“Avqustda IV dalğa olacaq” - Həkim

24 İyul 2021 17:59    1620 Baxış   
“Avqustda IV dalğa olacaq” -  Həkim

“Azərbaycanda IV dalğanın avqustun ortasından sonra baş verməsi gözlənilir”.

Dominant.az xəbər verir ki, bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib. O bildirib ki, IV dalğa zamanı yoluxma sayında daha ciddi artım ola bilər:

“Delta ştammı digərləri ilə müqayisədə minimum üç dəfə daha tez yayılır. Bizdə üç dalğa olub. I dalğada həm hazır deyildik, həm də ciddi qapanmalara getdik. II dalğada isə aktiv yoluxmuş insan sayı 66 minə qədər çatdı, qapanmalara isə 25-30 min nəfərdən sonra gedildi. III dalğada isə dünyanın bir çox ölkəsində qapanma oldu, lakin Azərbaycanda olmadı. Çünki III dalğada aktiv xəstə sayı ən çox 11 minə yaxınlaşdı.

Dövlət yoluxma sürətini təhlil edərək qapanmalara getməyi uyğun görmədi. IV dalğa zamanı isə artıq II dalğada xəstələnmiş şəxslərin immuniteti bitmiş olacaq. Bu isə 100 minlərlə insandır. Həmçinin peyvənd olunmuş insanların da qoruyuculuğu bitəcək və onlar III doza peyvənd vurdurmalıdır.

Azərbaycanda IV dalğa təxminən avqustun ortasından sonra gözlənilir. Hesab edirəm ki, IV dalğa III dalğadan bir az daha güclü olacaq. Qapanmalar, “evdə qal” kampaniyası, iş yerlərinin bağlanması gözlənilir. Biz kifayət qədər yataq hazırlamışıq. Məndə olan məlumata görə, dövlət ciddi şəkildə hazırlıq görüb. Xeyli dərman alınıb, yataq sayları artırılıb, yeni korpuslar açıblar. Hər şeyə hazırdırlar. Buna görə çalışacaqlar ki, bağlamasınlar. Hesab edirəm ki, toylar və digər məclislər bir müddət qadağan olunacaq”.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar