Büdcə gəlirləri cüzi artırılır, xərclər azaldılır

05 Sentyabr 2020 11:12    490 Baxış   
Büdcə gəlirləri cüzi artırılır, xərclər azaldılır
Maliyyə Nazirliyi 2021-ci il üçün dövlət büdcəsinin ilkin parametrlərini açıqlanıb.

Gəlirlər cüzi artırılır, xərclər azaldılır.

2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin 57,3 faizi və ya 13 milyard 950 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 milyard 377 milyon manatı qeyri-neft sektorunun payına düşür. Neft sektoru üzrə büdcə gəlirlərinin 87,5 faizini və ya 12 milyard 200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,5 faizini vəya 1 milyard 750 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 35 ABŞ dollarına bərabər götürülür.

2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 847 milyon 500 min manat məbləğində proqnozlaşdırılır ki bu da 2020-ci ilin büdcəsi ilə müqayisədə 1 milyard 644 milyon 700 min manat azdır. Xərclərin 18 milyard 106 milyon 600 min manat və ya 70,1 faizini cari xərclər, 5 milyard 389 milyon 100 min manat və ya 20,8 faizini əsaslı xərclər, 2 milyard 351 milyon 800 min manat və ya 9,1 faizini dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.

2021-ci ilin dövlət büdcəsini 100 manat səviyyəsində qəbul etsək, onun 16 manat 70 qəpiyi iqtisadi fəaliyyətə, 15 manat 30 qəpiyi müdafiə və milli təhlükəsizliyə, 14 manat 60 qəpiyi sosial müdafiə və sosial təminata, 12 manat 40 qəpiyi təhsilə, 12 manat 40 qəpiyi ümumi dövlət xidməti xərclərinə, 8 manatı məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğa, 7 manat 90 qəpiyi səhiyyəyə, 5 manat 20 qəpiyi əsas bölmələrə aid edilməyən xidmətlərə, 3 manat 60 qəpiyi kənd təsərrüfatına, 1 manat 70 qəpiyi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlərə, 1 manat 10 qəpiyi mənzil və kommunal təsərrüfatı və 1 manat 10 qəpiyi də ətraf mühitin mühafizəsinə xərclənəcək.
2021-ci ildə dövlət büdcəsinin kəsiri 1 milyard 520 milyon 500 min manat məbləğində proqnozlaşdırılır.

Qubad İbadoğlu, iqtisadçı alim

Büdcə gəlirləri cüzi artırılır, xərclər azaldılır


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar