“Ukraynada baş verən qanlı hadisələr hər sahədə olduğu kimi, təhsil sektorunda da bütün regiona mənfi təsir edir”.
Bunu Azərbaycan Yüksəliş Partiyası Başqanının Elm və təhsil məsələləri üzrə müavini İlahə Qurbanlı bildirib.
O qeyd edib ki, son günlər müzakirə mövzusuna çevrilən əsas məsələlərdən biri əslində onillkilərin problemi olan postsovet məkanında rüşvətlə ali təhsil ocaqlarına qəbul olunmuş tələbələrimizin taleyidir.
“İndi müharibə şəraitində bu tələbələrin təhsillərini davam etdirə bilməməsi haqlı olaraq suallar doğurur: həmin tələbələrin təhsilini davam etdirməsinə görə Azərbaycan dövləti məsuliyyət daşıyırmı, daşımırmı? Bu barədə sosial şəbəkələrdə bəzi elm adamlarımız, təhsil mütəxəssislərimiz müzakirə aparırlar. Məsələyə münasibət bildirərkən əvvəlcədən bir vacib məqamı deyim ki, dövlət hər bir vətəndaşının həyatının təhlükəsizliyi üçün məsuliyyət daşıyır. Müharibə gedən zonalardan soydaşlarımızım təxliyəsini hamımız həyəcanla izləyirik. Lakin təhsil güzəşt tanımayan sahədir. Təhsil sahəsindəki güzəşt sabahın savadsız həkimi, müəllimi, mühəndisi və s. ixtisasların sahibidir. Güzəştin adını nə istəsəniz, qoymaq olar - rüşvət, korrupsiya, yerlibazlıq, mərhəmət kimi. Humanizm maddi və fiziki dəstəyə əsaslanmalıdır, təhsil sahəsinə deyil”, - deyə İlahə Qurbanlı vurğulayıb.
Onun fikrincə, Ukraynada təhsil alan tələbələr arasında savadlı, öz gücünə dövlət universitetlərinə qəbul olunanlar da var: “Sözsüz ki, Təhsil Nazirliyi qəbul ballarını, tələbənin oxuduğu zaman topladığı balları nəzərə almalıdır və layiq olanlar uyğun ixtisas üzrə yerləşdirilməlidir. Lakin oxumadan, rüşvətlə Ukraynada universitetlərə qəbul olunmuş tələbələri buradakı təhsil ocaqlarına yerləşdirmək, burada 400-700 arasında bal toplamış tələbələrlə eyni təhsil ocağına köçürmək də haqsızlıqdır. Ukrayna və Rusiyada təhsil alanların əksəriyyəti ya tibb, ya hüquq ixtisasını seçir. Burada həmin ixtisaslarda təhsil alanlar kifayət qədər yüksək bal toplayıblar.
Bu müzakirələr mənə bir hadisəni xatırlatdı: Bir qohumumuz Moskvada böyük məbləğdə rüşvətlə tibb ixtisası üzrə təhsil alırdı. Bir müddət sonra böyük məbləğə bizim Azərbaycan Tibb Universitetinə köçürüldü. Lakin buradakı dərsləri çatdıra bilmədi və sonda həkim ola bilmədi. Bu, bir misaldır. O tanışın rüşvətlə cəmiyyətə vurmaq istədiyi zərəri biz rüşvətsiz, humanizmdən çıxış etməklə, təhsilə bu cür yanaşmaqla ölkənin gələcəyinə zərbə vurmuş oluruq. Heç kim savadsız həkimin və ya hakimin qarşısına çıxmaq istəməz. Yalnız öz gücünə yüksək balla qəbul olunan tələbələr burada ali təhsili davam etdirə bilməlidirlər”.