Koronavirusa görə imtahana buraxılmayan abituriyentlərin taleyi necə olacaq?

11 Avqust 2020 14:16    479 Baxış   
Koronavirusa görə imtahana buraxılmayan abituriyentlərin taleyi necə olacaq?
“Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 10-dan etibarən buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılıb. Bu tarixdən sonra keçirilən bütün imtahanlar pandemiya şəraitinin tələblərinə uyğun təşkil olunub. İmtahan özlüyündə kütləvi bir prosesdir, on minlərlə insan iştirak edir. Bizim əsas məqsədimiz hamı üçün tam təhlükəsiz şəraitdə imtahanların keçirilməsi olub. Buna görə də imtahanlar zamanı insanların sağlamlığına hər hansı təhlükənin yaranmaması üçün bir sıra tədbirlər həyata keçirilib”.

Dominant.az xəbər verir ki, bunu “Press Klub”a açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

O bildirib ki, bu tədbirlərdən biri də iştirakçının sağlamlıq haqqında bəyannamə təqdim etməsi və binaya daxil olarkən bədən temperaturunun ölçülməsidir: “Hər imtahandan sonra bədən temperaturunun yüksək olduğu üçün imtahana buraxılmama halı olubsa, bununla bağlı məlumat verilib. Ümumilikdə 40-a yaxın belə hal olub”.



Xanlarzadə əlavə edib ki, indiyə qədər imtahanlarda yüksək temperatur, eləcə də digər üzürlü səbəbdən iştirak edə bilməyənlər üçün DİM-ə tam sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra növbəti imtahan günlərinin birində imtahan vermələri üçün şərait yaradılıb: “Onlar da gəlib imtahan veriblər. Çünki buraxılış (qəbul) imtahanları müəyyən istiqamətlər üzrə keçirilib və ay yarımdan artıq davam edib. Buna görə də həmin şəxslərin də imtahan verməsi üçün imkan yaradılıb. Lakin təbii ki, bu proses yekunlaşmalıdır və zəncirvari şəkildə davam edə bilməz”.

Qəbul imtahanlarına gəldikdə, X.Xanlarzadə qeyd edib ki, imtahanların ikinci mərhələsinin II və III ixtisas qrupları üzrə 13-14 avqust, I və IV ixtisas qrupları üzrə ondan sonrakı həftədə 2 gün ərzində keçirilməsi nəzərdə tutulur:

“Əvvəlki illərdə qəbul imtahanlarının ikinci mərhələsi 2 dəfə keçirilirdi və yuxarıda qeyd olunan təsadüfi hallardan sığortalanmaq olurdu. İndiki halda isə əlavə imtahanların keçirilməsi üçün vaxt yoxdur və imtahanlar yalnız bir dəfə keçirilir. Burada isə on minlərlə insan iştirak edəcək və onlar dərhal öz nəticələrinin elan olunmasını gözləyəcəklər. Əlbəttə, bu prosesi bir neçə nəfərə görə gecikdirmək olmaz. Çünki imtahanlardan sonra materiallar emal edilməli və nəticələr açıqlanmalıdır ki, abituriyentlər ixtisas seçimi etsin və müsabiqə həyata keçirilsin”.


Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, məsələ çox asanlıqla həll oluna bilər: “İyunun 10-dan abituriyentlər buraxılış imtahanları veriblər. Əgər abituriyent yüksək temperaturunun olması səbəbindən imtahanda iştirak edə bilməmişdisə, sonradan ərizə yazıb, təkrar buraxılış imtahanında iştirak edə bilirdi. Amma qəbul imtahanları isə bir dəfə keçirilir və həmin şəxslərin imkanları məhduddur. Hesab edirəm ki, burada maraqli bir vasitə ilə onların imtahanda iştirakını təmin etmək mümkün olardı. İyunun 10-dan DİM keçirdiyi qəbul imtahanlarında hər dəfə kifayət qədər abituriyent iştirak edirdi”.

Ekspert onu da əlavə edib ki, bu il iki gün ərzində keçirilən qəbul imtahanlarında ümumilikdə 19 min nəfər iştirak edəcək: “Yəni bir günə doqquz mindən bir qədər artıq imtahan iştirakçısı düşür. Hər imtahan keçirilən binada bir otaq da əlavə ayırmaq olar ki, temperaturu yüksək olan həmin abituriyentlər ayrıca otaqlarda imtahan verə bilsinlər. Bu, elə bir vəziyyətdir ki, hətta yüksək bal toplamaq imkanı olan abituriyentin bir il ərzində müqəddəratı ilə oynaya bilərik. Təhsil almaq hər kəsin hüququdur, bu hüquq heç bir halda məhdudlaşdırılmamalıdır. Və mütləq şəkildə təhsilin əlçatanlığı təmin edilməlidir. Bunun üçünsə, bu və ya digər səbəbdən imtahandan iştirak edə bilməyən abituriyentlər üçün ayrıca imtahan otağı təşkil etmək olar. Bir il həmin abituriyenti təhsildən uzalaşdırmaq olmaz”.

Ülviyyə Şahin



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar