Baş Nazirin İlahiyyat İnstitutu ilə bağlı qərarı həm təqdir olundu, həm tənqid

08 Sentyabr 2020 10:06    1955 Baxış   
Baş Nazirin İlahiyyat İnstitutu ilə bağlı qərarı həm təqdir olundu, həm tənqid
Bir neçə gün öncə Baş Nazir Əli Əsədov Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarının təsdiq edilməsi haqqında qərar imzaladı. Yeni qərarla İlahiyyat İnstitutunda təhsilalanlar pulsuz olaraq xüsusi geyim forması ilə təmin olunacaqlar. Həmçinin bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə aylıq 60 manat yemək xərci ödəniləcək.

Maraqlıdır, cəmiyyət bu qərarı necə qarşıladı? Həmçinin ali təhsil müəssisəsində vahid geyim formasının tətbiq edilməsi və pulsuz verilməsi universitetdə təhsil almaq istəyən tələbələrin sayına mənfi və ya müsbət mənada təsir edə bilərmi? Dominant.az bu suallara həm ekspertlərlə, həm də sosial şəbəkə istifadəçiləri ilə cavab tapmağa çalışıb.



Təhsil eksperti Elçin Əfəndi bu qərarı müsbət qiymətləndirib: “Bildiyimiz kimi, bir sıra xüsusi ali təhsil müəssisələrində vahid geyim forması mövcuddur. Məsələn, Polis Akademiyası, Dövlət Təhlükəsizlik Xidmətinin Dövlət Gömrük Komitəsinin Akademiyaları, Aviasiya Akademiyası və s. Nəzərə almalıyı ki, İlahiyyat Universitetində də xüsusilik var, sərf dini dərslər keçirilir. Bu nöqteyi nəzərdən, İlahiyyat İnstitutunda da vahid geyimin tətbiq olunmasını müsbət addımdır. Geyimin pulsuz verilməsi isə təqdirəlayiq addımdır. Nəzərə alaq ki, tələbə və ya tələbənin valideyni maddi cəhətdən müəyyən qədər irəli düşəcək.

Təzə Pir məscidinin axundu Hacı Mircəfər Əyyubov da vahid geyim formasını dəstəkləyib: “Əgər geyim İslam dininin atributlarına uyğun olacaqsa, yəni müsəlman tələbələr geyinən şəkildə olacaqsa, dini məna ifadə edəcəksə, xüsusilə sadə formada olacaqsa, müsbət qiymətləndirirəm. Sağ olsunlar, tələbələrin xərclərini azaldırlar. Yox əgər, İslamın hansısa meyyarına, tərzinə zidd olacaqsa, təbii ki, bəyənmərik”.

Psixoloq Zeynəb Əyyubova isə bu qərarı tələbələrin geyim azadlığına müdaxilə kimi qiymətləndirib: “Mənə görə, bəzi sahələr var ki, orada geyimdə müstəqillik olmalıdır. Məktəblərdə vahid məktəbli formasını anlayışla qarşılamaq olar. Ancaq universitetlərdə hansısa vahid geyim formasının tətbiq olunması anlaşılan deyil. Əgər islam dininə uyğun olaraq, qızların baş örtükdə gəlməsi tələb olunsaydı, haradasa başadüşülən olardı. Yəni, təlim-tərbiyə ocağı olduğuna görə, müəyyən şərtlər qoyula bilərdi. Ancaq yenə də o fikirdəyəm ki, geyim azadlığı olmalıdır, istər ali təhsil müəssisəsində, istərsə də iş yerində insanın ruhu azad olmalıdır. İnsan özünü rahat hiss etmədiyi məkanda çox qala bilməz”.



Sosial şəbəkə istifadəçilərinin də yeni qərara münasibəti birmənalı olmayıb, vahid geyim formasını təqdir edən də olub, tənqid edən də.

Azər Cəfərov: “Tələbələrə qayğı müsbətdir. Lakin bu, bütün universitetlərdə tətbiq olunmalıdır. Niyə məhz İlahiyyat Universiteti? Bu qərar bütün universitetlərə şamil edilməlidir. Dövlət ali təhsilin pulsuz edilməsindən ötrü yollar axtarmalıdır”.

Elnarə Abbasova: “Ümumiyyətlə, hər tədris ocağının forması olmalıdır. Ancaq yaxşı olardı ki, geyimi özü versin. Bu, həm görünüş baxımından gőzəldir, həm də maddi baxımdan”.

Avtandil Məmmdov: “XXI əsrdə İlahiyyət Unverisitetin bir təhsil subyekti kimi tanınması və oranın diplomunun bir ali təhsili təsdiq edən sənəd kimi qəbul edilməsi o qədər sual doğurur ki, geyim kölkədə qalır”.

Vüsalə Məmmədova: “Niyə vahid geyim olmalıdır? Necə əsaslandırırlar? Anlam verə bilmirəm. Məncə. ehtiyac yoxdur”.

Elyar İslamoğlu: “Naxçıvanda bütün universitetlər vahid geyimdə olurlar. Hətta müəllimlər də xüsusi forma (ağ-qara) geyinir”.

Bəsti İsmayılova: “Yəqin, rahib və rahibələr kimi və ya ravinlər kimi geyimlər keçir ürəklərindən. Əslində, təhsil deyiləndə, yəni orta məktəbdə xüsusi geyim anlaşılandır. İlahiyyatçılar kursantdırmı, vahid geyim geyinələr?”.

Vüsalə Qələndərli: “Universitet tələbələinə pulsuz xüsusi geyim verilməsini anladıq, amma orta məktəb şagirdlərinə niyə verilmir? Heç kitablar normal çatmır. İmkanı olmayan geyim alammır deyə, formasız məktəbə buraxılmırlar. Məncə, dərslərin yüksək səviyyədə keçililməsinə diqqət ayrılmalıdır. Orta məktəblərdə dərs normal keçilmir. Əksər məktəblərdə karantində bir çox müəllimlər, ümumiyyətlə dərs keçmədi. Kasıblar necə çıxacaq bu vəziyyətdən?! İmkansız ailələrin uşaqlarına pulsuz geyim, məktəb ləvazimatı təşkil edilsin, nəinki universitet tələbələrinə pulsuz vahid geyim. Təhsil almaq hamı üçün əlçatan olmalıdır”.

Şahin Əhmədoğlu: “Məcburi geyimin bütün formalarına qarşıyam”.

Fərid İsmayilov: “Tələbə müstəqil fərddir. Hansı dövrdə yaşayırıq ki, universitetlərdə geyim qaydası qoyulsun? İkinci tərəfdən, tələbəni dilənçi yerinə qoymaq lazım deyil. 60 manatı təyin edənin iti belə, o pulla 2 gün dolana bilməz”.

Xəqani Mehtiyev: “Mən dəstəkləyirəm. Naxçıvanda bunun nümunəsi var. Birinin hər gün yeni dəbdəbə geyib gəldiyinin qarşısında, bir geyim dəsti bir həftə əynindən çıxmayan digərləri utanmır və s. hisslərə, düşüncələrə qapılmır”.

Aydın Xıdırov: “Çox pisdir. Sosial ədalət prinsipinin növbəti pozulmasına nümunə. Baş Nazir ayrı-seçkilik edir”.

Zaur Şüküroğlu adlı sosial şəbəkə istifadəçisi isə İlahiyyat İnstitutu ilə bağlı bir sıra ittihamlar səsləndirib: “Pulsuz geyim İlahiyyat İnstitutunun tələbələrinə Türkiyənin dini idarəsi olan Diyanət İşləri Başqanlığının nəzdindəki Diyanət Vəqfinin maddi dəstəyi ilə verilir. Sadəcə olaraq bu institutun guya heç bir xarici ölkənin dini dairələrinə bağlılığının olmadığını göstərmək, həqiqəti ört-basdır etmək məqsədilə bu işə rəsmi qılıf uydurublar. Yəni guya bu pulsuz geyimi Azərbaycan dövlətinin özü verir! Soruşan da yoxdur ki, bəs niyə dövlət bu pulsuz geyim, hətta pulsuz yemək dəstəyini ölkədəki bütün universitetlərin tələbələrinə şamil etmir? Dediyim kimi, dəyirmanın suyu başqa yerdən gəlir çünki. Elə dünən FETÖ yuvasına çevrilən BDU-nun İlahiyyat fakültəsini ifşa olmaqdan qurtarmaq üçün ani bir qərarla bu fakültənin yerində İlahiyyat İnstitutu yaradıb, sərəncamını da ölkə başçısına imzalatdırmadılarmı? Elə düşündülər ki, təhsil qurumunun adı dəyişdirilsə, hələ sərəncamını da prezident verirsə, bu qərar o qurumdakı FETÖ-çülər üçün mükəmməl maska olacaq. Qismən haqlı çıxdılar da. Ancaq çox da yanıldılar. Çünki bilmirlər ki, onlar özlərini ancaq Azərbaycandakı dini sahənin Ramiz Mehdiyevi, Əli Həsənovu "vurulana" qədər gizli saxlaya bilərlər. Elə ki, o güc "vuruldu" bax, onda prezidentin özü ona həmin sərəncamı imzaladanların ardına düşəcək. Mütləq düşəcək...”.

Aytac Şabili





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar