Qanla yazılmış "Səni sevirəm Liza!" sözləri - Azərbaycanın sirrləri

18 İyun 2020 14:49    728 Baxış   
Qanla yazılmış "Səni sevirəm Liza!" sözləri -  Azərbaycanın sirrləri
1923-cü il. Bakı. Bir neçə il öncəyə qədər şəhərin Venesiya memarlıq üslubunda tikilən sarayın restervasiyanı edən fəhlələrdən biri deyir:

- Dayan, divara yazılan qırmızı hərflər nədir?

- Bunu hansı axmaq edib? Görüm nə yazılıb.

- “Я люблю тебя, Лиза!” (mən səni sevirəm Liza!) yazılıb. Qanla yazılıb ki, bu...

- Dayan, silək getsin!

Bu, Azərbaycanın multi-milyonçu, neft sahibkarı, mesenat Murtuza Muxtarovun özünü öldürməzdən öncə öz qanı ilə sevdiyi qadına, həyatının eşqi olan Liza xanım Muxtarovaya son sözləri idi. Bu qanla yazılan sözlərdən sonra Muxtarov silahını çəkərək intihar edir. Gecə ikən onun cəsədi dostu Ağa Hüseyn Davud oğlu molla Əmir tərəfindən gizlincə sarayından çıxarılaraq Əmircan kəndinə aparılır və orada dəfn olunur.

Bu zaman isə onun xanımı, ilk Azərbaycan qadın xeyriyyə cəmiyyətinin ilk fəxri sədri, məşhur sahibkar Murtuza Muxtarovun həyat yoldaşı Liza xanım Tuqanova Batumda idi. Liza xanım vladiqafqazlı general Hambi Tuqanovun böyük qızı olub. M.Muxtarov Vladiqafqaza səfəri zamanı orada Liza xanım Tuqanova ilə evlənib. Murtuza Muxtarovun elçilik mərasimi çox dəbdəbəli və təmtəraqlı keçib, toy mərasimləri 7 gün, 7 gecə davam edib.

Birinci Dünya müharibəsinin əvvəllərində Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinə rəhbərlik edən Liza xanım bu qurumun sıralarında Sara Vəzirova, Pəri Topçubaşova, Rəhilə Qaziyeva və başqalarını birləşdirdi. Xeyriyyəçi qadınlar kasıb ailələrdən olan qızlara qəyyumluq edirdilər. Fəaliyyətində maarifçilik işləri xüsusi yer tutan Liza xanım Muxtarova (Tuqanova) özünün Persidski küçəsindəki (indiki M.Muxtarov küçəsi) möhtəşəm sarayında yetim müsəlman qızlar üçün pansion təşkil etdirdi. Cəmiyyətin həyata keçirəcəyi bütün işlər, zəruri məsələlər onun evində müzakirə olunurdu. Liza xanımın təşəbbüsü ilə qız məktəbində tamaşalar təşkil edilirdi.

General qızı, böyük bir ailənin varisi olan Liza xanım həyat yoldaşının ölümünü eşidib Batumdan Bakıya gəlir. Ərinin ölümü onu çox sarsıdır və digər milyonçu xanımlar kimi o da, o zaman “talan həftəsi” deyilən hadisənin qurbanı olur. Onun da boynunda, boğazında olan qızılları zorla əlindən alırlar. Özünü isə öldürmək istəyirlər. Lakin şəhər ağsaqqallarının işə qarışımasından sonra ona toxunmurlar və icazə verirlər ki, şəhərə çıxmasın, yalnız sarayın zirzəmisində yaşasın.

Muxtarovun ölümündən sonra həyat yoldaşı Liza xanım bir müddət ərinin onun üçün tikdirdiyi sarayın qonşuluğunda yerləşən evlərdən birinin zirzəmisində yaşayır. Ona gün ərzində bir dəfə yemək verirlər. Vaxtilə onun dəstək olduğu bəzi ailələr gizlincə ona yemək gətirib pəncərədən verib gedirdilər. Köhnə bakılılar deyirlər ki, göz yaşları ilə yemək yeyən mesenat xanıma həyat yoldaşının məzarını ziyarətə belə, izn vermirdilər.

Vaxtilə qadın xeyriyyə cəmiyyətində yaxşılıq etdiyi bəzilərinin köməyi ilə Liza xanımın ölkədən qaçması üçün bir yol tapılır. Bu, bir xarici vətəndaşla ailə qurub ölkədən çıxmaq idi. Liza xanım xaricə qaçmaq məqsədilə, saxta da olsa, bir türk paşasına ərə gedib, Türkiyəyə gedir. Lakin orada da bəxti gətirmir. Yol yoldaşı onu aldadaraq son varidatını da əlindən alır və aradan çıxır.

Bəzi mənbələrdə qeyd edilir ki, Liza xanım 1950-ci illərdə Marseldə vəfat edib, amma onun məzarının yerləşdiyi yer barədə heç bir məlumat yoxdur. Digər mənbələrə görə, İstanbulda yaşayıb və orada rəhmətə gedib.

Liza xanım Muxtarova öz sinfinin acı taleyini bütünlüklə bölüşdü. Onun izi qürbətdə, mühacirətdə itdi.
Onların eşqinin nümunəsi olan saray isə Oktyabr inqilabından sonra Əli Bayramov adına Qadın klubu, daha sonra isə Şirvanşahlar muzeyi kimi fəaliyyət göstərib. Daha sonralar uzun illər Nigah evi kimi istifadə olunub.

Dosent Zaur Əliyev


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar