Həzarat, yaxın oturun, şıdırğı söhbətlər var. Soçidə Vladimir Putinin qara çətirinin altına sığınan Nikol Paşinyan heç bir gün keçmədi ki, qara mollaların ətəyindən yapışdı. Öz ölkəsi kimi İranı da vərəzən günə çıxarmaq eşqinə düşərək, yollandı Tehrana. Cənub qoşumuz da eləmədi tənbəllik, Nikolu rəhmli və mərhəmətli Allahın adı ilə qarşıladı. Hələ qucaqlayıb, üz-gözündən də öpdülər. Hansı ki, çox da uzaq olmayan tarixdə həmin Paşik Azərbaycan torpaqlarında İslam dinində haram sayılan şərab badələrini başına çəkirdi. Özgədən qamarladıqları torpaqlarda sərxoş olub axçelərlə yallı gedirdi. Hansı ki, müsəlmanlar üçün böyük günah hesab edilən əmrlər verirdi, döyüş meydanından xeyli uzaqda yaşayan günahsız müsəlmanları, körpələri, qadınları, qocaları qanına qəltan etdirirdi. Hansı ki, üzərində İkinci Qarabağ müharibəsindən bəri ocağını söndürdüyü yüzlərlə müsəlman ana-atanın ah-naləsi, boynu bükük qoyduğu qoyduğu yüzlərlə körpənin nifrəti var. Hansı ki, boynunda məcburi döyüşə göndərərək qətlə yetirdiyi minlərlə erməni əsgərinin babalı var.
Bu məsələnin bir tərəfi, indi keçək əsas mətləbə. Daha doğrusu, Paşikin İran səfəri mənə illər əvvəl şahidi olduğum real hadisəni xatırlatdı. Qonşumuzda bir kişi vardı: Qulam. Məhəlləmizə zühr edən gündən Qulik ayamasını yapışdırmışdılar kürəyinə. İşi-peşəsi zibilliklərdə içki şüşələrinə yoldaşlıq etmək, bir çubuş araq almaq üçün dilənmək, qonşuların əmlakına göz dikmək, macal tapan kimi oğurluq etmək idi. Ancaq elə bir "dövri zəmanə" gəldi ki, Qulik də başqalaşdı. Sərxoşluqdan əl çəkdi, adını da dəyişib qoydu Qulam. Əvvəlki bitli-birəli görkəmindən əsər-əlamət qalmadı. Oruc tutdu, namaz qıldı. Qardaşımsan, daha nə pəstahlar qalmadı ki, çıxarmamış ola?
İndi də həmin o Qulik fasonu bu Paşikin də İran səfərindən heç gözüm su içmir. Düzdür, İrana hər il minlərlə insan ziyarətə gedir, indi Paşinyan nəyə getmişdi, işim yoxdur, bir özü bilər, bir də böyük bacısı. Mənim qorxum başqa məsələdəndi. Hə, bizim Qulik, daha doğrusu, Qulam mollalığa başlamışdı axı. İrana gedib-gələndən sonra da olmuşdu Məşhədi Qulam. Bizlər də Məşədini görəndə təzim edir, ölülərimizə yasin-quran oxutdururduq. Bir mollaydı gəl görəsən, şəvə saqqalı, qara əbası, qara əmmaməsi, əlində də kəhraba təsbehi. İndi də bizim bu Paşikin Qulikdən nəyi əskikdi axı? Saqqalı yerində, əbayla əmmaməni də geyinən kimi olacaq Məşədi Paşa. Vay ondadı ki, bu Paşa da başlaya mollalığa, Qafanda açılan İran səfirliyinin binasının damına çıxıb azan verə. Hələ yerdən ölü də götürə. Sərhəddə gəbərməsinə vəsilə olduğu erməniləri “əlehim, vəlehim, qəbrə itəlehim” eləyib torpağa quylaya. Nə bilmək olar, hələ Ermənistanın ağlar günə qoyduğu büdcəsindən oğurladığı pullarla Həccə də gedər. İrandakı həcilərdən nəyi əskikdi, elə deyilmi?!
İndi nə deyirsiz, Paşinyanı əmmaləməlimi, yoxsa əmmamələməməlimi?!
Rumiyyə Miraslan