Payız gəlir. Zaman-zaman anlayıram ki, payızı çox sevirəm. Bir az melanxolik, bir az ümidli, bir az da nostalji qoxuludur. İnsan ömrünü fəsillərə bənzədəndə payız sonun başlanğıcıdır. Müdrik fəsildir payız. Ağır-ağır gedən, qışın gəlməsini sanki uzadaraq ömrü artıran səbrli mövsüm. Payız təbiətin susaraq danışdığı fəsildir. Sanki düşən hər bir yarpaq bir vaxtlar içimizdə yaşayıb gedən bir xatirənin rəmzidir — sükutla yerə enən, amma yaddaşda gur səslə qalan. Hər saralmış yarpaq zamanın insan qəlbində açdığı bir pəncərə kimidir - keçmişə baxmaq, gələcəyi duymaq və bu günü dərk etmək üçün.
Payız insan ruhunun kamillik dövrüdür. Yazın ehtiraslı tələsikliyindən, yayın gur nəfəsindən və həyatın coşqulu çağlarından sonra gələn bu sakit mövsüm bizi öz içimizə çəkir. Təbii bir tənhalıq, könüllü bir səssizlik içində insan öz ruhunun dərgahına daxil olur. Çünki payızda təbiət kimi insan da soyunur – əşyadan, səsdən, lüzumsuz hay-küydən. Qalır yalnız qəlbin səsi və düşüncənin pıçıltısı.

Bu mövsüm həm də qürubun gözəlliyini xatırladır. Hər şeyin sonu, əslində, yeni bir başlanğıcdır deyirlər. Amma payız göstərir ki, bəzən sonun özündə də gözəllik var. Əgər yaz həyatın gəncliyidirsə, payız onun hikmət çağlarıdır. Həyatın bir az yorulduğu, amma bu yorğunluğun içində bir dərinliyə çevrildiyi zamandır. Payız insanı barışa çağırır — özü ilə, ömrü ilə, keçmişi ilə. Hər yağış damlası, sanki qəlbin tozunu yuyan bir təqvim səhifəsidir. Səma alçaldıqca, insan daha çox göyə baxmaq istəyir. Yarpaqlar ağacdan ayrıldıqca, insan daha çox kökləri düşünür. Və bəlkə də ona görədir ki, payızda yazmaq asan, susmaq isə daha dərin olur.
Payız düşüncə fəslidir. Hər nəfəs bir dua kimidir. Hər duman bir sirr. Hər külək bir xatirə daşıyıcısı.
Sonda payız bizə xatırladır: həyat gözəldir, çünki fanidir. Və fanilikdəki gözəlliyi görə bilənlər üçün payız təbiətin deyil, ruhun ən parlaq fəslidir.
Esmira Qasımova