Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli əməkdaşı qurumu məhkəməyə verdi?

22 Fevral 2023 14:50    1638 Baxış   
Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli əməkdaşı qurumu məhkəməyə verdi?

Bugun.tv-yə daxil olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) azərbaycanlı əməkdaşlarından biri onu məhkəməyə verib. Xəbərdə bildirilir ki, yerli əməkdaşın BQXK-ya qarşı qaldırdığı mülki iddia əmək münasibətləri ilə bağlıdır.

Bugun.tv məsələni dəqiqləşdirməyə çalışıb. Bu məqsədlə BQXK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova ilə əlaqə yaradıblar. Qurum rəsmisi bildirib ki, “bu spesifik sualdır və bunun BQXK-nın fəaliyyəti ilə əlaqəsi yoxdur”. Müxbirin israrından sonra İ.Hüseynova “məndə, ümumiyyətlə, bu barədə heç bir məlumat yoxdur”- deməklə, kifayətlənib.



Onu da deyək ki, redaksiyamıza bu məlumatı verən mənbənin etibarlılığına qətiyyən şübhəmiz yoxdur. Yaxın günlərdə BQXK-ya qarşı mülki məhkəmə iddiası qaldırmış həmin yerli əməkdaşın kimliyini, onun sözügedən qurumda tutduğu vəzifəsini, məhkəmə prosesinin vaxtı və ünvanı haqda məlumatları dəqiqləşdirməyə çalışacağıq.
Ümid edirik ki, bundan sonra BQXK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, hörmətli İ.Hüseynova ictimaiyyətin marağını nəzərə alıb, vəzifə borcundan dolayı, təmsil etdiyi qurumun mövqeyi ilə bağlı açıqlama verəcəkdir.

Xatırlatmaq yerinə düşərdi ki, son günlər müxtəlif, istər çap, istərsə də görüntülü kütləvi informasiya vasitələrində BQXK-nın Azərbaycanın əleyhinə fəalliyyətləri haqqında çeşidli məlumatlar yayılır. Buna həm müstəqil, həm də rəsmi dövlət media orqanlarını misal göstərmək olar.

Bütün bu neqativ proseslərin fonunda üstəgəl BQXK-nın öz yerli əməkdaşı tərəfindən də məhkəməyə verilməsi bizim diqqətimizi çəkməyə bilməzdi. Mövzuya yenidən qayıdacağıq.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar