Mərahim Nəsibin yeni hekayəsi: “İntihar ağacı”

16:58    94 Baxış   
Mərahim Nəsibin yeni hekayəsi:  “İntihar ağacı”
Səbəbini bilmirəm, amma həmişə mənə elə gəlib ki, bir də heç vaxt Ayşəni görə bilməyəcəm. Qarayanız, ürəyəyatan çöhrəsi, çalışqan, dərslərinə məsuliyyətlə yanaşan, buna baxmayaraq, simasında heç vaxt səbəbi bilinməyən kədərli Ayşəni nəzərdə tuturam. Bəlkə də bu iztirab onun gələcək həyatında izləri silinməyən əzabların ilkin nişanəsi idi.
Kənd uşağı olduğumuz üçün kənd məktəbində düçar olduğumuz qəribə adətlər demək olar ki, heç birimizin həyatından yan keçməmişdi. Daha doğrusu, bu adəti məktəbin yuxarı siniflərində təhsil alan uşaqlar yaratmışdılar. Özündən bir neçə yaş kiçik qız sevmirdinsə, işin qəliz olurdu. Lakin bu ənənə sayəsində çox uşaqlar elə ilk sevdikləri qızlarla sonradan ailə həyatı qurmuşdular. Buna görə də bir neçə məktəbli küyə düşüb sinif yoldaşım Əlinin bacısı Ayşənə aşiq olmuşdu. Dərd orasında idi ki, Ayşəni gözaltı edən iki nəfər də var idi. Hətta, dəfələrlə onların Ayşənə görə dava-dalaş etməsinin şahidi olmuş, hərdən bu qarşıdurmalarda mən də iştirak etmişdim. Xüsusən də bir-biri ilə dostluq edən məktəblilər yoldaşları üçün özlərini təhlükəyə atmaqdan çəkinməzdilər. Dərsdən sonra isə bu savaşların ikinci turu başlayırdı. Elə buna görə də Ayşən məktəbdə yeniyetmələrin bağrına od salan qız kimi tanınırdı. Bəlkə də Əlinin bundan heç xəbəri də yox idi.

Yadıma gəlir, bir dəfə sevgililər günündə uşaq ağlı ilə onu təbrik edən dostuma “nə edim” deyə cavab vermişdi. Dostum da mənfi belə olsa, ona cavab verdiyi üçün yanıma qaçıb, sevincini mənimlə bölüşmüşdü. Sonralar Ayşən məhz mənim yaddaşımda soyadından tutmuş, səs tonuna qədər bütün davranışı və xarakteri ilə yadda qalan uşaqlıq xatirələrimin təcəssümü, dolaşıq və heç bir zaman düyününü aça bilmədiyim yaşantılarımın önəmli hissəsi kimi qalmışdı. Bütün bu olanlar isə sirrini aça bilmədiyim bir söz kimi uzun illər boğazımda düyünlənib qəhərə çevrdildi. Heç vaxt da başa düşə bilmədim ki, bu nə sirdir?!

Məncə, insanın ən qəddar dövrü uşaqlıq dövrüdür. Kim deyirsə ki, uşaqlar mələk kimi məsumdurlar, bəlkə də yalan deyirlər. Axı, uşaqlar hərdən çox amansız olurlar? Ona görə ki, onların qeyri-səmimi olub-olmamaq kimi bir seçimləri yoxdur. Onlar ən sərt və ən sonuncu həqiqətləri bütün çılpaqlığı ilə insanın üzünə vura bilirlər. Ayşən də köhnə məktəbə gətiridiyi qəfil yeniliklə hər gün bu həqiqətlərlə üz-üzə qalmaq məcburiyyətində idi. Demək olar ki, bizim məktəbdə 3-4 oğlan bir qıza dəlicəsinə aşiq olub, dava-dalaş salmamışdı. Çünki hər qıza bir oğlan aşiq ola və onun üçün mübarizə apara bilərdi. Yəni, adət bu idi. Amma Ayşən bu ənənəni pozmuşdu. O, həm də nadir hallarda uşaqlarla ünsiyyət qurar və dostluq edərdi. Ola bilsin ki, ünsiyyət saxlamaq istəyirdi, lakin cəhd etməyə qorxurdu. Bütün bu problemlərin fonunda Ayşən sükutun nə demək olduğunu az yaşında öyrənə bilmişdi. Elə indi də Ayşən mənim yaddaşımda dinib-danışmayan bir qız kimi qalıb.

Məktəbi bitirməyə az qalmış, məndən yaşca kiçik olan Ayşəni bir daha görə bilmədim. Ailəsi ilə birlikdə kəndi tərk etmişdi. Mənə elə gəlmişdi ki, valideynləri onu məktəbə uyğunlaşa bilmədiyi və heç kimlə ünsiyyət saxlamadığı üçün məktəbdən çıxarmış və onun zərər görməməsi üçün kənddən getmişdilər. Lakin yaşa dolquca bu qəfil gedişin əsl səbəbini öyrənəndə az qala yer ayağımın altından qaçmışdı. O zaman artıq uşaq deyildim, Ayşən də onun üçün bir-biri ilə dava-dalaş salan uşaqların bəlkə də yadından çıxmışdı. Bircə onu mən və dostum unutmamışdı. Üzündəki kədər və bu iztirabı artıran hadisə Ayşəni unutmamağım üçün bir vasitə oldu. Çünki həmin faciə birbaşa mənim də həyatımın bir hissəsi idi.
***

Universitetin üçüncü kursunu bitirib yay tətilini keçirmək üçün kəndə gəlmişdim. Bütün küçə yığışıb kəndimizi su ilə təmin edən arxın girişinə boru salmağa getmişdik. Kənddə su problem adi hal olduğu üçün, hətta bu vazkeçilməz nemət üçün yaşlı-başlı adamların əlbəyaxa davası da adi hal idi. Əgər, düzgün planlama, qazıntı və təmizlik işləri olmasaydı, hər kəs su üzünə həsrət qalırdı. Yəni, bir nəfərin məsuliyyətsizi və səhlənkarlığı hamının müşkülünə çevrildi. Kənd camaatının birlik və bərabərliyinin bir səbəbi də bu idi. Mən də artıq şəhər həyatı görmüş və ali təhsil alan bir gənc kimi bu məsuliyyətli işdən boyun qaçırmağı özümə rəva bilməmiş və bir dəstə adama qoşulub arxa getmişdim. İşə başlayacağımız yer isə məhz Ayşəngilin doqqazının qarşısından keçirdi. Paslanmış yaşıl darvazını görəndə bütün xatirələr ağ-qara film lenti kimi gözlərimin önündən keçdi. Anidən, bəlkə onu və sinif yoldaşımı görərəm deyə qapıya tərəf çevrildim, lakin gözümə kol-kos basmış həyətin köhnəlmiş darvazasından başqa heç nə dəymədi. Halbuki o qapıya baxmaq mənim üçün əzabdan başqa bir şey deyildi. Qəfildən məktəbin həyətini, Ayşən üçün mübahisə edən, bir-birinin yaxasından tutan uşaqları və buna məhəl qoymayan həmin qarayanız qızı xatırladım. Sanki bütün hadisələr məhz bu evin qarşısında baş vermişdi. Təsadüfən oyanan yaddaşımın təkidi ilə mənimlə eyni xatirələri bölüşən dostuma tərəfə çevrilib soruşmuşdum:

-Ayşən yadına gəlir?

Əlindəki siqareti ciyərlərinə ah-nalə ilə birlikdə çəkib başını aşağı salan dostumun cavabı ikimizi də bir neçə dəqiqəlik sükuta qərq etmişdi:

-Əlbəttə. Mən də bu gün xəbər tutmuşam ki, Ayşənin ailəsi ilə birlikdə kəndi tərk etməsinin səbəbi sinif yoldaşın Əlinin intiharından sonra kənddə yaşaya bilməyəcəklərinə görəymiş. Məktəbi bitirəndən sonra Bakıda ailə həyatı da qurub. Amma bundan sonrasını bilmirəm.
***

Əlinin ölümü mənim kənddə eşitdiyim ilk intihar hadisəsi idi. Yaşım az olsa da, bu hadisə məni həddindən artıq sarsıtmışdı. İbtidai sinifi bitirib bizi yeni həyata bağlayacaq yay mövsümünün qızmar günlərini yaşayırdıq. Həyətdəki səs-küyə yuxudan oyanıb, tələsik özümü eyvana atmışdım. Eşitdiyim hadisəyə səbəb olan fəryad indi də qulaqlarımdan getmir. Lakin yaş ötdükcə eşidənlərdən və bilənlərdən, hətta, o hadisənin canlı şahidi olanların dediklərinə əsasən, öyrəndiklərim mənəvi zərbədən çox, bəşəri faciə kimi yaddaşıma həkk oldu. Əli yaşının az olmasına baxmayaraq, çox zəhmətkeş həyat yaşayırdı. Gecə-gündüz evin yükünü çiyinlərində daşıyan, məktəbdə isə hamının qayğısına qalmağa çalışan bu uşaq, ömrünün məsum çağında məhz ölüm qorxusundan özünü öldürmüşdü. Elə hər şey də onun üzərinə atılan məsuliyyətin nəticəsinə görə, baş vermişdi.

Bir gün mal-qaranı tövləyə salıb qapını bağlayandan sonra bir müddət gəzib, dolaşan Əli, açarların cibində olmadığını görür. Həyatını onsuz da qorxuyla keçirən sinif yoldaşım açarları tapa bilməyəcəyi halda, başına nə gələcəyini yadına salır. Bu səbəbdən də hadisəni bir müddət gizlətməyə çalışsa da, sonradan vəziyyəti atasına danışır. Qəzəb və qətiyyətli səs tonu ilə həyətdəki tut ağacını işarə edən atasının cavabı isə qısa olur:

-Əgər, axşama qədər açarları tapmasan, məndən incimə!

Faciə, təkcə Əlinin özünü asması deyildi, həm də həyətin girişindəki tut ağacından sallanan Əlinin cansız bədəninin şalvarına ilişib qalan açarlar idi. Şahidlərin dediklərinə görə, ağacdan sallanan meyitə baxarkən, adamın gözünə sataşan ilk şey həmin açarlar imiş. Bilmirəm, Əlinin atası sonralar özünü bağışlayacaqdı, ya yox, ancaq bildiyim o idi ki, heç kim tövlə açarına görə canına qıymağa layiq deyildi. Əli özünü qorxudan özünü asmışdı, həm də ölüm qorxusundan. Lazımsız bir açar onun həyatına son qoymuşdu. Əlinin ölümünə səbəb həmin açarların itməsi idisə, açarın tapılmasına səbəb də onun ölümü idi. Yəqin ki, Əli kəndirdə çabaladıqca, biraz da sonsuz rahatlığa qədəm qoymuş, son nəfəsinə qədər itirdiyinin üzərində olduğunu bilməmişdi. Həyat isə davam edəcəkdi. Anasının “kaş ki, şalvarın cibini vaxtında tikərdim”, - deyə nalə çəkməsi, atasının isə ağlaya-ağlaya üz-gözünü cırması ilə…
***

Nə zaman paytaxtdan kəndimizə getsəm, ziyarət edəcəyim yerlərdən biri də qəbiristanlıqdır. Dünyadan köçən doğmalarımızın məzarlarını ziyarət etmək, bizə ölümü xatırladan ab-hava və heç yerdə olmayan sükut – bütün bunların bir yerdə cəmləşməsi məzarlığı ziyarət etdiyim ilk yerlərin ön sıralarına əlavə edib. Ənənəyə sadiq qalaraq, bu yaxınlarda kəndə gedən kimi yolumu yenə qəbirstanlıqdan saldım. Məzarların arasında dolaşanda Əlinin də məzarını ziyarət etmək istədim. Kiçik qəbirə yaxınlaşanda gənc bir qız və onun əlindən tutan azyaşlı oğlan uşağı gördüm. Kim olduğunu əvvəlcə bilmədim. Lakin məzara lap yaxınlaşanda onun Ayşən olduğunun fərqinə vardım. Qəfildən üzümə kədər qarışıq təbəssüm qondu. Hiss elədim ki, gözlərim yaşarıb və səsim titrəyir. Ayşən də məni tanımışdı. Özümü toparlayıb salam verdim:

-Ayşən, nə yaxşı kəndə gəlmisən? Gör, neçə ildir səni görmürəm. Eşitdim ki, ailə həyatı qurmusan. Bu uşaq da yəqin ki, oğlundur.

Ayşən, əvvəlki kimi kədərli səs tonu ilə danışmağa başladı:

-Hə, oğlumdur. Adı da Əlidir. Rəhmətlik dayısının xatirəsinə görə, adını Əli qoymuşuq. Amma artıq ailəli deyiləm. Ailə həyatı qurandan bir müddət sonra həyat yoldaşım çox dəyişdi. Bizi çox incidirdi. Hər gün dava-dalaş və nəhayət, dözə bilməyib boşandım. Düzü, indi heç harada olduğunu da bilmirəm.

Dava-dalaş sözünü eşidəndə, Ayşənin fonunda onun üçün bir-birinə hücum çəkən məktəblilər gəldi gözümün önünən. Ayşən uşaq çağlarında necə idisə - hisslərindən addımlarına qədər – hər birini sonralar real olaraq yaşamışdı.

Bir anlıq yanağımın islandığını hiss elədim. Sanki Ayşən dünyaya əzab çəkmək üçün gəlmişdi. Nitqim qurudu və nə deyəcəyimi bilmədim. Əllərimi açıb Əli üçün dua elədim. Başqa nə edə bilərdim ki? Hər şey aydın idi. Balaca Əlinin üzündən öpüb, Ayşənlə sağollaşdım və oradan ayrıldım.
***

Həyatımın bu silinməz xatirələri köhnə film lenti kimi gözlərimin önündən gəlib, keçir - Ayşənin kədərli simasından tutmuş, sinif yoldaşım olan qardaşının intihar xəbərini eşitməyimə qədər. İndi isə Əlinin illər öncə özünü asdığı ağacın altında oturub, dostumla xatirələri yada salıram. Bu, o yerdir ki, burada illər öncə Ayşən və Əli yaşamışdı. İnsan əzablarına şahid olan bu xaraba qalmış həyət, bu xaraba qalmış ev gecənin vahiməli səssizliyinə qulaq asırmış kimi sükuta qərq olub. Mən isə həmin ağacın altında oturub keçənləri yada salıram. Gözüm uzun illər Əlini, dostum isə bəlkə Ayşəni görər deyə həsrətlə baxdığımız göy darvazaya sataşdı:

-Yaş otun üzərində oturmayın, soyuqdur. Durun, gedək, artıq gecdir.

Həyəti təmizləyən qonuşumuzun qəfil səsi məni diksindirdi. Dostumla ayağa qalxdıq. Həzin meh əsirdi. Meh Əlinin özünü asdığı tut ağacının yarpaqlarını oynatdıqca, havanı üzümüzə üfürürdü. Dərindən nəfəs alıb, “ah” çəkdim. Ayağa qalxıb getməyə hazırlaşdıq. Bilməzdim ki, əslində bizi düşündüyü üçün “intihar ağacı”nın yanından uzaqlaşdıran qayğıkeş qonuşumuz, üzərindən bir neçə il sonra özü də intihar edəcəkdi, həm də özünü elə həmin ağacdan asaraq…



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar