Tanınmış şərabçı: ""Ağdam” şərabı günəş şüaları altında təndirdə istehsal olunurdu"

03 Martt 2021 21:07    1698 Baxış   
Tanınmış şərabçı: ""Ağdam” şərabı günəş şüaları altında təndirdə istehsal olunurdu"

Dominant.az professor, tanınmış şərabcı Vüqar Mikayılovla müsahibəni təqdim edir.

- Sovet İttifaqı dövründə Azərbaycan öz “Ağdam” şərabı ilə məşhur idi. Hazırda bu şərabın istehsalı bərpa edilsə də, əvvəlki mövqeyə sahib deyil. SSR dövründə istehsal edilən ”Ağdam” şərabının özəlliyi nə idi?

- Ağdam şərabının istehsalına 1948-ci ildən başlanılıb. Portveyn tipli tünd şərab idi. Yəni spirtlənmiş şərabdı. “Ağdam” şərabının digər şərablarla müqayisədə məşhur olmasının səbəbi tərkibində şəkərin və spirtin çox olmasıydı. Tərkibində 20 faizə yaxın spirt var idi. Bu da arağın 50 faizi deməkdir. Digər tərəfdən, “Ağdam” şərabının şəkərliliyinin 80 q/dm 3 olması sərxoşluğu tezləşdirirdi. Sovet İttifaqı dövründə Rusiya bazarına həm ucuz, həm də keyfiyyətli içki lazım idi. Bu səbəbdən “Ağdam” şərabının alıcı qüvvəsi böyük idi.

- Bu şərabın istehsalı necə aparılırdı? Hansı sort üzümdən istifadə edilirdi?

- Bayan-Şirə və Rkasiteli sortundan. “Ağdam” şərabının istehsalı günəş şüaları altında təndirdə aparılırdı. Burada da şərabın temperaturu 35-40 dərəcəyə qədər qalxırdı. Şərabın tərkibində melaloyidlərin alınmasına gətirib çıxarırdı. Şərabdan xoş ətir gəlirdi. Bu ətir qovrulmuş fındığa bərabər idi.

- Ruslar buna görə onu sevirdi...

- ”Ağdam” şərabının Moskvada məşhur olması ilə bağlı çoxlu söyləntilər var. Bir dəfə Ağdamın katibi qurultayda iştirak etmək üçün Moskvaya gedir. Qurultaydan sonra qəzet almaq məqsədilə növbəyə dayanır. Birdən administratorun “Ağdam”, “Ağdam” deyə qışqırdığını eşidir. Katib “burdayam, eşidirəm” deyə cavab verir. Adnistrator “siz niyə növbəyə dayanmısınız, bütün ruslar sizin şərab üçün növbəyə dayanır” - deyə bildirir. Katib növbədənkənar buraxılır.

- “Ağdam” şərabı təkcə Rusiyaya ixrac edilirdi?

- Başqa ölkələrə ixrac edilən şərabımız, əsasən, kaqor tipli şərab idi. O da “Kürdəmir” şərabı idi. Kürdəmirdə istehsal edilən bu şərab Şirvanşahı sortundan hazırlanırdı. Tərkibini 23 faiz şəkər, 16 faiz spirt təşkil edirdi. Şərabdan dəymiş gavalı qoxusu gəlirdi. Disert şərabı sayılan “Kürdəmir” şərabları Brejnevin, Vatikanın sevimli içkisi idi. Sovetlər dövründə bu şərab ilk dəfə İtaliyaya ixrac edilirdi.

- Doğurdanmı bu şərab rus çarının göstərişi ilə istehsal edilmişdi?

- Deyilənlərə görə, rus çarı Fransada “Beni Karlo” adlı üzüm sortunun bölgədə tapılması və ondan şərab hazırlanmasına dair göstəriş verir. Tanınmış şərab mütəxəsisi Dolqanov Rusiyanın cənubunda ve Qafqazda dünyanin ən tanınmış şərab markalarından olan “Beni Karlo” kefiyyətində və dadında üzüm sortunu axtarır. Azərbaycanın da bölgələrini gəzir, ancaq həmin sortu tapmır. Kürdəmirdə dəmiryolu stansiyasında bir qadından üzüm alıb vaqona əyləşir. Bir gilə ağızına atan kimi qışqırır ki, "tapdım, Beni Karlo”. Vaqondan düşüb qadının arxasınca qaçır. Qadın bunu görüb qorxur, öz növbəsində o da qaçmağa başlayır. Nəhayət Dolqanov qadına çatır və üzümü hardan aldığını sorushur. Beləcə "Kürdəmir” şərabı ərsəyə gəlir. Şərab Şirvanşah üzüm sortundan hazırlanır. Bu sort da hər yerdə yetişmir.

- Sovet hakimiyyəti dövründə istehsal edilən şərablarla hazırkı məhsulların arasında fərq böyükdür?

- Tamamilə fərqlənirlər. Azərbaycan sovet hakimiyyəti dövründə ən çox şərab istehsal edən ölkə olsa da, şərab mədəniyyətinə görə geridə qalırdı. Azərbaycanın xaricə ixrac etdiyi şərabların əksəriyyəti kordinal şərablar idi. Hazırda istehsal prosesində Avropadan gətirilmiş avadanlıqlardan istifadə edilməsi yeni keyfiyyətli süfrə şərablarının yaranmasına səbəb olub. Azərbaycanın heç vaxt kolleksiya şərabı olmamışdı. “Az-Granata” ilk kolleksiya şərabını istehsal etdi. Belə ki, ötən əsrdə Gəncədə biznesi olan Hummel qardaşlarının şərab zavodunda istehsal edilən və çəlləngdə saxlanılan şərabları aldıq. Zavodun almanlar tərəfindən tikilmiş zirzəmisində 1980-ci ildən saxlanılan şərablar var idi. “Az-Granata”həmin şərabları alıb kolleksiya şərabı kimi istehsal etdi. Azərbaycan 70 il Sovet İttifaqının tərkibində olmasına baxmayaraq, kolleksiya şərabı istehsal etməmişdi.

- Bəs niyə zavodlarımız öz brendlərini dünyada tanıda bilmirlər?

- Bunun üçün vaxt lazımdır. Fransada şirkətlər var ki, birinin illik şərabı 2 avro, digərinin illik şərabı 12 avro təşkil edir. Buna səbəb zavodun tarixinin olmasıdır. Məsələn, Fransa səfiri bir neçə ay əvvəl “Az-Granata”da olarkən “Kəhraba” şərabının dadına baxdı və heç də fransız şərablarından geri qalmadığını dedi. Artıq Azərbaycanda 10-a yaxın şərab istehsalı müəssisəsi var ki, onlar tam inkişaf edib və Avropaya mal çıxarmaq qabiliyyətinə malikdir.

- Əhali şəraba meylli deyil, xaricdə bizim şərabları sevmir? Çünki ixrac qabiliyyətimizi geniş hesab etmək olmaz...

- Şərabçılığın dövlət dəstəyinə ehtiyacı var. Son zamanlar Prezidentin dəstəyi ilə bu sahədə də inkişaf başlayıb. Yaxın 2-3 il ərzində Azərbaycan öz şərab məhsullarını xaricə ixrac edə biləcək. Başqa tərəfdən, şərab məhsullarının reklamına icazə verilməlidir. Televiziyada şərab məhsullarının 23:00-dan tez reklamına icazə verilmir. Halbuki Azərbaycanda üzüm bağları salınırsa, on minlərlə insan üzümçülükdə işləyirsə, alınan məhsul digər məhsullarla müqayisədə çox gəlir gətirirsə, niyə şərab digər qida məhsullar kimi reklam edilməməlidir? Avropada şərab qida məhsulu kimi qəbul edilir, nəinki alkoqol. İnsanlarımıza şərab mədəniyyəti aşılansa, onlar alkoqola meylli olmazlar. Sovetlər İttifaqının əsarəti altında yaşadığımız 70 il müddətində heç bir xeyri olmayan vodka ilə özümüzü zəhərlədik. Halbuki üzümün tərkibində 400- ə yaxın maddə varsa, şərabın tərkibində 800-ə yaxın maddə var. Üzümün suyu insanı xərçəngdən müalicə etmir, ancaq şərab edir. Çünki xərçəngin qarşısını alan əsas maddələrdən biri polisolomoidlərdir. Polisolomoidlər suda həll olunmur. Üzümü sıxanda onlar üzümün qabığında qalırlar. Əzintidə qıcqırma zamanı spirt əmələ gəlir. Həmin spirt üzümün qabığındakı polisolomoidləri özündə həll edir. 10-12 faizlik şərabı qəbul edəndə alkoqol qana tez sovrulduğundan polisolomoidlər də spirtlə birgə qana sovrulur. Diqqət etmisinizsə, Fransada xərçəng xəstəliyi digər ölkələrdən az yayılıb. Başlıca səbəb odur ki, bu ölkədə uşaqlara da şərab içirdilir.

- Hazırda Azərbaycan şərabları hansı ölkələrin bazarına çıxarılır?

- “Azgranata” Yaponiyaya, Çinə, Almaniyaya, Rusiyaya ixrac edir.

- Niyə şərab qaldıqca, dəyər qazanır? Sirr şərabın özündədir, yoxsa çəlləklərdə?

- Doğrudur, şərab istehsal edildiyi tarixdə 2-3 avro olduğu halda palıd çəlləklərdə saxlandıqdan sonra qiyməti artır. Çünki palıd çəlləklərdən çaxırın tərkibinə yasəmən turşusu keçir. Turşu ilə spirt müəyyən ətir meydana gətirir ki, bu da şəraba xüsusi dad verir.

- Azərbaycan şərabının digər ölkələrin istehsal şərablardan fərqi nədədir? Məsələn, dolmanı İndoneziya xalqı da bişirir, biz də. Amma ciddi dad fərqi var.

- Azərbaycanda şərab istehsalı məqsədilə üzüm bağları salındığı zaman mütəxəssislərin rəylərindən istifadə edilmədi. Avropa sortları gətirilərək bağlarda əkildi. Düşündülər ki, Avropa üzüm sortları əkməklə Avropa bazarında yer tuta biləcəklər. Onsuz da avropalı yerli sortdan hazırlanan istehsalı özlərinə məxsus yüksək keyfiyyətli şərabı içmək şansına sahibdir. Avropalıya tanış deyil, fərqli dad lazımdır.

- Yerli üzüm sortlarında ən yaxşısı hansıdır?

- Mədrəsə. Şirvanın Mədrəsə kəndi yaxınlığında yetişir. Yeganə üzüm sortudur ki, böyürtkan dadına malikdir. Yəni digər üzüm sortlarında böyürtkan dadı yox dərəcəsindədir. Bayanşirə, Həməşərə, Kabernet Sauviqnon üzüm sortu da yaxşıdır. Bu üzümlərdən alının şərablar Avropa sortlarından fərqləndiyi üçün avropalılar çox bəyənirlər. Şirvan zonası şərabçılıq, Gəncə, Qazax isə konyak, şampan istehsalı üçün xammal baxımdan daha məqsədəuyğundur.

Mədrəsəni Şamaxıda yetişdirəndə daha dadlı olur, nəinki Xaçmazda. Əvvəllər plan doldurmaq xatirinə hər hektardan 17 ton üzüm alırdıq. Fransada bu qədər üzüm verən bağları kəsib atırdılar. Çünki torpaqda olan mineral maddələr biri var 15 tona paylansın, biri də var 8 tona. Ona görə üzüm bağından 8 ton məhsul götürəndə hazırlanan şərab daha gözəl tama malik olur. Bunun sayəsində də şərabın keyfiyyəti artır.

- Bilirik ki, şərab həm də sağlamlıq üçün vacibdir. İnsan həftə ərzində neçə litr şərab qəbul edə bilər?

- Bu çəkidən asılı məsələdir. Məsələn, 100 kiloqram çəkiyə sahib insan 50 qram spirt qəbul edə bilər. Bu da 450 millilitr şərab deməkdir. Hər bir insan gündə 450 millilitr şərab qəbul edərsə, bunun orqanizmə ziyanı olmaz.

- Yaxşı şərabda neçə faiz spirt olur?

- Yaxşı şərab spirtin dərəcəsi ilə müəyyən edilmir. Şərabın keyfiyyəti qiymətləndirilən zaman torpaq, yağışın miqdarı, suvarılma, günəşli günlərin sayı və sair faktorlar nəzərə alınır. Fransızlar deyir ki, 2012-ci ilin şərabı ən yaxşı şərabdır. Hətta həmin ildə istehsal edilən şərablar 2008-ci il buraxılışdan bahadır. Çünki 2012-ci ildə günəşli günlərin sayı çox olub.

Leyla Əliyeva



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar