“Fransa Brüsselin siyasətinə zidd hərəkət edir və regiondakı nüfuzunu itirir" - RƏY

14 May 2023 18:28    3974 Baxış   
“Fransa Brüsselin siyasətinə zidd hərəkət edir və regiondakı nüfuzunu itirir" - RƏY

“Fransa Brüsselin siyasətinə zidd hərəkət edir və regiondakı nüfuzunu itirir"

Bunu politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel sülhə töhfə vermək istəyir: “Rəsmi Paris isə, əksinə, prosesə mane olur. Fransa öz maraqlarından çıxış edir. Bu dövlətin əsas istəyi regiondakı təsir gücünü artırmaqdır. Bunu Ermənistanın əli ilə etməyə çalışır. Təsadüfi deyil ki, Paris İrəvanı nəinki siyasi, həm də hərbi cəhətdən dəstəkləyir”.

Ekspertin sözlərinə görə, Fransa Aİ-nin məqsədlərinə zidd addımlar atır: “Brüssel regiondakı sabitliyi təmin etməklə buradakı iqtisadi layihələrini həyata keçirmək niyyətindədir. Amma Fransa buna imkan vermir. ABŞ və Aİ vasitəçilik üçün səylər göstərirlər. Fransa isə çirkin niyyətlərindən əl çəkmir. Yaxın günlərdə Kişineuda növbəti görüş keçiriləcək. Toplantıda Fransa və Almaniya da iştirak edəcək. Düşünürəm ki, Berlin Parisin “suları bulandırmaq” cəhdinin qarşısını ala bilər. Fransanın yaxın gələcəkdə niyyətindən əl çəkəcəyi inandırıcı görünmür”.

Politoloq qeyd edib ki, Fransanın cəhdləri əks effekt verir: “Prezident Emmanuel Makron reallıqları nəzərə almır. O, ancaq öz ambisiyaları barədə düşünür. Məhz bunun nəticəsidir ki, Parisin rəsmiləri Azərbaycanda tamamilə nüfuzdan düşüb. Bundan başqa, Fransa regiondakı siyasi dayaqlarını itirməkdədir. Amma Makron bunlardan dərs çıxarmır və subyektiv mövqeyini davam etdirir. Bütün hallarda uduzan Paris özü olur”.

Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

Hazırda Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir.

Bu görüş Brüssel formatının bərpasıdır. Çünki Praqada keçirilmiş danışıqlardan sonra Brüssel formatının həyata keçirilməsində müəyyən problemlər yaranmışdı. Belə ki, Parisin müdaxiləsi nəticəsində Fransa və Ermənistan məqsədyönlü şəkildə dördtərəfli formatda görüşün keçirilməsini istəyirdilər və bu istiqamətdə çalışırdılar. Amma Azərbaycan tərəfi buna razı olmadı və nəticə etibarilə də Azərbaycanın iradəsi və qəti mövqeyi sayəsində Brüssel formatında görüş keçirilir və bu danışıqlar Fransasız baş tutur. N.Paşinyan və Ermənistan tərəfi də israrlı şəkildə bu formatda iştirak etməyəcəyini deyərək danışıqlardan boyun qaçırırdılar. Amma sonunda özləri durub gəlməli oldular.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar