Rus “sülhməramlılar” erməni terrorçuları gücləndirir: Bakı hərbi müdaxilə mesajı verdi

07 Martt 2023 20:51    3241 Baxış   
Rus “sülhməramlılar” erməni terrorçuları gücləndirir: Bakı hərbi müdaxilə mesajı verdi

Rus sülhməramlılar və erməni separatçı-terrorçular bölgədə yeni savaşı təhlükəsini artırmaqda davam edirlər, hər halda, rus-erməni təxribatları Azərbaycana öz təhlükəsizlik maraqlarını qorumaq üçün başqa çıxış yolu buraxmır... Bu baxımdan, Azərbaycanın Müdafiə Nazirliyinin Ermənistan ordusunun tör-töküntülərinin çıxarılmasını tələb etməsi və əks halda, qətiyyətli addımların atılacağı ilə bağlı son bəyanatı hərbi əməliyyatların rəsmi anonsu kimi də dəyərləndirilə bilər...
Cənubi Qafqazda hərbi gərginlik yeni savaşın başlanma ehtimalına inandırıcı görüntülər verə biləcək qədər yüksəkdir. Xüsusilə də, Azərbaycanın Qarabağ regionunda erməni separatçı-terrorçuların törətdiyi son təxribatlar hərbi əməliyyatların bərpa olunma təhlükəsini maksimum səviyyəyə çatdırıb. Və bu baxımdan, Azərbaycan ordusunun ölkənin təhlükəsizlik maraqlarını təmin etmək üçün hər an hərəkətə keçə biləcəyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, Azərbaycan ekofəallarının aksiyaları Ermənistanın Laçın yolundan hərbi məqsədlərlə istifadə imkanlarını minimuma endirmişdi. Ancaq tezliklə məlum oldu ki, Ermənistan və Qarabağdakı erməni separatçı-terrorçuları öz məkrli niyyətləri üçün alternativ torpaq yollardan istifadə etməyə başlayıb. Nə qədər qəribə də olsa, Rusiya sülhməramlı qüvvələri də bu məsələdə erməni separatçı-terrorçulara dəstək verir.



Əslində, Kreml bölgədə silahlı təxribatların törədilməsində birbaşa maraqlı tərəflərdən biri kimi görünür. Çünki analoji insidentlər Kremlə Rusiya sülhməranlı qüvvələrinin bölgədə əhəmiyyəti barədə danışmaq imkanları yaradır. Yəni, Rusiya Cənubi Qafqazda istinad nöqtəsi tapmaq üçün erməni separatçı-terrorçuların təxribatlarından istifadə etməyə çalışır.

Hətta belə ehtimallar da var ki, erməni separatçı-terrorçuların bütün silahlı təxribatlarının arxasında məhz Rusiya sülhməramlıları dayanır. Rus sülhməramlılar əvvəlcə erməni terrorçulara təxribat törətmək təlimatı verirlər, ardınca da silahlı insidentin qarşısını aldıqlarını iddia edərək, öz “missiya”larının əvəzolunmaz olduğunu qabardırlar. Və bu, o deməkdir ki, Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi qarşısında əsas əngəllərdən biri də elə Rusiyanın bölgədəki maraqlarıdır.

Kremlin “Vardanyan layihəsi” də Rusiyanın sülh prosesini pozmaq planlarının tərkib hissəsiydi. Düzdür, rəsmi Bakının sərt və prinsipial təzyiqləri sayəsində həmin Kremlin “təxribat emissarı” olan kriminal erməni milyarderi proseslərdən kənarlaşdırmaq mümkün oldu. Ancaq Rusiyanın “Vardanyan layihəsi” iflasa uğrasa da, Kremlin “təxribat emissarı”nın fəaliyyətini tamamilə bloklamaq mümkün olduğunu demək çətindir.



Məsələ ondadır ki, son məlumatlara görə, Ruben Vardanyan Azərbaycanın təbii sərvətlərinin talamaq cəhdlərini davam etdirir. Onun bu iqtisadi cinayətlərdə əsas ortağı isə məhz Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Andrey Volkov hesab olunur. Və bu iki cinayətkar Azərbaycanın təbii sərvətlərini mənimsəyib, Ermənistana çıxartmaq üçün Laçın yoluna alternativ torpaq yollardan istifadə edirlər.

Təbii ki, bütün bunları nəzərə aldıqda, rus sülhməramlıların silahlı erməni separatçı-terrorçu dəstələrinə himayədarlıq etmələri o qədər də təəccüblü deyil. Silahlı erməni terrorçuların bölgədə fəal şəkildə səngər qazıb, savaşa hazırlaşması barədə də təkzibolunmaz faktlar mövcuddur. Rus sülhməramlılar isə bu hərbi cinayətkarların tərksilah edilməsi istiqamətində heç bir addım atmırlar. Əksinə, erməni terrorçuların silah-sursatla təmin edilməsində Ermənistanla yanaşı, rus sülhməramlıların da xüsusi rolu olmamış deyil.

Rəsmi Bakının bütün bunlardan ən incə detallarına qədər xəbərdar olduğu da qətiyyən şübhə doğurmur. Üstəlik, Azərbaycanın hərbi-siyasi dairələri son vaxtlar yalnız erməni separatçı-terrorçulara deyil, elə rus sülhməramlılara qarşı da mövqeyini sərtləşdirir. Belə ki, Azərbaycanın Müdafiə Nazirliyi son erməni təxribatına yönəlik açıqlamasında Rusiya sülhməramlı qüvvələrinin komandanlığını yalan məlumatlar yaymaqda suçlayıb.



Digər tərəfdən, rəsmi Bakı Laçın yolunda nəzarət-buraxılış məntəqlərinin qurulması və Azərbaycanın Qarabağ regionundan Ermənistan ordusunun tör-töküntülərinin çıxarılması məsələsində mövqeyini həm qətiləşdirib, həm də sərtləşdirib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan ordusunun qalıqları ölkəmizin Qarabağ regionundan dərhal çıxarılmalıdır. Əks halda, Azərbaycan buna nail olmaq üçün bütün mümkün vasitələrdən istifadə etməli olacaq. Və bu, o deməkdir ki, rəsmi Bakının səbri artıq tükənib, qətiyyətli addımlar atmaq niyyətindədir.

Əslində, Azərbaycanın Qarabağ regionunda sülhün və sabitlyin bərpa olunması üçün Ermənistan ordusunun oradan çıxarılması yeganə doğru yoldur. Artıq nizami ordudan daha çox terrorçu dəstələrə çevrilmiş həmin erməni hərbi birləşmələri tərksilah edilərək, Azərbaycan ərazisindən çıxarılmayana qədər silahlı təxribatlar davam edə bilər. Erməni separatçı-terrorçuların ipinin çəkilməsi baxımından, bu, artıq qaçılmaz addım sayılır.

Belə anlaşılır ki, rus sülhməramlılar və erməni separatçı-terrorçular bölgədə yeni savaşı təhlükəsini artırmaqda davam edirlər. Hər halda, rus-erməni təxribatları Azərbaycana öz təhlükəsizlik maraqlarını qorumaq üçün başqa çıxış yolu buraxmır. Və bu baxımdan, Azərbaycanın Müdafiə Nazirliyinin son bəyanatını hərbi əməliyyatların rəsmi anonsu kimi də dəyərləndirilə bilər. (müsavat.com)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar