Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbdə keçirilən bir tədbirdə şagirdlərdən birinin atası çıxış edir:
“Oğlum Endryu heç vaxt evlənməyəcək. Onun uşaqları olmayacaq, o, maşın sürməyəcək və bizim normal, hətta bəzən adi hesab etdiyimiz bir çox şeyi yaşamayacaq... Amma o xoşbəxtdir. Və o, sağlamdır. Və bu, mənim üçün ən vacib olan şeydir. Tanımadığı şəxs ona gülümsəyəndə bütün günüm işıqlanır. Hər dəfə bir qız ona mehribancasına baxanda, sevinci təkcə üzündə deyil, hərəkətlərində də aydın hiss olunur. Dərin mənada insan olmaq üçün çox şey lazım deyil”.
Ata məktəbə və fədakar müəllimlərə təşəkkür etdikdən sonra sözünə davam edir: “Təbiətin tarazlığı pozulmadıqca, hər şey öz təbii axarında, mükəmməl harmoniya ilə davam edir”.
Sonra titrək səslə əlavə edir: "Amma mənim oğlum digərləri kimi öyrənmir, onların başa düşdüyü kimi başa düşmür. Belə olan halda onun üçün haradadır təbiətin o harmonik axını?"
Zal səssizliyə qərq olur. Ata sözünə davam edir:
"İnanıram ki, oğlum kimi fiziki və ya zehni çatışmazlığı olan bir uşaq doğulduqda, dünya qarşısında nadir bir fürsət açılır: İnsan ruhunun əsl mahiyyətini göstərmək imkanı. Və bu mahiyyət, digərlərinin ona necə yanaşmasında, onu necə qəbul etməsində üzə çıxır".
Sonra o, bir xatirəsini bölüşdü:
“Bir dəfə oğlum futbol oynayan uşaqlara baxaraq məndən soruşdu ki, “Ata, səncə, onlar mənə də oynamağa icazə verərlər?” Bilirdim ki, uşaqlar yox deyəcək, ancaq oğluma “bəli” desələr, bu jest oğlumu çox dəyərli olmaq hissi bəxş edəcək. Ona görə də ehtiyatla uşaqlardan birinə yaxınlaşıb soruşdum: “Oğlum da sizinlə oynaya bilərmi?” Uşaq dostlarına baxdı, bir anlıq tərəddüd etsə də, “Biz 3:0 uduzuruq, on dəqiqə qalıb... Əlbəttə, gəlsin. Penalti vurmağa ona imkan verərik”. Oğlum sevinclə skamyaya qaçdı, formasını geyindi. Mən isə gözümdə yaş, ürəyim sevgi ilə dolu, bütün oyunu izlədim. Matçın sonuna qədər oğlum skamyada oturdu, çöhrəsində böyük təbəssüm. Son dəqiqədə komanda penalti qazandı. Oğlumu qarşılayan ilk uşaq başı ilə işarə etdi - İndi onun növbəsidir. Oğlum topu götürüb ehtiyatla penalti nöqtəsinə yaxınlaşdı. Qapıçı vəziyyəti anladı. Qapının ortasında durdu, sonra yavaşca bir tərəfə yıxıldı, qapı tam açıq qaldı. Oğlum topa zərifcə toxundu. Top yavaş-yavaş qapı xəttini keçdi. Qol! Uşaqlar onu sevinc səsləri ilə havaya qaldırdılar, qucaqladılar, sanki o, dünya çempionatının finalında qələbə qolunu vurmuşdu”.
Ata çıxışını titrək səslə bitirdi: “O gün bir qrup uşaq bir seçim etdi... Oyunu udmaq yox, dünyaya mərhəmət, insanlıq və sevgi dərsi verməyi seçdilər".
Atanın oğlu növbəti yaya çıxmadı, həmin qış dünyasını dəyişdi. Amma o, heç vaxt unutmadı ki, bir günlüyünə olsa belə, qəhrəman olmuşdu. Atası da heç vaxt unutmadı ki, həmin axşam evə gələndə anası oğlunu qucaqlayaraq sevincdən ağlayırdı. Çünki oğlu anasına həyatının ən gözəl qolunu vurduğu barədə danışırdı.
Unutmayaq, "Cəmiyyət ən zəif fərdlərinə göstərdiyi münasibətə görə qiymətləndirilir".