“Rusiya üçün siyasi risklər çoxdur"

24 Dekabr 2021 18:16    11497 Baxış   
“Rusiya üçün siyasi risklər çoxdur"

Rusiya prezidenti Vladimir Putin ilsonu mətbuat konfransında suallara cavab verib. O bildirib ki, real sektorun yüksək faizlərdən narahat olmasından xəbərdardır. Bununla yanaşı, faizlərin endirilməsinin riskli olduğunu söyləyib. Putinin fikrincə, faizlər endirilərsə, Rusiya da Türkiyə kimi çətinliklərlə üzləşəcək. O həmçinin qeyd edib ki, ölkədə bu il 8 faiz olacağı proqnozlaşdırılan inflyasiya gələn il 4,5 faiz təşkil edəcək.

Qeyd edək ki, hazırda Rusiyada faiz dərəcəsi 8,5 olmaqla inflyasiya səviyyəsindən yüksəkdir. Amma Türkiyədə inflyasiya 22 faiz olduğu halda faiz dərəcəsi 15-dir. İqtisadi qaydalara görə faiz dərəcəsi inflyasiya səviyyəsindən yüksək olmalıdır.

Putinin mətbuat konfransında ötürmək istədiyi mesajlarla bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, şimal qonşumuza qarşı ciddi sanksiyaların tətbiq edilməsi rubla təsirini göstərə bilər:

“Türkiyə Mərkəzi Bankı faizi endirir, bu da məzənnədə ciddi dalğalanmalara səbəb olur. Rusiyada isə son 4 toplantının 3-də faiz dərəcəsinin pilləli artımının şahidi olduq. Putin işarə edirdi ki, mərkəzi bank faiz dərəcəsini artırmasaydı, rublda çox ciddi dalğalanmalar ola bilərdi. Rus rublunun məzənnəsinə təsir edən əsas amil neft-qaz qiymətləridir. Zənnimcə, neft-qaz qiymətləri kifayət qədər yüksək səviyyədə olduğuna görə, yaxın gələcəkdə rubl hər hansı bir ciddi dalğalarla qarşılaşmayacaq. Sadəcə siyasi risklər çoxdur. Qərb ölkələri ilə Rusiya arasında çox ciddi gərginlik mövcuddur. Sanksiyalar, o cümlədən “swift” sistemdən Rusiyanın çıxarılması ilə bağlı bir qərar olarsa, o zaman rus rublu dəyərdən düşə bilər”.

Xanlar ƏLİBƏY




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar