər. Hər iki fiqurun kimliyi və tutduğu mövqe ciddi ziddiyyət yaradır. Qarabağ ətrafında çox böyük ziddiyyət yaratmaq üçün atılan bu addım rəsmi Bakı üçün siqnal olmalıdır.

Digər tərəfdən, biz Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığı alacağı ilə bağlı bəyanatlar verir, siyasi iradə nümayiş etdiririk. O zaman sual olunur, bizim bu istiqamətdəki bəyanatlarımız nə dərəcədə reallığa uyğundur ki, milyarder Qarabağa köç edərək belə bir riski də gözə alıb?

Həmçinin, R.Vardaryan Qarabağı müxtəlif ölkələrdə yaşayan erməni əsilli iş adamları üçün “cəlbedici” zonaya çevirmək niyyətini güdür. O, bununla ermənilərin Qarabağa kütləvi axınını və ora sərmayələrin yatırılmasını təmin etməyə çalışacaq.

ABŞ Azərbaycan-Ermənistan arasındakı danışıqları, Qarabağ ətrafında baş verən prosesləri ciddi şəkildə nəzarətdə saxlayır. Vaşinqton bu istiqamətdə bütün işlərini də Avropa İttifaqı vasitəsilə həyata keçirir. Azərbaycan və Ermənistan prezidentlərinin Brüssel görüşü ABŞ-ın region üçün açdığı pozitiv platformalardan biridir. ABŞ hazırkı mərhələdə Cənubi Qafqazda stabilliyin təmin edilməsinin tərəfdarıdır.

Hazırkı situasiyada Rusiyaya da Cənubi Qafqazda stabilliyin təmin edilməsi lazımdır. Ciddi sanksiyalarla üz-üzə qalan, Ukraynada aparılan müharibə nəticəsində bütün enerejisini ora yönəldən Rusiya üçün Cənubi Qafqazda hansısa alovlanma arzuolunan hal hesab oluna bilməz. Amma proseslərin təhlili göstərir ki, Rusiya Qarabağla bağlı ciddi bəndləri özündə nümayiş etdirən mərhələləri plan hazırlayıb.

Azərbaycanın Rusiya ilə strateji münasibətləri - siyasi, iqtisadi və humanitar əlaqələri ən yüksək səviyyədədir. Laçının ermənilərdən boşaldılmasında Rusiyanın gedişləri də təqdir olunmalıdır. Amma bütün bunlar Rusiyanın Azərbaycana qarşı strateji və davamlı səmmiyyətinin ifadəsi hesab ola bilməz.

R.Vardaryanın Qarabağ köç etməsindən sonra Rusiyanın növbəti addımı nə ola bilər?

Bu istiqamətdə ciddi düşünməliyik. Son 10 ildə Rusiya Cənubi Qafqazda “milyarderlər projesi”ndən taktiki şəkildə bir neçə dəfə istifadə edib. Əgər Qərbyönümlü Paşinyanın qondarma rejimin rəhbəri Arayik Arutyunyanı uzaqlaşdırmaq iradəsini açıq şəkildə ortaya qoyacaqsa, o zaman Kremlin əsas adamlarından biri kimi R.Vardaryan önə çəkilə bilər.

Ermənistan hakimiyyəti anlayır ki, Azərbaycanla pozitiv münasibətlərin qurulması onların xeyirinədir, amma hər iki ölkə arasındakı problemlərin həllindən narahat olan qonşularımız var. Yaxın gələcəkdə gözlənilməz və maraqlı proseslərin şahidi olacağıq. Şübhəsiz ki, rəsmi Bakının atdığı addımlar, xüsusilə hücum taktikasını seçməsi ümidvericidir.

Samir Feyruzov




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar