Rəhmətlik nənəm deyərdi ki, Allah yolunuzu bir həkim, bir də hakim qapısından salmasın. Təəssüflər olsun ki, nənəmin bu duası sanki onunla birlikdə dəfn olundu. Çox erkən yaşımdan xəstəxana qapılarında qaldım, əvvəlcə özümə, sonra valideynlərimə görə. Bakıda elə bir xəstəxana qalmayıb ki, orada həkim növbəsinə durmayaq. İş elə gətirib, adı çəkiləndə ağıla ancaq ölüm gələn Milli Onkologiya Mərkəzinin belə, yolları yorub bizi. Başımız çox qovğalar çəkib, ölümlə-həyat arasında çox mübarizə aparmışıq ailəlikcə. Ancaq şükürlər olsun ki, dərd verən Allah dərmansız da qoymayıb, çətinliklə də olsa, düzgün diaqnoz qoyan həkim tapa bilmişik. Axı ən ağır xəstəliyin belə, müalicəsi vaxtında qoyulmuş düzgün diaqnozdan keçir. Məhz yaxşı həkimlərin sayəsində xərçəng xəstəliyinin ən ağır mərhələsində olan anamı yenidən həyata qaytara bilmişik. 4-cü ilə keçir ki, anam zəhrimar illətdən xilas olub, yeni həyatını yaşayır. Ancaq nə gizlədim, hələ də o qorxu canımızdan, iliyimizdən çıxmayıb, ən çox da “xərçəng”in anamın qohumları arasında daha çox yayılması, daha çox qohumun bu bəladan dünyasını dəyişməsi ürküdür adamı.

Deyirlər e, qorxan gözə çöp düşər. Bu yaxınlarda da eyni vəziyyəti yaşadıq. Yenə də yolumuzu Milli Onkologiya Mərkəzindən salmağa məcbur olduq. Bu dəfə məndən yaşda xeyli balaca olan qardaşıma görə... Sağ ayağının baldır hissəsindəki anadangəlmə bir ləkə böyüyüb çox qorxulu törəmə halına düşmüşdü. Demək olar ki, ölkədə qapısını döymədiyimiz cərrah qalmadı, amma heç kim yaxın durmadı, elə ilk baxışdan dedilər ki: “Bizlik deyil, Onkologiyaya aparın”. Aldığımız cavablar narahatlığımı daha da artırırdı, vəziyyətin ciddiyyinin fərqinə vardıqca, qardaşımla xaricə getmək qərarına gəlmişdik. Ancaq qardaşımın keçmiş iş yoldaşı, hazırda TƏBİB-də işləyən Teymur Mirzəbəyli məsləhət gördü ki, əvvəlcə Milli Onkologiya Mərkəzində Əlövsət İsayevin yanına gedək, bir o da baxsın. Biz də əlacsız qalıb üz tutduq bağrımızı qan edən “Onkologiya”ya, tapdıq Əlövsət həkimi. Müayinədən sonra bəlli oldu ki, qardaşım təcili əməliyyat olunmalıdır, baldırındakı sümüyə qədər kök atmış törəmə çıxarılmalı, yerinə dəri köçürülməli, törəminin özü isə əkilməlidir. “Əkilmə” sözünü eşidəndə dəli olmadıqmı?! Anamın da analizlərini 4 il əvvəl əkilməyə göndərmişdilər, çıxarılan limfaların hamısında metastaz vardı, hətta çıxarılmayanlarda belə...

Başqa çarəmiz yox idi, qardaşım əməliyyat olundu, Əlövsət həkim əvvəldən necə demişdisə, bütün proses həmin ardıcıllıqla icra olundu, sağ-salamat çıxdı əməliyyatdan. Ancaq bundan sonra daha çətini başladı, düz 2 həftə - əkmənin cavabları çıxana qədər, necə deyərlər, o dünyanı görüb gəldik. Hər şeyə rəğmən bu müddətdə ümidimi əsla itirmədim, inandım ki, bu sınaqdan da şükürlə çıxacağıq, Allah bizi boynubükük qoymayacaq. Çox şükür ki, elə də oldu, bədxassəli heç nə çıxmadı analizlərdə. Milli Onkologiya Mərkəzinin həkimi, ortopediya və travmatologiya uzmanı, ortopedik onkologiya və əl cərrahiyyəsi, mikrocərrahiyyə üzrə mütəxəssis Əlövsət İsayevin şəfalı əlləri qardaşım Təbibi xilas elədi.

Həkimlər Allahın yerdəki şəfa mələkləridi. 1974-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olan Əlövsət İsayevin bəlkə də heç vaxt ağlına gəlməzdi ki, zaman gələcək, o da yüzlərlə, minlərlə insanın şəfa mələyi olacaq. Ancaq böyüyəndə aydın adam olacağı hələ məktəb illərindən bəlli idi, dərslərini çox yaxşı oxuyur, olimpiadalarda qalib olurdu. 1991-ci ildə orta məktəbi qızıl medalla bitirən Ə.İsayev Türkiyə Cümhuriyyətindəki Universitetlərdə təhsil üçün keçirilən imtahanlardan yüksək qiymətlər alaraq qardaş ölkədə təhsil almaq hüququ qazanır. 1993-2000-ci illərdə İstanbul Universitetinin Tibb Fakültəsində təhsil alır. 2000-2001-ci illərdə İstanbulda Qırmızı Aypara Cəmiyyətində həkim işləyir. 2002-ci ildə TUS imtahanını verərək Ege Universiteti Ortopediya və Travmatologiya kafedrasında ixtisaslaşma haqqı qazanır. 2006-cı ildə isə Ege Universitetində “Anevrizmal və Bəsit sümük kistalarında müalicə nəticələri” mövzusunda dissertasiya müdafiə edərək Ortopediya və Travmatologiya mütəxəssisi adını alır. İstabulda özəl xəstəxanaların birində Ortopediya və Travmatologiya mütəxəssisi kimi fəaliyyət göstərir. Ancaq vətən sevgisi, öz xalqına faydalı, yararlı olmaq sevdası heç vaxt ağlından çıxmır və elə bu məqsədlə də Azərbayacana qayıdır. 2009-cu ildən Milli Onkologiya Mərkəzində Ortopediya və Travmatologiya mütəxəssisi kimi, həmçinin Ortopedik Onkoloq olaraq fəaliyyət göstərir. Op.Dr. Ə.İsayev Dayaq Hərəkət aparatının bir çox xəstəliklərində lazım gələn mürəkkəb cərrahiyyə əməliyyatlarını müvəffəqiyyətlə dünya standartları səviyyəsində icra edir. Həkimin şəxsən apardığı tədqiqatlar və onların nəticələri haqqında yazdığı məqalələr həm xarici tibb jurnallarında, həm də ölkəmizdəki tibb jurnallarında çap olunur.

Nənəmin sözü olmasın, heç kimə həkim qapısı arzulamıram, amma Əlövsət həkim kimi mütəxəssisləri, işinin ası olan şəxsləri tanımaqda və tanıtmaqda fayda var ki, çarəsiz vəziyyətə düşməyək. Ona görə də istədim, Ə.İsayevi siz də tanıyasız, ehtiyacı olanlara tanıdasız.
Çox sağ olun, doktor, Təbibimizə şəfa verdiyiniz üçün bütün ailəmiz adından həm sizə, həm də sizi bizə soraq verən Teymur bəyə təşəkkür edirik!
Rumiyyə MİRASLAN