Kremlin “Bakı dosyesi”: Lavrovun səfəri, mübahisəli məqamlar, ortaq maraqlar - TƏHLİL

28 Fevral 2023 11:57    1555 Baxış   
Kremlin “Bakı dosyesi”: Lavrovun səfəri, mübahisəli məqamlar, ortaq maraqlar -   TƏHLİL

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-də Bakıya gələrək Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdü.

Azərbaycanla Rusiya arasında ötən il fevralın 22-də imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamənin prinsiplərindən irəli gələn tezisləri inkişaf etdirmək, reallıqla həmin sənəd arasındakı ziddiyyətləri aradan qaldırmaq Bakı-Moskva körpüsündə aktuallıq təşkil edir.

Əliyevlə Lavrovun görüşünə dair yayılan rəsmi məlumatlarda da bunu aydın görmək mümkündür.

Azərbaycan imzaladığı sənədin mətnindən yayınmır, lakin Rusiya, xüsusilə 11-ci və 18-ci maddənin formulunu fərqli xəttə çıxarır.

Həmin maddələr bir-birilə bağlıdır, ümumi formada ölkələrin ərazi bütövlüyünə, suverenliyinə təhdid yaradan elementlərin qarşılıqlı maraqlar şəklində zərərsizləşdirilməsi kimi tövsif olunur.

Ancaq Moskva iki amillə Rusiya lideri Vladimir Putinin imzası olan Bəyannamənin ruhunu pozur.

Birincisi, Kreml Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərini imperiya ambisiyalarının çərçivəsində tutmağa çalışır.

İkincisi, Rusiya Qarabağa separatçılığı körükləyəcək, Azərbaycan Konstitusiyasına zidd fəaliyyət göstərən fiqurları göndərərək Bakının maraqlarına toxunur.

Deməli, Azərbaycan tərəfi Lavrova açıq qalan və mübahisə yaradan məsələlərin yoluna qoyulmasında Rusiyanın məsuliyyətini xatırladıb, hərçənd ki, Moskvanın tam şəkildə öhdəliklərə riayət etməsini söyləmək hələ tezdir.

İlk baxışda Lavrovun Bakıya gəlişini Bəyannamənin ildönümü münasibətilə tərtib edilən bayram protokolu kimi başa düşmək olardı, lakin bu səfər xüsusi əhəmiyyət kəsb edən detalları təsvir edir.

Detallar Qərbin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki rolunu artırmasına, Rusiyanı danışıqlar prosesindən sıxışdırmaq istəklərinə qarşı Moskvanın tutumu, Kremlin İrəvanı cəzalandırmaq planı kontekstində açıla bilər.

Ermənistanın Rusiyadan uzaqlaşmağa çalışması, üstəgəl Azərbaycanla münasibətlərdə sülh gündəliyindən yayınması Bakı-Moskva xəttini bir-birinə yaxınlaşdırır. Lakin Qərbin sülh gündəliyini ələ keçirmək cəhdləri və Moskvanı regionda sıxışdırmaq planları Kremli qıcıqlandırır və bu, Moskvaya bəhanələr verir.

Azərbaycan həmin bəhanələr kompleksinin yalnız Ermənistana qarşı hissələrini qəbul edə bilər. Yəni Bakı bəhanələri Moskvanın İrəvana qarşı mövqeyini stimullaşdırmaq üçün istifadə edir.

Bu nöqtədə Azərbaycanla Rusiyanın maraqları bir nöqtədə də cəmləşir – Avropa İttifaqının Ermənistandakı missiyası iki ölkəni birgə tədbirlərə sövq edir.

Bakı Aİ ilə münasibətlərə üstünlük verir, lakin İttifaq Bakının razılığını almadan sərhədə monitorinq qrupu göndərir. Bunun özü Avroatlantik məkanın bölünməzliyi və təhlükəsizliyini önə çıxaran Avropa İttifaqının özünün də maraqlarına ziddir. Çünki Rusiya Ermənistanda xidmət aparan Aİ missiyasının fəaliyyətinin ABŞ tərəfindən yüksək səviyyədə koordinasiya edildiyi qənaətində olduğundan, İrəvanı bu fürsəti yaratdığına görə cəza taxtına qoymağı hədəfləyir.

İstənilən halda, Qərbin Cənubi Qafqaz oxunda aktivləşməsi, Azərbaycan-Ermənistan sülh proqramına müdaxiləsi Moskva üçün məqbul variant deyil.

Azərbaycan sülhün tərəfdarıdır və öz təhlükəsizliyi kontekstində həqiqi barışıq axtarışlarında olan istənilən platformanı dəstəkləyir.

Bakı üçün bu məsələdə “Qərb, yoxsa Rusiya” dilemması yoxdur, lakin Ermənistanın baxışı bir qədər fərqlidir. İrəvan təhlükəsizlik risklərini heçə sayaraq Rusiyadan birdəfəlik imtina etməyə çalışır.

Məntiqlə Moskva prosesləri “Bakı üçün sülh” modelinə yönəltməklə İrəvanı tamamilə özünə tabe etdirməyi qarşıya məqsəd qoyur.

Deməli, Rusiya sülh modelinin parametrlərini Azərbaycan hakimiyyəti ilə razılaşdıra və bunu İrəvana məcburi fəaliyyət planı kimi təqdim edə bilər.

Ermənistana diktələr daha çox sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizinin açılması məsələsində özünü aydın göstərir, lakin Qarabağla əlaqədar strateji baxış fərqli məna yükünə sahibdir.

Rusiya Qarabağdakı erməni əhalini özünün gələcək planlarının gerçəkləşməsindən ötrü əlaltına çevirməyə girişir və ortaya Ruben Vardanyan kimi obrazlar çıxarır. 

Bəlkə də, Vardanyan hansısa bir nöqtədə İrəvan üçün də sövdələşmə predmeti idi, lakin oliqarxın qondarma vəzifəsindən çıxarılmasından sonra məsələ tamamilə fərqli yerə yönəlir. Azərbaycan Vardanyan layihəsinin ilkin mərhələsini boğa bildi və bununla da gələcəyə yönələn kampaniyanın qarşısını almaqda mühüm addım atdı.

NƏTİCƏLƏR:

Lavrovun səfəri Azərbaycanla Rusiya arasındakı əlaqələri gücləndirmək məqsədlərinə xidmət edir. Bu, Moskva üçün vacibdir, ona görə ki, Ermənistan Rusiyaya arxa çevirib və Bakı balanslı siyasətinə sadiq qalıb. Kreml seçim edərkən Bakıya üstünlük verməyə məcburdur.

Kremli buna vadar edən amillərdən biri də Ankaranın maraqlarıdır. Təsadüfi deyil ki, İlham Əliyev Lavrovun səfərindən öncə İstanbula gedərək Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü.

Lavrovun “Bakı portfeli” Azərbaycan-Türkiyə-Rusiya üçbucağının elementlərini daha çox nəzərə çarpdıracaq.

Bakı Qərbin sülh üçün təkliflərini də nəzərdən keçirməyə davam edəcək və uyğun Brüssel formatından qaçmayacaq. (oxu.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar