İranın riyakarlığı: Həm əfqan qaçqınlara qeyri-insani davranır, həm də “Taliban”la ittifaq qurur

04 Martt 2023 22:44    1987 Baxış   
İranın riyakarlığı: Həm əfqan qaçqınlara qeyri-insani davranır, həm də “Taliban”la ittifaq qurur

İrandakı molla rejimi riyakar xarici siyasət xəttini davam etdirir. Bir tərəfdən ölkədə sığınacaq almış əfqan qaçqınlara qarşı qeyri-insani davranışları genişləndirir, digər tərəfdən isə “Taliban”la Səudiyyə Ərəbistanına qarşı ittifaq qurur.

“Kaspi” qəzeti mövzu ilə bağlı yazı dərc edib. Yazıda deyilir:

Fars-molla rejimi ağır daxili, xarici böhran vəziyyətindən çıxış yollarını aramaqdadır. Daxildə günbəgün artan narazılıq fonunda qonşularla gərginlik artır, beynəlxalq sanksiyalar isə ölkəni iflic duruma salıb. Milli valyuta fantastik dərəcədə ucuzlaşıb ki, bu da növbəti narazılıq dalğası yaradıb. Əhali banklardakı əmanətlərini çıxarmaqla ölkənin iqtisadi çöküşünü sürətləndirib. Daxildə sabitliyi təmin edə bilməyən hökumət xarici siyasətdə də ciddi uğursuzluqlarla üzləşir. Söhbət ilk növbədə rejimin Ukrayna müharibəsində birtərəfli qaydada işğalçının yanında olmasından və buna görə üzləşdiyi beynəlxalq qınaqdan gedir. İran sözdə regionda təhlükəsizliyin təminatçısı kimi çıxış etdiyini iddia etsə də, əməldə bunun tam əksini edir. Azərbaycanla Ermənistan arasında 30 illik münaqişədə tutduğu mövqe bunun bariz nümunəsidir.



Molla rejimi əfqan qaçqınları linc edir

İran rejiminin riyakarlığını sübut edən başqa bir tutarlı fakt əfqan qaçqınlarına olan münasibətdir. Son aylar İranda əfqan qaçqınlara qarşı qeyri-insani davranışları əks etdirən çox sayda video və xəbər yayılıb. Rejim İranda anadan olan və bu ölkədən rəsmi sığınacaq sənədi alan əfqanların belə, universitetlərdə təhsil almalarına qadağa qoyub. Elm, Tədqiqat və Texnologiya Nazirliyinin beynəlxalq tələbə işləri üzrə baş direktoru Cəfər Rəzzaqi universitetlərin tədris işləri üzrə prorektorlarına yazdığı məktubda əfqanların ali təhsil ocaqlarına qəbulunu dayandırmalarını tələb edib. İran hökumətinin qoyduğu yeni qaydalarda deyilir ki, əfqan qaçqın tələbələr universitetlərə daxil olmaq üçün Əfqanıstana dönməli, oradan xarici pasport almalı, sonra İrana geri qayıtmalıdırlar.



46 Əfqanıstan vətəndaşının meyiti ölkələrinə göndərilib

Son bir ay ərzində İranda müxtəlif hadisələrdə həyatını itirən 46 Əfqanıstan vətəndaşının meyiti ölkələrinə göndərilib. Həyatını itirənlər işləmək üçün İrana gedən əfqanlar olublar və onların bir çoxu etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən öldürülüblər.

Ölkədə əfqan qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər “Taliban” hakimiyyəti tərəfindən də narazılıqla qarşılanıb. Hətta “Taliban” hökumətinin baş prokuroru Şəmsəddin Şəriəti bu günlərdə İrana səfər də edib. O, İranda həbsdə olan əfqanıstanlıların durumunu və onların ölkələrinə köçürülməsini müzakirə edib. Qeyd edək ki, hazırda İran həbsxanalarında minlərlə əfqan saxlanılır.



Qaçqınları zorla qaytarmaqla beynəlxalq hüququ pozur

Beynəlxalq Əfv Təşkilatının son hesabatlarından birində bildirilib ki, İran əfqan qaçqınları zorla Əfqanıstana qaytarmaqla beynəlxalq hüququ pozur. İran əfqan qaçqınları bir çox hallarda qeyri-qanuni yolla Əfqanıstana qaytarıb və bəzi hallarda onları sərhəddən çıxarmaq üçün zorakılıq, hətta odlu silahdan istifadə edib. Əfqanıstanda insan hüquqlarının pozulmasının real təhlükəsinə toxunan təşkilat BMT-nin Ali Komissarlığına istinadən bildirib ki, heç bir əfqan qaçqın Əfqanıstana qaytarılmamalıdır. Hesabatda deyilir ki, İran hakimiyyəti hər gün minlərlə əfqanı onları təhdid edən təhlükələri nəzərə almadan zorla Əfqanıstana qaytarır. Hesablamalara görə, bu müddət ərzində İslam Respublikası öz ölkəsini tərk etmiş əfqan ailələrinin 65 faizini Əfqanıstana geri göndərib.



“Taliban”la yaxınlaşmaq istiqamətində addımlar atılır

Maraqlıdır ki, bir tərəfdən əfqan qaçqınlara olmazın zülmlər verən rejim, digər tərəfdən “Taliban”la dil tapmağa çalışır. Qərb və Rusiya nəşrlərinin yazdığına görə, İran hakimiyyəti “Taliban”la bağlı siyasətinə yenidən baxır. Məsələn, rejimin Əfqanıstanın Tehrandakı səfirliyinin binasının “Taliban”ın ixtiyarına verməyə hazırlaşması haqqında xəbərlər yayılıb. İran diplomatları qapıları yaraqlıların üzünə açmağa hazır olduqları barədə fərziyyələri danmağa çalışsalar da, müstəqil ekspertlər tərəflər arasında kommunikasiya kanallarının genişləndiyini qeyd edirlər. Qeyd olunur ki, artıq rəsmi Tehran “Taliban”la diplomatik missiyanın fəaliyyəti ilə bağlı kompromis əldə edə bilib. Bir müddət əvvəl “İslam Əmirliyi”nin səlahiyyətliləri səfir Fəzl Məhəmməd Həqqaninin namizədliyini irəli sürməyə çalışsa da, görünür, onun adı ətrafında bəzi fikir ayrılıqları yaranıb. İran onu diplomatik missiyanın rəhbəri kimi qəbul etməkdən imtina edib. İndi isə Tehran Əfqanıstanda yaşayan şiə azlığın taleyindən "narahat olmasına" baxmayaraq, “Taliban”ın təklifinə “hə” cavabı verib.

“Taliban” və Tehran Səudiyyə Ərəbistanına qarşı

Düzdür, İran hələlik yayılan xəbərləri rəsmi olaraq təsdiq etmir. İran diplomatı Kənani yalnız Əfqanıstan səfirliyində “daxili dəyişikliklər”in baş verdiyini etiraf edib. Lakin bunu nümayəndələrdən birinin səlahiyyət müddətinin başa çatması və işlərin digərinə ötürülməsi ilə əlaqələndirib. "Foreign Policy"nin məlumatına əsasən, son vaxtlar Tehran və Kabil xeyli yaxınlaşıblar. “Taliban” hərəkatının ali lideri Heybətullah Axundzadə “Taliban”ın ilk hakimiyyəti dövründə (1996-2001) böyük nüfuza malik olan qruplaşmanın nümayəndələrini öz ətrafına cəlb edib. "Köhnə qvardiya” isə daha çox iranpərəst olub. Böyük ehtimalla məhz bu səbəbdən Səudiyyə Ərəbistanı diplomatlarını Əfqanıstandan çıxarmaq barədə qərar qəbul edib. Krallıq nümayəndələrinin ölkəni tərk etməsi isə Tehrana sadiq “Taliban” fraksiyasının “uğurlu hiyləsi”nin nəticəsi hesab oluna bilər.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar