Sumqayıt təhsil şöbəsinin keçmiş müdirinin renavş arzusu - Tükürpədici faktlar

02 Noyabr 2022 22:13    3504 Baxış   
Sumqayıt təhsil şöbəsinin keçmiş müdirinin renavş arzusu -  Tükürpədici faktlar

2019-cu ilin əvvəllərində Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunan və 2 ildən artıq dövr ərzində bu struktura rəhbərlik etmiş Arzu Əlizadə Regional Təhsil İdarəsi yaradılarkən İdarənin Sumqayıt sektoruna müdir təyin edilib. Dominant.az bu günlərdə bu postunu da itirən A.Əlizadənin qanunsuz əməlləri barədə yenilik.az saytının yayımladığı məqaləni təqdim edir:

Saytımıza daxil olan faktlar, əslində, idarənin həmin dövrkü fəaliyyətinin ciddi araşdırılması və bu hallara hüquqi qiymət verilməsini tələb edir. Saytımıza Maya Camalova adlı şəxs tərəfindən ünvanlanmış yazıda da Arzu Əlizadənin Sumqayıt təhsilinə rəhbərlik etdiyi dövrlə bağlı çox ilginc faktlar sadalanır.


"Keçmiş müdirin teatrı"

A.Alızadə şöbəyə rəhbərlik etdiyi 2 il ərzində 29 məktəb direktoru müavini təyin edib. İndi məlum olub ki, onlardan 14-nün təyinat qanunsuz şəkildə həyata keçirilib. 29 direktor müavinindən 15 nəfəri məktəb daxilindən seçilib, 9 nəfər digər Sumqayıt şəhər məktəblərində, 5 nəfər isə kənar rayon və ya şəhər məktəblərində çalışan şəxslər olub. Təyinatlarda 14 halda “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları” pozulub.

Keçmiş müdirin Evdə Fərdi Təhsil Məktəbi ilə bağlı manipulyasiyaları isə daha ilgincdir. Belə ki, Sevda Əliyeva 2 nömrəli tam orta məktəbdə işində yol verdiyi nöqsanlara görə direktor vəzifəsindən azad olunduğu halda A.Alızadə nədənsə S.Əliyevaya yenidən şans vermək qərarına gəlib və onu Evdə fərdi təhsil məktəbinə direktor müavini təyin edib və boş olan direktor vəzifəsinin icrasını ona həvalə edib. Haqqında çoxsaylı şikayətlərə baxmayaraq, A.Alızadə yenə nədənsə (?!) S.Əliyevaya qahmar çıxıb və onu vəzifəsindən azad etməyib. Yeri gəlmişkən, bu məktəbdə dərs saatlarının bölgüsünün rüşvət əsasında aparılması ilə bağlı müraciətlər qeydə alınıb.

Ancaq tamaşa indi başlayır...

Nəhayət, şikayatlər nəzərə alınaraq, Təhsil Nazirliyi tərəfindən S.Əliyeva direktor əvəzi vəzifəsindən azad edilib və bu iş məktəbin müəllimi Yadigar İmanova həvalə olunub. Ancaq Təhsil Şöbəsindən Y.İmanova bildirilib ki, onun təyinatı formaldır və məktəbin idarəçiliyini S.Əliyeva həyata keçirəcək. Belə halda Y.İmanov həvalədən imtina edib. Daha sonra Təhsil Şöbəsi direktor vəzifəsini məktəbin müəllimi Elnurə Osmanovaya həvalə edib. Ancaq faktiki olaraq bu işi S.Əliyeva həyata keçirib və E.Osmanovanın təyinatı formal xarakter daşıyıb. Bundan sonra E.Osmanova həvalənin icrasından azad edilib və direktor vəzifəsinin icrası şöbənin metodisti İlham Mirzəliyevə həvalə edilib.
Kimya-bilogiya müəllimləri psixoloqa necə çevrilirdi?

Keçmiş müdirin ən populyar işə qəbul mexanizmlərindən biri qeyri-ixtisaslı şəxslərin psixoloq vəzifəsinə qəbulu ilə bağlı olub. Məsələ burasındadır ki, müxtəlif vaxtlarda 7 nəfər şəxs ayrı-ayrı məktəblərə - 12, 22, 28, 36, 39, 43 nömrəli tam orta məktəblərə konkret olaraq psixoloq vəzifəsinə qəbul edilib. Halbuki bu adamlar ibtidai sinif müəllimi, filoloq və kimya-bilogiya müəllimləri olub.
Məktəblərə texniki işçilərin qəbulunda da, nə qədər əcaib səslənsə də, A.Alızadənin öz sistemi olub. Belə ki, Təhsil Nazirliyinin “Məşğulluq alt sistemi”nə daxil edilmədən müxtəlif vəzifələrə işçi qəbul edilib.
Arzunun revanş arzusu

Əldə etdiyimiz məlumata görə, A.Alızadə son olaraq Sumqayıt sektorunda tutduğu vəzifədən azad olunduqdan sonra yaxın çevrəsinə regional idarənin yeni rəhbərliyini rahat buraxmayacağını, informasiya müharibəsinə başlayacağını bildirib. 32 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra etmiş, bu yaxınlarda şagirdlərdən pul tələb etməsi ilə bağlı səs yazısı ilə məşhurlamış Esmira İbrahimova haqqında məlumatın ikinci dəfə mediada gündəmə gətirilməsi, eləcə də E.İbrahimovanın açıqlamalarının təşkil olunması da bu mənada təsadüfi görünmür. Bu fonda A.Alızadənin yaxın günlərdə öz köhnə “silahdaşları”nın da dəstəyi ilə media və sosial mediada yeni kampaniyaya start verəcəyi proqnozlaşdırılır. Vəzifədən azad olunmasını həzm edə bilməyən keçmiş müdir indiki mövqeyi ilə faktiki olaraq həm də təhsil nazirinə qarşı gedir."

Redaksiyadan: Yazıda qeyd olunan iddialarla bağlı Abşeron-Xızı Regional Təhsil idarəsinin də mövqeyini öyrənmək istədik. Lakin idarənin cavabı çox qısa oldu: "Sadalanan faktlar Keçmiş Sumqayıt Təhsil şöbəsinin fəaliyyəti dövründə yol verilmiş hallarla bağlıdır. Məsələ ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən araşdırma aparılıb".
Arzu Əlizadənin əlaqə nömrəsini tapa bilmədiyimiz üçün münasibət öyrənə bilmədik. A.Əlizadə və yazıda adı keçən digər şəxslər mövqe bildirmək istəsələr dinləməyə və dərc etməyə hazırıq.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar