İrəvandan Dehliyə uzanan erməni xəyalı: Ermənistan okeana çıxış arzusundadır - ŞƏRH

09 Avqust 2023 11:49    6052 Baxış   
İrəvandan Dehliyə uzanan erməni xəyalı: Ermənistan okeana çıxış arzusundadır - ŞƏRH

İran və Hindistanla hərbi sahədə əməkdaşlığı genişləndirən Ermənistan bundan irəli gələrək xam xəyallar qurmağa başlayıb. İkitərəfli, üçtərəfli əməkdaşlıqdan ruhlanan baş nazir Nikol Paşinyan hökuməti ümid edir ki, hərbi əməkdaşlığı digər sahələrə də şamil etmək mümkündür. Soydaşlarını inandırmağa çalışır ki, avtomobillərinə əyləşib birbaşa Dehliyə kimi gedə bilərlər. Lakin hələ ki bu layihəyə elə ermənilərin özlərindən başqa heç kim ciddi yanaşmır. Sadəcə, Tehran və Dehlidə ermənilərin “kövrək” qəlblərini sındırmamaq üçün ona “yox” demirlər. Ağlasığmaz, ambisiyalı layihələrlə gündəmə gəlməyə çalışan Ermənistanın bu layihəsini özündən başqa heç kim ciddiyə almır.

Ən əsası, bunun üçün maddi, texniki imkanlar mövcud deyil. İkincisi, iştirakçı dövlətlərin buna həvəs və maraqları ermənilər qədər deyil.

Əvəzində bu ölkənin mediasında yer alan xəbərlərdə, İran və Hindistanla birgə multimodal kəsintisiz nəqliyyat dəhlizinin yaradılması ideyası mütəmadi qabardılır. Layihə ilə bağlı erməni tərəfinin yaydığı xəbərlərdə iddia olunur ki, bu istiqamətdə işlər yekunlaşıb, hətta “yol xəritəsi” belə hazırlanıb. İrəvanın fantastik layihə ilə bağlı Dehli və Tehranla müvafiq məsləhətləşmələr apardığı iddia edilir. Erməni mediasında yer alan xəbərlərə görə, Dehliyə beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi ilə bağlı yekun sazişin imzalanması üzərində də iş aparılır. Layihə reallaşacağı təqdirdə Ermənistan və Hindistan arasında quru yolla sərnişin və yük daşımaları prosesini nizamlamaq, iqtisadiyyat və nəqliyyat sahəsində əməkdaşlığı gücləndirmək, multimodal daşımaları reallaşdırmağın mümkün olacağı iddia olunur. Hindistana nəqliyyat dəhlizinin çəkilməsindən danışan iqtisadiyyat naziri Vaan Kerobyanın fikirləri maraqlıdır. Onun sözlərinə görə, Hindistanla əlaqələr hələ də işlənməyib və logistika asan deyil.

“Hindistanla ticarətin böyük potensialı var, bizim təklifimiz və baş nazirin fərmanı ilə Hindistandan Avropaya sürətli dəhliz tikiləcək”, - deyən nazir əlavə edib ki, imkanları araşdırmaq üçün işçi qrup da yaradılıb.



Maraqlıdır ki, bu layihə ilə bağlı yalnız erməni mediasında xəbərlər yer alıb. Nə İran, nə Hindistan mediasında bu istiqamətdə hər hansı bir ciddi xəbərə rast gəlmək mümkündür. Belə çıxır ki, Tehran və Dehli də bu layihəyə elə də ciddi maraq göstərmirlər. Görünən odur ki, beynəlxalq layihələrdən kənarda qalan Ermənistan, sadəcə, bununla nəzəri özünə cəlb etməyə çalışır.
Ermənistanın bu layihəni daim qabartmaqla nail olmaq istədikləri bəllidir: Nəyin bahasına olursa-olsun Zəngəzur layihəsindən imtina etmək. Özlərini saldıqları təcrid vəziyyətindən çıxmaq şansı yarandığı halda, ermənilər fantastik, mümkünsüz layihəyə “üstünlük verməyə” çalışırlar. Yenə 1990-cı illərdə olduğu kimi, xəstə təfəkkürü bir kənara qoymaq istəmirlər. Məhz həmin illərdə işğal siyasəti aparmasaydı, bu gün beynəlxalq layihələr Tbilisi ərazisindən deyil, məhz Ermənistandan keçəcəkdi. Bu da ölkəyə milyardlarla dollar mənfəət gətirəcəkdi. Ermənistan hakimiyyəti indi verilən şansdan da istifadə etmək istəmir. Anlamaq istəmir ki, bu dəhlizdən imtina etməklə növbəti ağılsızlığa imza atır. Halbuki, bu dəhlizin açılmasında ilk növbədə elə özü maraqlı olmalıdır. Hindistana İran vasitəsilə avtomobil yolunun açılması isə Ermənistanın nə maliyyəsi, nə də texniki imkanlarına uyğundur. Təcrübə göstərdi ki, Türkiyə və Azərbaycanla sərhədlərin qapalı qalması Ermənistana əsas iqtisadi tərəfdaşı – Rusiyaya təhlükəsiz və sabit çıxış əldə etməyə imkan verməyib. Yeganə quru yol marşrutu Yuxarı Lars vasitəsilə Gürcüstan vasitəsilə çıxışdır ki, bu yol da pis hava şəraiti səbəbindən dəfələrlə bağlı qalır.



Tarix göstərib ki, indiyə qədər ermənilərə beynəlxalq layihələrlə bağlı çox vədlər verilib. Məsələn, götürək elə Fars körfəzi-Qara dəniz beynəlxalq nəqliyyat dəhlizini. Bu dəhliz İrəvan və Tbilisidən keçərək, Tehranın Avropa ilə tranzit imkanlarını artırmalı idi. Lakin layihə olaraq da qaldı. Məsələnin başqa tərəfi də ondadır ki, İran da bu layihələri mümkünsüz sayır. Yəni rəsmi Tehran daha mənfəətli layihələrə üstünlük verir. Məsələn, bu yaxınlarda rəsmi Bakı ilə “Cənubi Araz dəhlizinin aktivləşdirilməsi haqqında” razılığa gəlib. Ermənistanın başqa bir layihəsi - 2014-cü ildə qəbul olunan və İran-Çin-Ermənistan dəmiryol xətti layihəsi də baş tutmadı. Erməni ekspertlər bildirirlər ki, bu bahalı layihə bir yana dursun, hökumət heç Ermənistanla İran arasında üçüncü yüksəkgərginlikli elektrikötürücü xəttinin tikintisi və bu ölkəyə İran qazının tədarükünün artırılması məsələlərini belə, həll edə bilmir. Əsas səbəb yenə də maliyyə çatışmazlığıdır.

Necə deyərlər, görünür, ermənilərin Bombey küçələrində avtomobilləri ilə şütümək arzusu elə arzu olaraq da qalacaq. Bəlkə, haylar, heç olmasa, bu dəfə nağdı qoyub, nisyənin dalınca qaçmayacaqlar...

“Report” İnformasiya Agentliyi


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar