Şəhidimizin yarım qalan sevgi nağılı - "Səni harda gəzim, harda arayım?"

12 Avqust 2024 13:19    3738 Baxış   
Şəhidimizin yarım qalan sevgi nağılı -  "Səni harda gəzim, harda arayım?"

Xətai rayon 55 saylı məktəbdə zəng vurulanda IX sinifdə artıq dərs yekunlaşmışdı. Uşaqlar "him”ə bənd imiş kimi itələşə-itələşə, tələsə-tələsə sinifi tərk etdilər. Samir sinifdə çıxhaçıxda dönüb geriyə baxdı. Nərmin asta-asta, tələsmədən dəftər-qələmini, kitablarını çantasına yerləşdirirdi. Samir sinif yoldaşlarına qoşulub həyətə çıxdı. Məktəbin həyəti də qələbəlik idi. Ayağını sürüyə-sürüyə məktəbin darvazasına çatdı. Getmək istəmədiyi bəlliydi, üzündə həyəcan da vardı. Öz aləmində nəisə götür-qoy edir, qərar verirdi. Qərarlı olduğunu da ayağını yerə bərk dirəməsindən anlamaq olurdu. Gözünü məktəb binasının giriş qapısına zilləyib durdu.

Çox keçmədən sinif yoldaşı Nərmin zərif vücudu ilə qapıda göründü. Qapının elə ağzındaca ətrafa ötəri nəzər saldı. Qələbəlik çəkilmiş, məktəbin bir küncündə aşağı sinfin uşaqları yığılıb oyun oynayırdılar. “Aha, darvazanın yanındakı Samir deyil? O niyə getməyib?” – deyə düşünsə də, ani olaraq Samirin burda tək dayanıb kimisə gözləməsi onu həyəcanlandırdı. Özünü ələ alıb ciddiləşdi. Darvazaya çatıb Samirə, "salamat qal” deyərək yanından tələsik keçib yola çıxdı. Amma kiminsə eyni tələskənliklə arxasınca gəldiyini də hiss etdi. Arxaya dönmədi, fikir vermədi . Arxadan səs eşitdi: “Nərmin”, ayaq saxladı, səsləyən Samir idi...

-Nərmin evinizə gedirsən?
-Hə...
-Nərmin...
-Hə...
-Nərmin, mən, səni... çoxdan demək istəyirdim... mən...
-Hə, Samir, "sən”, "mən”... sonra
-Sonra...sonra...
-Yaxşı mən getdim!
-Getmə! Mən səni sevirəm...

Nərmin bir anın içində qulaqlarına qədər qıpqırmızı qızardığını, həyəcandan titrədiyini hiss elədi. Amma nə cavab verəcəyini anlamadı. Sürətlə ordan uzaqlaşdı. Samir sabah sinfə hamıdan tez gəlmişdi, əmin idi ki, o sinifdə iki böyük arzusu var. Biri Nərmin, o biri işıqlı gələcəyinə gedən yolda qazanacağı, uğurların açarı olan elm-savad... Tam bir il Nərmin susdu. Samiri yenicə görmüş kimi, yenicə tanımış kimi susdu və Samiri sinif yoldaşı kimi yox, başqa cür tanımağa çalışdı. Hər gün yenidən kəşf edir, hər gün yenidən araşdırırdı onu və...

Bir gün gözlər danışdı, sevgilər etiraf olundu, əhd-peyman bağlandı. Məktəbi bitirdilər, Nərmin də, Samir də təhsil arzularının dalınca getdilər, ali məktəbə daxil oldular. Amma bir-birindən qopmadılar... Nərmin auditoriyada oturub müəllimi dinləyərkən, Samiri düşünərkən orta məktəb illəri gözünün önünə gəlirdi. Hətta sinif rəhbəri həmişə Samir hərbçi, Nərmin müəllimə olacaq dediyini yada salıb gülümsəyirdi. "Müəllim düz deyirdi, Samir həmişə tank, mən isə imza çəkirdim. Müəllimim yanılmadı. Samir çalışdı, oxudu, o qədər fəxri diplomlar aldı ki, idmanla məşğul oldu ki, nəhayət sevdiyi peşəni seçdi, hərbçi oldu. Olacaqdı da! Məktəbi qırmızı diplomla bitirən yeganə şagird idi axı...”

Düşünür, gülümsəyir, hərbçi sevgilisi üçün darıxırdı...

Günlərin bir günü Samirin əzizləri, doğmaları yığılıb Nərmingilə gəlirlər. Necə deyərlər, "gözəl qız qapısına elçiliyə el gələr”. Sevgi sevincə, xoşbəxtlik doğmalığa qarışır. Nişan məraimində hər kəs sevinc içərisindəydi, həm də təəccüb bürümüşdü onları.. İlahi,!bu gənclər bir-birinə necə yaraşırdılar, elə bil Tanrı bunları bir-biri üçün yaratmışdı. Nişana gələnlərin içində kimsə “Allah bədnəzərdən qorusun” dedi.

Elə o gündən başladı, arzular, arzular, arzular...

Nərmin yaraşıqlı, hərbi geyimdə yanınca addımlayan nişanlısına baxdıqca ürəyi fəxrlə döyünürdü. Az qalırdı küçədən keçən hər kəsə, hamıya bu yaraşıqlı oğlanı göstərib desin ki, “baxın, bu igid mənim nişanlımdı, gələcəyimdi, fəxrimdi! Bu igid ləyaqətli oğul, əlaçı şagird, intizamlı hərbçi, sadiq nişanlıdı... Hə, baxın Bu Samir mənim Samirimdi, mənə məxsusdu!”

Nərmin belə zamanlarda özünü ağğappaq, topa-topa buludların üzərində hiss edirdi: "Hər şey gözəldi, həyat gözəldi. İnsanlar, ağaclar, çiçəklər, hətta daş asfalt belə gözlərimə gözəl görünürdü. Çünki yanımca bir igid addımlayırdı. Arzular, gələcək planlar, maraqlı söhbətlər, İlahi dünyada bizdən xoşbəxt cütlük varmı?”

“Səni harda gəzim, harda arayım?”

O gün idi, 26 sentyabr, axşam üstü... Nərminin telefonuna zəng gəlir. “Samirdi” - deyib telefona tərəfə şığıyır... “Salam Nərminim, necəsən? Nərmin, mən gedirəm! Müqəddəs yola çıxıram! Gedirəm ki, daha təmtəraqlı dönəm! Gedirəm ki, mənimlə daha çox qürur duyasan! Haqqını halal elə!”

Bax, elə o gündən Nərmin Samir gedən yollara boylanır! Nərmin bir Samiri, bir də Allaha yalvara-yalvara, kövrələ-kövrələ möcüzə gözləyir! Nərmin yuxusuna gələn Samirin yanına dönməsini gözləyir, gözləyir... Yorğun gözləri ümidini itirəndə yaşlar ümidi əvəz edir... çeşmələr ağlayır... Samir dönmür ki, dönmür... Nərmin isə elə hey yollara baxır, baxa-baxa pıçıldayır:

Düşəndə yadıma sənli günlərim
Sinəmdə həsrətdən ocağ qalanır
Başlanır dumanlı, çənli günlərim
Ömrümə qəmli bir ömür calanır

Xəyalın dolanır başımda mənim
Səni harda gəzim, harda arayım?
Bu sevib-sevilən yaşımda mənim
Tanrıdan budurmu məhəbbət payım?

Getdin gözlərində qəmli baxışlar
Mənimlə danışıb gülməyəcəksən
Bəlkə gələcəksən yağan yağışla
Bəlkə də heç zaman gəlməyəcəksən...

P,S. Bu yazı Şəhid leytenant, Vətən müharibəsi qəhrəmanı Samir Əliyevin və nişanlısı Nərminə xanımın nakam sevgisinə həsr olunub.

HAŞİYƏ: Samir Əliheydər oğlu Əliyev (9 avqust 1999; Bakı, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.

Samir Əliyev 1999-cu il avqustun 9-da Bakı şəhərinin Suraxanı rayonunun Zığ qəsəbəsində anadan olub. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun leytenantı, 21 yaşlı Samir Əliyev Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Əliyev sentyanrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə, Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə Samir Əliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Nə yaxşı ki var olmusan, Samir!

Əntiqə RƏŞİD


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar